Eldar Əzizov - cənab Prezident verdiyi sözün sahibidir
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ərəb və fars dillərində nəşrlərinin təqdimatı keçirilib. Mərasimdə ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, tarixçi alimlər, hərbiçilər, Millət Vəkilləri, Vətən Müharibəsi veteranları və qazilər, Azərbaycandakı dini konfessiyaların nümayəndələri, ali məktəb tələbələri və hərbi liseylərin kursantları iştirak ediblər.
Tədbirin əvvəlində Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı Vətən müharibəsində qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən bu kitabın əhəmiyyəti barədə danışdı və kitabla bağlı videoçarx nümayiş etdirildi.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu kitab Vətən müharibəsinin tarixinə həsr olunan ilk nəşrlərdən biridir. Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixini tamamilə yeni bir rakursdan, şəxsiyyət faktoru baxımından nəzərdən keçirilməsindən ibarətdir. Yekdilliklə bir nəticəyə gəldik ki, bütün bu uğurların, Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru - İlham Əliyev fenomeni dayanır.
Tədbirdə Eldar Əzizov öz xatirələrini bölüşərək bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra qazanılan Şanlı Qələbə münasibəti ilə Bakı şəhər ictimaiyyəti adında ölkə başçısını təbrik edərkən cənab Prezident cavab olaraq bildirdi ki, “bu hələ harasıdır, Siz görəcəksiz, az qalıb. Vaxt gələcək Xankəndi, Ağdərə və digər ərazilərdə də ölkəmizin suverenliyi tam bərpa ediləcək və bütün cinayətkarlar məhkəmə qarşısında cavab verəcəklər”. Belə də oldu. Mən uzun illər Prezident İlham Əliyevin rəhbərliyi altında işləyən şəxs kimi bir daha şahidi oldum ki, cənab Prezident verdiyi sözün sahibidir”.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Gəncə şəhəri "İmamzadə” ziyarətgah kompleksinin imamı Hacı Tahir Abbaszadə və digər çıxış edənlər artıq 6 dildə çap edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının əhəmiyyətini qeyd edərək bu nəşrin Vətən savaşında qazanılan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar. Emosiyasız, tarixi faktlar əsasında hazırlanan kitabın müəlliflərinin əsas məqsədi Vətən müharibəsi və dahi sərkərdə haqqında həqiqətləri gələcək nəsillərə çatdırılması olmuşdur.
Bildirilib ki, kitaba olan maraq nəzərə alınaraq qısa zaman ərzində Azərbaycan dilindən əlavə ingilis, türk və rus dillərində tərcümə edilərək nəşrlərinin geniş ictimai təqdimatı keçirilib. Bu gün isə ərəb və fars dilləri daxil olmaqla artıq 6-cı dildə nəşrin təqdimatıdır. Kitabın rus və ingilis dillərində nəşrləri dünyanın 100-ə yaxın ölkəsinin aparıcı kitabxanalarına göndərilib. Hazırda kitabın çin dilinə tərcüməsi üzərində işlər aparılır və bu prosses davam etdiriləcəkdir.
Sonda xalq artisti Tünzalə Ağayeva çıxış etdi və vətənə həsr edilən mahnılar ifa etdi.