“Prezident Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla işğalçılıq zehniyyətini məhv etdi” - RƏY
“Prezident İlham Əliyevin qətiyyəti və siyasi liderliyi dünya tarixinə yeni yön verdi. Elm və kommunikasiyanın, imperializm və müstəmləkəçiliyin artdığı hazırkı dünya nizamında işğalı sonlandırmaq, separatçılığı və terroru bitirmək, ərazi bütövlüyünü bərpa etmək əsrlər sonra da xatırlanacaq misilsiz hadisələrdəndir. Dünya dəyişdikcə və inkişaf etdikcə siyasi mərkəzlər ədalətsizliyi, bərabərsizliyi trendə çevirməyə çalışır, üstəlik, qlobal pandemiyanın iqtisadi, siyasi və psixoloji təsirləri geopolitik manevr imkanlarını daraldır, siyasi mübarizəni, hərbi gücü çətinləşdirir. Bu mürəkkəb və həssas dövrdə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması uzun illər davam edən Qarabağ manipulyasiyasına vurulan zərbə oldu”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
Onun sözlərinə görə, Prezident oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında və ətraf ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla 20-ci əsr boyunca davam edən qəsbkarlıq, təcavüz və işğalçılıq zehniyyətini məhv etdi:
“Azərbaycan öz suverenliyini tam olaraq bərpa edib. Hazırda ölkəmizin qarşısında duran ən önəmli hədəflərdən biri işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanı həyata keçirmək, şəhərdə infrastruktur layihələrini ən yüksək səviyyədə başa çatdırmaqdır. Xankəndidə dövlətin qarşısında duran vəzifələrin başında isə Azərbaycanın yuridiksiyasının bərpası prosesində əməli addımların atılmasından ibarətdir. Rəsmi Bakı Xankəndiyə qayıdacaq sakinlərin həyat şəraitinin daha yaxşı olması üçün bir çox layihələr həyata keçirib və bundan sonra da keçirəcək. Artıq bu məsələ ilə bağlı dövlətimizin başçısı tərəfindən tapşırıqlar verilib, həmin əraziyə komendant da təyin olunub”.
Tural İsmayılov xatırladıb ki, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinə səfəri zamanı qayıdış prosesi və onun detalları ilə bağlı bir sıra mesajlar verdi. O vurğulayıb ki, Xankəndi Qarabağda xüsusi şəhər tipli bölgə hesab edilir. Orada Azərbaycan Bayrağının dalğalanması və dövlət atributlarının qaldırılması böyük siyasi-mənəvi əhəmiyyət daşıyır.
"Ötən əsrin əvvəllərindən başlayaraq Xankəndi ətrafında siyasi oyunlar qurulurdu. Tarixin müxtəlif dövrlərində təəssüf ki, bu proseslər Azərbaycanın əleyhinə çevrildi. Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti sayəsində tarix boyunca davam edən anti-Azərbaycan siyasi maskaradının sonu çatdı.
Dövlətçilik tariximizin ən güclü dövrü məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmiz heç zaman bugünkü qədər güclü olmayıb. Azərbaycan Prezidenti şəraiti və siyasi münasibətlər sistemini dəqiq müəyyənləşdirən siyasi zəka sahibidir. Onun “nəyi, nə zaman və necə etməyi bilirəm” tezisi də bu baxımdan siyasi ustalığın real göstəricisidir",- deyə politoloq vurğulayıb.