Xalqa xidmət edən partiya

Hit: 677
Xalqa xidmət edən partiya

Ümummilli Liderin ənənəsini yaşadan YAP müstəqil dövlətimizin və vətəndaşlarımızın rifahı üçün çalışan və daima xalqın yanında olan bir partiyaya çevrilmişdir.

Bu gün ölkəmizin dayanaqlı inkişafının və siyasi sabitliyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 31 ili tamam olur. Ulu Öndər 1992-ci ilin noyabrın 21-də toplaşmış konfransda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı qərar qəbul etmiş və partiyanın Proqramı, Nizamnaməsi qəbul edilmişdir. Konfransda Ümummilli Lider yekdilliklə partiyanın Sədri seçilmiş və beləliklə, Azərbaycan üçün son dərəcə ağır və çətin bir dövrdə Yeni Azərbaycan Partiyası fəaliyyətə başlamışdır.
 
Dünya tarixinə diqqət yetirsək, görərik ki, ilk dövlətlərin təşəkkül tapmasında idarəetmə mexanizmi əsas amillərdən biri olmuşdu. Qədim Yunanıstanda, eləcə də Romada mövcud olmuş aristokratik qruplar, siyasi klublar məhz ilk dövlətlərin meydana gəlmə vaxtına təsadüf edir. Lakin buna baxmayaraq siyasi partiyaların yaranma tarixi bir o qədər də qədim deyil və ilk dövlətlərin yaranmasından çox-çox sonralara təsadüf edir. Belə ki, İtaliya intibahı dövründə qədim dövlətləri idarə edən və ciddi inkişaf modelləri irəli sürən qrupları məhz ilk “partiyalar” olaraq adlandırırıq. Orta əsrlərdə fəaliyyət göstərən siyasi klublar əsas etibarilə dini və ya bir-biri ilə rəqabət aparan kral ailələrinə mənsub qruplaşmalar tərəfindən aparılırdı. Müasir dövrdə siyasi partiyaların yaranması, ümumiyyətlə, seçki hüququnun demokratikləşməsi prosesləri ilə əlaqədar təqdim olunur. Lakin partiyalar ölkədəki mövcud idarəedici rejimdən asılı olaraq daim mübahisəlidir.
 
Ümumilikdə, siyasi partiyalar XIX əsrin 30-cu illərində Amerika Birləşmiş Ştatlarında təşəkkül tapmağa başlamış və sonralar XIX əsrin ortalarından başlayaraq daha da populyarlaşmışdır. Bu dövrə qədər artıq müxtəlif populyar klublar, ümumi fikir birlikləri, parlament qrupları mövcud olsa da, ABŞ-dan başqa dünyanın heç bir ölkəsində sözün müasir mənasında siyasi partiyalar mövcud deyildi.
 
Amerikada ilk siyasi idarəetmə “maşınların” meydana gəlməsindən sonra 1860-cı illərdə Britaniyada Parlamentdən kənar partiyalar qurulurdu. Fransada müxtəlif monarxiyalar altında repressiyaya məruz qalmış siyasi təşkilatlar 1880-ci ildən sonra qanuniləşməyə başlamışdır. Artıq XIX əsrin sonları, XX əsrin əvvəllərində ölkələri idarə edən siyasi həyatın mərkəzində partiyalar dayanırdı.
 
Azərbaycanda siyasi partiyaların yaranma tarixi də XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Azərbaycanın da daxil olduğu Rusiya imperiyasının Dövlət Dumasına seçkilər təyin olunur və siyasi partiyaların yaranmasına zəmin yaradırdı. Sonrakı dövrlərdə Azərbaycanda Xalq C?mhuriyyətinin qurulması ilə Azərbaycan Parlamentinin fəaliyyətə başlaması siyasi partiyaların fəaliyyətini daha da genişləndirdi. Ölkəmizdə Sovetlər birliyinin qurulması ilə 1920-1991-ci illərdə əsas idarə edən yeganə partiya Kommunist Partiyası olmuşdur. Lakin eyni zamanda qeyd etmək yerinə düşər ki, sovetlər dönəmində, xüsusən, 1960-cı illərdən sonra ölkədə bir sıra qeyri-qanuni gizlin fəaliyyət göstərmiş partiyalar da olmuşdur.
 
1988-ci ildən başlayaraq nəinki Azərbaycanda, eləcə də bütün sovetlər birliyində cərəyan edən hadisələr və mövcud olan ictimai-siyasi şərait Sovet İttifaqının dağılması və Kommunist Partiyasının süqutu ilə nəticələndi. Digər sovet respublikaları kimi Azərbaycan da öz müstəqilliyini elan etdikdən sonra ölkədə müxtəlif siyasi partiyalar və qurumlar təşəkkül tapmağa başladı. 1990-cı illərin əvvələrinə qədər davam edən proses xalq hərəkatı dövründə daha geniş vüsət almağa başlamışdır.
 
