Naxçıvan Hərbi Prokurorluğunda “Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı” adlı tədbir keçirilib

Hit: 659
Naxçıvan Hərbi Prokurorluğunda “Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı” adlı tədbir keçirilib
Oktyabrın 24-də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Hərbi Prokurorluğunda “Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı” adlı elmi-praktik konfrans keçirilib.
 
Hərbi Prokurorluqdan Faktor.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
 
Tədbirdə çıxış edən Naxçıvanın hərbi prokuroru Aqil Axundov bildirib ki, 20 il bundan əvvəl, 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib və bununla da ölkəmizin inkişafında yeni mərhələ başlanıb.
 
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun uğurla davam etdirilib. Xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, hər ili tərəqqi ili olan son 20 ildə Azərbaycan Respublikası uğurlu yol keçib, o cümlədən bütün ərazisində suverenliyini tam bərpa edib.
 
Qazanılan uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolu qeyd edilib.
 
Habelə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və müdrik sərkərdəliyi, xalqımızın dəmir iradəsi, hərbçilərimizin qəhrəmanlığı qüdrətli Azərbaycanın ərazi bütövlüyünün bərpasını şərtləndirib və bu böyük tarixi hadisə Ulu Öndərin 100 illiyinə, "Heydər Əliyev İli"nə möhtəşəm töhfə olub.
 
Mövzu ilə bağlı digər məruzəçilər də çıxışlar ediblər.








Redaktorun seçimi