Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini dünyaya daşıyır - RƏY

Hit: 406
Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini dünyaya daşıyır - RƏY
Azərbaycan dünyada sabit ölkə olaraq tanınır. Ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev ölkəmizi vətəndaş müharibəsindən xilas edərək bütün təhdidlərə rəğmən, Azərbaycanın müstəqilliyini qorudu, milli birliyi möhkəmləndirməklə xalqımızın sərvətinə çevrilən sabitliyə, əmin-amanlığa nail oldu. Böyük strateq bununla yanaşı, respublikada əlverişli, cəlbedici investisiya mühiti yaratdı və xarici sərmayədarların diqqətini Azərbaycana yönəldə bildi.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov səsləndirib.
 
Deputat bildirib ki, Ulu Öndər o zaman reallaşması xəyal olan “Əsrin müqaviləsi”nin imzalanması prosesində də heyrətamiz siyasi gedişləri ilə bir daha müdrikliyini nümayiş etdirdi, ölkənin gələcək iqtisadi yüksəlişinin təməl prinsiplərini yaratdı. Xalqımızın əziz övladı Heydər Əliyev həmin müqavilənin XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqilliyimizin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradacağının anonsunu verməklə uzaqgörənliyini bir daha təsdiqlədi və respublikamızın inkişaf konsepsiyasını yaradaraq ümumxalq sevgisi qazandı.
 
Əsrə bərabər 20 illik fəaliyyəti dövründə Ümummilli Liderin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev ölkə iqtisadiyyatının dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, Azərbaycanı irimiqyaslı qlobal layihələrin mərkəzi, Cənubi Qafqazın lider dövləti kimi tanıtdı. Ölkəmizin iqtisadi qüdrətini gündən-günə artıran dövlətimizin başçısı uğurlu fəaliyyəti ilə Azərbaycanı ən etibarlı, güvənli tərəfdaş kimi beynəlxalq iqtisadi layihələrin vacib elementinə çevirdi. Prezident İlham Əliyevin müstəqil siyasi, iqtisadi qərarları və ən əsası, şəffaflıq amili respublikamıza rəğbəti artıraraq yeni əməkdaşlıq platformalarının yaranması ilə nəticələndi. Bununla da Azərbaycan enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda faydalı əməkdaşlıqla Avropanın enerji siyasətini müəyyənləşdirən nüfuzlu ölkə imicini qazandı. Bu fəaliyyətin fonunda Azərbaycan təkcə Avropa üçün deyil, digər qitələrdəki ölkələr üçün də son dərəcə cəlbedici məkan rolunu oynadı.
 
“Bir neçə gün əvvəl 230 MVt gücündə nəhəng Qaradağ Günəş Elektrik Stansiyasının açılışı və Prezident İlham Əliyevin tədbirdə iştirakı qeyd olunanların tam sübutudur.
 
 
Xatırladım ki, “Masdar” şirkətinin investorluğu ilə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi 2022-ci il martın 15-də qoyulub və bu stansiya Xəzər regionunda, eləcə də MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Xarici investisiya cəlb olunmaqla reallaşdırılan belə bir sənaye mərkəzi hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək ki, bu da 110 milyon kubmetr həcmində təbii qaza qənaətə imkan verəcək.
 
Açılış mərasimində çıxış edən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Prezident Birləşmiş Ərəb Əmirlikləri hökumətinə, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfəyə və yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar” şirkətinə, onun rəhbərliyinə təşəkkür etməklə bunu tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsi hesab etdi.
 
Ölkəmizin başçısı bir da bəyan etdi ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək və daha çox layihələr reallaşacaq ki, Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi sadəcə, bu prosesin başlanğıcıdır”, - deyə deputat vurğulayıb.
 
Rəşad Mahmudov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, iqtisadi qüdrətini artıran Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini dünyaya daşıyır. Görülən bütün bu işlər inkarolunmaz reallıq kimi beynəlxalq reytinq agentlikləri tərəfindən də birmənalı şəkildə qəbul edilir ki, bu da ölkəmizin beynəlxalq arenada müsbət imicinin formalaşmasına ciddi təsir göstərir.
 
Azərbaycan götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirən ölkə kimi bu gün Cənubi Qafqazda söz sahibi, bölgənin iqtisadi inkişaf mərkəzidir. Şübhəsiz ki, bu mərkəzin yaradıcısı Prezident İlham Əliyevdir.








Redaktorun seçimi