Prezident İlham Əliyevin Xankəndidən xalqa verdiyi müjdəyə aparan yol

Hit: 499
Prezident İlham Əliyevin Xankəndidən xalqa verdiyi müjdəyə aparan yol
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Qarabağda antiterror tədbirlərindən sonra azad olunmuş bir sıra yaşayış məskənlərində, o cümlədən Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycanın Dövlət Bayrağını qaldırdı və bu münasibətlə xalqı təbrik etdi. Bu hadisə bütün azərbaycanlılar kimi məni də çox sevindirdi və qürurlandırdı, çünki Azərbaycan Respublikasının bütün ərazisində dövlət atributumuz olan üçrəngli bayrağımız dalğalandı, ali təhsil aldığım və gəncliyimin ən gözəl günlərinin xatirələrini qoyub gəldiyim Xankəndi azad olundu, I Qarabağ müharibəsində şəhid olmuş qardaşımın qisası qiyamətə qalmadı. Bu möhtəşəm və əbədiyaşar hadisəni bizə yaşadan əsrimizin böyük sərkərdəsi, Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri pedaqogika üzrə elmlər doktoru, professor Piralı Əliyev söyləyib. O bildirib ki, Xankəndi şəhərini işğaldan azad etmək, erməni separatizminə son qoymaq çox çətin və mürəkkəb bir problemə çevrilmişdi. Prezident bu işi reallaşdırmaq üçün ağır yollardan keçdi. Xankəndidə xalqa müraciətində və Füzuli rayonunda məskunlaşan əhali ilə görüşündə bu məsələyə aydınlıq gətirdi. Siyasi və tarixi faktlarla zəngin olan, xalq tərəfindən rəğbətlə qarşılanan bu möhtəşəm çıxış Qarabağla bağlı həyata keçirilən siyasətin əsası hesab oluna bilər. Prezident bugünkü nəticəyönlü işə gəlib çıxmasının səbəbini, ilk növbədə, xalqın 2003-cü ildə ona etimad göstərməsində, fəaliyyəti zamanı həmişə xalqın onu dəstəkləməsində gördü. Prezident kimi fəaliyyətə başlayarkən “Qurani-Kərim”ə və Konstitusiyaya əl basaraq Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz verdiyini və bu sahə ilə hər gün məşğul olduğunu bildirdi. Problemin daim beynəlxalq müstəvidə saxlanılmasına calışdığını bildirdi. Həmin vaxtdan etibarən Prezident İlham Əliyev ölkədə və beynəlxalq səviyyədə verdiyi bütün vədləri şərəflə və ləyaqətlə yerinə yetirib.
 
Qələbəyə gedən yolun islahatlardan və ölkənin gücləndirilməsindən keçdiyini vurğulayan alim deyib ki, 2003-cü ildən sonra Azərbaycan iqtisadiyyatının inkişafı dayanıqlı oldu, ümummilli daxili məhsulun yüksəlməsinə nail olundu. Ölkədə işsizliyin səviyyəsi aşağı düşdü və yeni-yeni iş yerləri açıldı, əhalinin yaşam tərzi yüksəldildi. Güclü iqtisadiyyat Azərbaycan Respublikası Silahlı Qüvvələrinin modernləşdirilməsinə stimul yaratdı. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən tam modernləşdirildi və inkişaf etmiş ölkələrin ordusu ilə yarışa biləcək səviyyəyə gətirildi. Silahlı Qüvvələrimiz maddi-texniki, fiziki və psixoloji cəhətdən gücləndirildi, əsgər və zabitlərə yeni modern texnika ilə işləmək bacarığı aşılandı, Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri ilə inteqrasiya istiqamətində işlər aparıldı, qarşılıqlı təlimlər təşkil olundu. Ən son silahlarla təchiz olunmuş ordunun hərbi-taktiki bacarıqları təkmilləşdirildi, fiziki və psixoloji hazırlıqları yüksəldildi. Məqsədyönlü, sistemli və ardıcıl aparılan işlərin nəticəsi özünü 2020-ci il 44 günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr 23 saat davam edən antiterror tədbirlərində göstərdi. Gənc, cəsur və vətənpərvər oğlanlarımız döyüşlərdə şücaət göstərərək canları və qanları hesabına Azərbaycan torpaqlarını Ermənistanın işğalçı qüvvələrindən azad etdi. Prezidentin dediyi kimi, şəhid və qazilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Onlar ölməzliyə, əbədiliyə qovuşdular, çünki çar Rusiyası və ermənilər tərəfindən hazırlanmış Azərbaycan torpaqlarının işğalı layihəsi məhv edildi.
 
