Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır - RƏY

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı da vurğuladığı kimi, bu formatın nəticələri gələcəkdə də MDB-yə daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. Biz görürük ki, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il isə artım 20 faizdən çoxdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
MDB formatı çərçivəsində Azərbaycanın qurduğu müxtəlifyönlü əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan deputat deyib: “Bu gün təkcə Qırğızıstan, Özbəkistan ilə olan münasibətlər artıq ən yüksək səviyyəyə qalxıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Əlbəttə, bu Fond iqtisadi sahədə böyük işlərin görüləcəyindən xəbər verir. Azərbaycan ilə Qırğızıstan arasında investisiyaların həcminin artımı hər iki ölkə üçün yeni sahibkarlıq subyektlərinin yaranmasına imkan verəcək. Ümumiyyətlə, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi Qırğızıstanın son dövrdəki sosial-iqtisadi inkişafı bütün dost ölkələri sevindirir”.
Diqqətə çatdırılıb ki, Azərbaycan strateji tərəfdaş kimi MDB ölkələrinin hər biri üçün xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Əlbəttə, bununla da dəhlizdən istifadə edən ölkələrin Avropa və dünya bazarlarına çıxışı daha da asanlaşır. Buna görə də Azərbaycan kimi sadiq müttəfiq və tərəfdaş MDB dövlətləri üçün böyük önəm daşıyır. Unutmamalıyıq ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr bundan sonra da davam edəcək”, - deyə o vurğulayıb.


