Makronun yarıtmaz xarici siyasəti

Hit: 651
Makronun yarıtmaz xarici siyasəti

Paris anlamalıdır ki, azərbaycanlı jurnalistin fəaliyyətinin məhdudlaşdırılmasına etdiyi cəhdlər utancvericidir

"Fransa Azərbaycan torpaqları işğal olunandan sonra Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi prosesində "fəaliyyəti"ə keçdi və münaqişənin yalnız dondurulmasına, hətta Ermənistanın xeyrinə həll etmək üçün əlindən gələni etməyə çalışdı. 30 ildən sonra Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandı və bir günlük lokal xarakterli antiterror tədbirləri həyata keçirməsi ilə ərazi bötüvlüyünü, suverenliyini tam bərpa etdi. Bununla da bu məsələni tamamilə həll etdi. Yəni münaqişə, müharibə səhifəsi qapadıldı və yeni siyasi mənzərə formalaşmağa başladı". 
 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. O bildirib ki, qələbəmizə dostlar sevinsə də, Fransa, onun kimi bəzi ölkələr və dairələr çox narahat olmağa başlayıblar. Bu məsələlərdə isə liderliyi Fransa qoruyub saxlayır. 
 
Deputatın sözlərinə görə, bu dövlət Ermənistanın "böyük bacısı" kimi, əsasən də Makron hakimiyyətində bütün əndazələri aşıb, həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm də Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirərək parlament palatalarında absurd qərarlar qəbul etməklə Ermənistana silahların verilməsi, onun yanında olması və sülh danışıqlarını hər vəchlə pozması ilə bir daha şərin yanında olduğunu göstərib. İndiki halda Fransa iki ölkə arasındakı münasibətlərin tənzimlənməsinə yalnız maneçilik törədir və regiona bir aktor kimi daxil olmağa çalışır. Lakin Azərbaycan Prezidentinin qətiyyəti, uğurlu siyasəti, xalqın birliyi, dövlətin gücü, bütün bu həmlələri dəf edir. Hazırda Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri, dünyanın nüfuzlu siyasi liderlərindən biri kimi Fransanın neokolonist, indiyə kimi Afrikada, Latın Amerikasında, Asiyada yeritdiyi millitarist və soyqırımı siyasətini onun üzünə açıq-aydın söyləməklə dünya birliyini buna qarşı müqavimət göstərməyə səsləməsi ölkəmizin qüdrətinin bariz nümunəsidir. 
 
V.İsgəndərov deyib ki, Fransa Ermənistanı silahlandırmaqla sülh müqaviləsinin imzalanmasına mane olur: "Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşının Yeni Kaledoniyada fəaliyyət göstərməsinə maneçilik yaratması, onun izlənməsi və deportasiya edilməsi Fransanın necə ölkə olduğunu göstərir. Fransa Azərbaycan və Ermənistan arasında olan sülh gündəliyinə mane olduğunu, Azərbaycanın gücünün artmasına qısqanclıqla yanaşdığını və bu fonda azad sözə, siyasi plüralizmə açıq olmadığını ortaya qoyur. Prezident Makronun yarıtmaz xarici siyasəti, Fransanın özünə böyük ziyan vurmaqda, beynəlxalq imicinə zərər gətirməkdədir. Paris anlamalıdır ki, Azərbaycan mediasının əməkdaşının fəaliyyətinin məhdudlaşdırılmasına etdiyi cəhdlər onun özünə, imicinə böyük zərbədir. Azərbaycan doğru bildiyi yolla irəliləyərək, öz milli maraqlarını əsas tutaraq yeritdiyi düzgün siyasətlə qarşısına qoyduğu bütün məqsədlərə uğurla çatacaq".
 








Redaktorun seçimi