Eyni zamanda qeyd edilməlidir ki, həmin dövrdə ölkədə yaranan müxtəlif siyasi partiyalar gənc respublikanı düşdüyü ağır iqtisadi, siyasi və mənəvi böhrandan çıxarmaq əvəzinə ölkəni daha da çətin vəziyyətə sürükləyir və ölkənin müstəqilliyi təhlükə altına alınırdı. Bu proses xalqın ziyalı kütləsini və tanınmış insanlarını daha çox narahat edir və onlar dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmiş ölkənin bu vəziyyətdən çıxarılmasına çalışırdılar. Məhz bu dönəmdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə xalqı ağır siyasi durumdan çıxartmaq və ölkəni böhrandan qurtarmaq üçün həmin dövrdə blokadada olan Naxçıvanda fəaliyyət göstərən və Naxçıvan Ali Məclisinin Sədri olan Ümummilli Lider Heydər Əliyevə müraciət edilmişdir. 91 nəfər ziyalının imzası ilə göndərilən müraciət sonradan tarixə “91-lər” kimi düşəcəkdir. Xalqın təkidi ilə Ulu Öndər 1992-ci ilin noyabrın 21-də toplaşmış konfransda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı qərar qəbul etmiş və partiyanın Proqramı, Nizamnaməsi qəbul edilmişdir. Konfransda Ümummilli Lider yekdilliklə partiyanın Sədri seçilmiş və beləliklə, Azərbaycan üçün son dərəcə ağır və çətin bir dövrdə Yeni Azərbaycan Partiyası fəaliyyətə başlamışdır.
 
Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün ən ağır və şərəfli olan bir dövründə Ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilməsi bu dövrdə gənc respublika üçün atılmış olan ən vacib və zəruri addımlardan biri idi. Eyni zamanda qeyd etmək lazımdır ki, 1991-ci ildə müstəqilliyini yenicə qazanmış Azərbaycan Respublikası dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Digər tərəfdən isə Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərinin işğal olunması ilə bir milyona yaxın qaçqın və köçkün vətəndaşları olan gənc respublikanın yenidən dirçəlməsi və müstəqilliyinin itirilməməsi yalnız və yalnız xalqın böyük etimad göstərdiyi və inandığı vətənpərvər oğlu Heydər Əliyevin köməkliyi ilə mümkün ola bilərdi. Belə bir şəraitdə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi xilaskar kimi görmüş və Onu ölkəyə rəhbərlik etməyə dəvət etmişdir. Ölkəni böhrandan çıxarmaq üçün qəti addımlar atan Ulu Öndər ölkənin gələcəyi naminə bütün sahələrdə inkişaf və tərəqqini əsas hədəf kimi müəyyənləşdirmişdir. Bu illər ərzində özündə tam olaraq Ümummilli Liderin ənənəsini yaşadan Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin və vətəndaşlarımızın rifahı üçün çalışan və daima xalqın yanında olan bir partiyaya çevrilmişdir!
 
Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlaması həmin dövrdə Azərbaycan cəmiyyəti üçün böyük siyasi və tarixi hadisə idi. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkədəki siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Böyük idarəetmə təcrübəsinə malik olan Ümummilli Lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amil olmuşdur. Eyni zamanda Ulu Öndər sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərdən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasının və Azərbaycançılıq ideologiyasının formalaşmasının əsasını qoymuşdur. Azərbaycançılıq ideologiyasının formalaşması ölkənin müstəqilliyini qoruyub saxlamaq və cəmiyyətdə demokratik prinsiplərin bərqərar olmasından ibarət olmuşdur. Partiyanın yaradılması ilə bağlı Ulu Öndər tərəfindən verilmiş qərar xalqın və ölkənin düşdüyü böhrandan çıxarılacağına tək ümid idi və xalq buna inanır, öz liderinə dəstək vermək üçün əlindən gələni edirdi. Həmin dövrdə Ümummilli Lider deyirdi: “YAP-a belə böyük maraq göstəriləcəyini əvvəlcədən təsəvvürümə gətirmirdim. Görünür, partiyanın Nizamnamə və Proqramı xalqın ürəyindəndir və xalq YAP-da öz gələcəyini görür”.
 
Xalq öz qəhrəmanını tanıyıb və ona üz tutmuşdu. Heydər Əliyevin siyasi təcrübəsi, səxsi nüfuzu və dövlətçilik yolundakı fəaliyyəti yenicə müstəqilliyini elan etmiş gənc respublika üçün yeganə çıxış yolu idi. Prezident Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası o vaxtkı iqtidara müxalif partiya kimi yaranmamışdı. Bu həqiqət məlumdur. Partiyanın nə proqramında, nə qarşıya qoyduğu məsələlərdə hakimiyyətə, o vaxtkı iqtidara müxalif fikirləri olmamışdır. Bu partiyanı yaradan adamlar müxalifət olmaq yox, sadəcə Azərbaycandakı çoxpartiyalılıq şəraitində respublikamızın ictimai-siyasi həyatında partiya tərkibində iştirak etmək istəyirdilər”.
 
