ABŞ kimi bir dövlətin parlamenti özlərini ifşa edən bəyanatlar qəbul edir

Hit: 619
ABŞ kimi bir dövlətin parlamenti özlərini ifşa edən bəyanatlar qəbul edir
“ABŞ dünyada “sülhün carçısı”, “demokratiyanın beşiyi” kimi qulağa xoş gələn dəbdəbəli “status”unun əksinə fəaliyyət göstərir. Qarabağ probleminin həll olunması, Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra, bunacan isə 30 ilə yaxın işğal dövründə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-nin hansı mövqedə olması məlumdur”.
 
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
 
Deputat bildirib ki, Amerika dünyanın gözünə baxa-baxa ağa qara deməklə məşğuldur: “ABŞ rəhbərinin “erməni soyqırımı” ifadəsini işlətməsi, ətrafına ermənilərdən ibarət məmurları yığması, bu ölkənin parlamentində erməni maliyyəsi ilə qidalanan deputatların hazırda meydanda olması böyük bir dövləti çox çətin duruma salıb. Çünki ABŞ belə fikirlər söyləməklə, bəyanatlar verməklə özünün bütün dəyərlərindən imtina etmiş olur. Sadə hüquqşünas da bilir ki, Azərbaycan beynəlxalq hüququn prinsipləri çərçivəsində ədaləti bərpa və 30 ilə yaxın işğalda qalan torpaqlarını azad edib. Həm 44 günlük Vətən müharibəsini, həm də birgünlük lokal xarakterli antiterror tədbirlərini öz ərazisində həyata keçirib. Bütün bunlara baxmayaraq, ABŞ kimi bir dövlətin parlamenti belə ədalətsiz və özlərini ifşa edən bəyanatlar, sənədlər qəbul edir”.
 
V.İsgəndərov xatırladıb ki, Azərbaycan parlamentində də ABŞ-nin “Ermənistana dəstək aktı” ilə bağlı bəyanat qəbul edilib: “İşçi komissiya yaradıldı və parlamentin mövqeyi elan edildi. ABŞ-nin bu fondakı fəaliyyəti, onların hansı təsirdə olması və nəyə görə belə fəaliyyət göstərmələri açıq-aydın dünyaya bəyan edildi. Azərbaycan ABŞ ilə olan münasibətlərində həmişə rasional siyasət həyata keçirib. Azərbaycanın xarici siyasətində ABŞ aparıcı və fəal dövlətlərdən biri olub. Həm ABŞ-nin yaratdığı koalisiya vaxtında, həm də ondan sonrakı proseslərdə Azərbaycan beynəlxalq humanitar dəyərlərə sadiq qalaraq, bütün siyasi proseslərdə real mövqeyi olan bir dövlət olub və Vaşinqton zaman-zaman bunu səsləndirsə də, hazırkı dövrdə erməni lobbisinin təsiri altında olan siyasətçilərin girovuna çevrilib”.
 
Deputat qeyd edib ki, ABŞ ona lazım olmayan, heç bir dividend gətirməyən, hətta siyasi anlamda nüfuzuna xələl gətirən belə bəyanatlar verməklə özünü yalnız çətin vəziyyətə salmış olur. “Azərbaycan qələbəsi ilə yalnız beynəlxalq hüququn prinsiplərini bərpa edib və öz ərazisində yaşayan, orada doğulan erməniləri də Qarabağdan getməyə deyil, əksinə, qalmağa təşviq edərək bunun üçün reinteqrasiya proqramı elan edib. Ermənilər öz xoşları ilə çıxıb gediblərsə, onlar beynəlxalq hüquqla qaçqın və ya məcburi köçkün hesab olunmurlar. ABŞ-nin bütün bunlardan sonra ədalətsiz aktlar qəbul etməsi yolverilməzdir”, – deyə o əlavə edib.








Redaktorun seçimi