O qeyd edib ki, ermənilər Qarabağda azərbaycanlılara qarşı çox böyük faciələr törətdilər, əhalini ata–baba yurdlarından qovdular, Xocalı soyqırımını törətdilər, bir milyon azərbaycanlı yurdunda köçkün həyatı yaşadı, onların evlərini ermənilər talan etdilər. Xaricdə yaşayan erməni daşnakları, millətçiləri, terrorçuları Qarabağa gələrək burada məskunlaşdılar, azərbaycanlılara qarşı yerli ermənilərlə birgə fəaliyyət planı hazırladılar. Keçilməsi mümkün olmayan səngərlər, istehkamlar yaratdılar, ərazini minaladılar, yaşayış məskənlərimizə raket atdılar: uşaq və gəncləri, qadın və kişiləri məhv etdilər, axırda isə “yeni müharibə, yeni ərazi” işğalı ilə bizi hədələdilər. Xarici havadarlarının köməyilə Azərbaycanın torpaqlarını sonsuza qədər işğalda saxlamaq istədilər. Minsk qrupunun 3 daimi üzvü olan ölkələrin (Rusiya Federasiyası, ABŞ, Fransa Respublikası) nümayəndələrinin apardıqları danışıqlar nəticə vermədi. Ermənilər bu danışıqlarda konstruktivlik göstərmir, torpaqlarımızın geri qaytarılmasına imkan vermirdilər. Hətta Xocalı canisi Robert Koçaryan və Serj Sarkisyan Dağlıq Qarabağın heç zaman Azərbaycanın tərkibində olmayacağını ən yüksək kürsüdən - BMT-nin tribunasından bəyan edirdilər. Başqa ölkələr üçün BMT-nin qərarı üç günə həll edildiyi halda Azərbaycan torpaqlarının işğaldan azad olunması haqqında verdiyi dörd qətnamə 30 ildə yerinə yetirilməmiş qaldı. Bu işi böyük sərkərdə, dahi siyasətçi Prezident İlham Əliyev öz üzərinə götürdü və 44 günlük müharibə ilə həll etdi.
 
“Hərb meydanında əldə etdiyimiz Qələbədən keçən bu üç il ərzində Prezidentin rəhbərliyi ilə Qarabağa Böyük Qayıdış proqramının icrasına başlandı. Heç bir ölkədən maddi yardım almadan tikinti və abadlıq işləri aparılır. Geniş əraziyə və çətin relyefə malik bu ərazilərdə ilkin olaraq minatəmizləmə işlərinə start verildi. Yollar çəkilir, yaşayış binaları inşa olunur, dünyanı heyrətə gətirən quruculuq işləri son texnologiyalar əsasında həyata keçirilir. Dağıdılmış, viran qoyulmuş Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Laçında, Kəlbəcərdə və işğaldan azad olunmuş kəndlərdə yeni, müasir yaşayış binaları, səhiyyə, təhsil, sənaye və kənd təsərrüfatı müəssisələri inşa olunur, Prezidentin səyi nəticəsində Qarabağ cənnətə dönür. Bunun nümunəsini biz Füzuli rayonuna köçmüş insanların yaşam tərzində və ona verdikləri qiymətdə gördük”, - deyə alim əlavə edib.
 
“Hesab edirəm ki, böyük sərkərdə, müdrik rəhbər İlham Əliyevin bizə fərəh, sevinc, başucalığı gətirən Böyük Qələbəsi onun adını Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazdı. Əsrlər dəyişəcək, nəsillər bir-birini əvəz edəcək, lakin bir şey dəyişməyəcək, olduğu kimi qalacaq: Qalib xalqın Qalib Sərkərdəsi İlham Əliyevin Azərbaycan Respublikasının ərazisini işğaldan azad etməsi!”,- deyə professor Piralı Əliyev fikrini yekunlaşdırıb.








Redaktorun seçimi