Hələ sovet Azərbaycanında milyonlarla insanın sevimlisinə çevrilmiş Ulu Öndər gənc ikən öz xalqının taleyüklü məsələlərində yaxından iştirak etmiş, yüksək vəzifələrə layiq görülmüş və çiyinlərində öz ölkəsinin böyük yükünü daşımışdır. Elə bu səbəbdəndir ki, Ümummilli Liderin keçdiyi böyük və mənalı, eləcə də olduqca şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi sovet respublikaları arasında geridə qalmış Azərbaycanı qısa bir zamanda böyük bir sıçrayışla inkişaf yoluna gətirmişdir.
 
Sonrakı illərdə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün aktuallıq kəsb edən siyasi məktəb kimi özünü təsdiq etmiş və ölkəmizin dünyada sülhün, ədalətin, insan hüquq və azadlıqlarının təmin olunan dünyəvi dövlət kimi, eləcə də dünyada gedən proseslərin və bəşəriyyəti narahat edən problemlərin həlli üçün çalışan bir dövlət olduğunu göstərmişdir. Ölkəmizin müstəqillik tarixində 1995-ci il noyabrın 12-də ilk dəfə keçirilən parlament seçkilərində YAP-ın qələbə qazanması xalqımızın partiyaya böyük etimadının göstəricisi olmuşdur. 1999-ci ilin 20-21 dekabr tarixlərində YAP-ın I qurultayı baş tutmuş, partiyanın Proqram və Nizamnaməsinə dəyişikliklər təsdiq olunmuş və cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədr müavini seçilmişdir. YAP-ın 21 noyabr 2001-ci ildə baş tutmuş II qurultayında isə partiya Sədrinin birinci müavini seçilmişdir.
 
Ulu Öndər 1991-1993-cü illərdə Naxçıvanda, 1993-?ü ildən ömrünün sonuna - 2003-cü ilə qədər Bakıda bütün əməyini sərf edərək düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və vətəndaşlarının rifahı uğrunda gecə-gündüz çalışmış və ölkəmizin müstəqilliyini əbədi etmişdir. Ölkənin gələcək inkişafının bütün strateji hədəflərini müəyyən edərək Azərbaycanın sonrakı illərində də inkişaf edərək möhkəmlənməsinin təməlini qoymuşdur. Ən əsası isə öz xalqının gələcəyini düşünərək “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - deyərək dövlətin idarə edilməsini öz layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev olduğunu bildirmişdir.
 
Cənab Prezident İlham Əliyev 26 mart 2005-ci ildə keçirilən Yeni Azərbaycan Partiyasının III qurultayında partiyanın Sədri seçilmişdir. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə Azərbaycanda keçirilmiş prezident seçkilərində YAP-ın namizədi kimi qələbə qazanması xalqın bir daha öz liderinə göstərdiyi inam və sevgisindən irəli gəlirdi.  Prezident İlham Əliyevin 2018-ci ildəki prezident seçkilərindən sonra başladılmış islahatlar siyasətinin davamı kimi qiymətləndirilməlidir. Bunun davamı olaraq 2020-ci il parlament seçkiləri, xüsusən də, 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların aparılması üçün zəmin yaratmış və yeni reallıqlar hakim partiyada da islahatların aparılmasın? və yeni prioritetlərin müəyyən olunmasını zəruri etmişdir.
 
Bu siyasətin davamı olaraq 5 mart 2021-ci il Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisələrdən biri kimi müasir Azərbaycanımızın tarixinə düşmüşdür. YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar, həmçinin öartiyamızın gələcək fəaliyyətində yeni iz açmış və keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb olacaq yeni Nizamnamənin qəbul edilməsi mühüm tarixi hadisəyə çevrilmişdir. YAP-ın yeni təsdiq edilmiş Nizamnaməsinə əsasən partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir.
 
 
Bu gün ölkəmizin dayanaqlı inkişafının və siyasi sabitliyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili tamam olur. Bundan sonrakı fəaliyyəti dövründə də ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə, eləcə də effektiv nəticələrin əldə olunmasına xidmət edəcək YAP ümummilli lider Heydər Əliyevin irsinin təbliği və təşviqi, dövlətin davamlı iqtisadi inkişafı, insan kapitalının və vətəndaş cəmiyyətinin inkişafı, mədəni irsin qorunması, milli maraqlar və xarici siyasət əsas kurs olaraq götürərək Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edəcəkdir.
 
 
ADNSU rektoru Vazeh Əskərov
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, 
 

 









Redaktorun seçimi