Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin apreli

Hit: 263
Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin apreli
AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
 
XXX
 
4 aprel. Prezident Heydər Əliyev Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə çıxış etdi.
 
5 aprel. Böyük Britaniyanın Azərbaycandakı səfirinin iqamətgahına gedərək Kraliça – ana Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verdi.
 
9 aprel. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın xarici işlər naziri Antanas Valionisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
 
10 aprel. Rusiya hökuməti sədrinin müavinini qəbul etdi.
 
12 aprel. “Statoyl” şirkətinin nümayəndə heyəti ilə görüşdü.
 
16 aprel. Pakistan İslam Respublikasının müdafiə katibi Həmid Nəvaz Xanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
 
22 aprel. Azərbaycanda Rusiya mədəniyyəti günlərinin təntənəli açılış mərasimində iştirak etdi.
 
23-24 aprel. Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabadda səfərdə oldu, zirvə görüşündə çıxış etdi.
 
25 aprel. Prezident sarayında yerli sahibkarlarla görüşdü.
 
29-30 aprel. Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin zirvə görüşündə iştirak etmək üçün Türkiyənin Trabzon şəhərində səfərdə oldu.
 
XXX
 
SSRİ-nin süqutundan sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi, dənizin dibinin və səthinin xəzəryanı dövlətlər arasında bölünməsi məsələsi gündəmə gəldi. Lakin mövqelərdəki ziddiyyətlər səbəbindən uzun müddət ortaq məxrəcə gəlmək mümkün olmadı. Bu ziddiyyətli məqamlar səbəbindən hətta dövlət başçılarının bir araya gəlib müzakirələr aparması belə baş tutmurdu. Nəhayət, 2002-ci il aprelin 23-24-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində məsələ ilə bağlı Xəzəryanı dövlət başçılarının ilk sammiti keçirildi.
 
Toplantının gündəliyinə Xəzərin hüquqi statusu, beynəlxalq və regional məsələlər, hövzənin müxtəlif problemlərinin müzakirəsi daxil idi. İki gün ərzində aparılan müzakirələr tərəflərin mövqeləri arasındakı fikir ayrılıqları ilə müşayiət olundu. Bu səbəbdən yekun bəyannamənin imzalanması baş tutmadı. Hələ 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamağa nail olmuş Azərbaycan tərəfi Xəzər dənizinin sahilyanı dövlətlər arasında sektorlara bölünməsinin orta xətt prinsipi nəzərə alınmaqla, bu dənizdə təşəkkül tapmış təcrübə, beynəlxalq hüququn prinsipləri və sahilyanı dövlətlərin Xəzər dənizində suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməsinin tərəfdar olduğunu bəyan edirdi. Beş Xəzəryanı dövlətin liderləri arasında Xəzərin statusunun həlli məsələsində ən konstruktiv, ardıcıl və elmi cəhətdən əsaslandırılmış mövqeyi Azərbaycan Prezidenti Heydər Əliyev nümayiş etdirirdi. Bu mövqe ondan ibarət idi ki, hər bir Xəzəryanı ölkə orta xətt üzrə bölünmüş özünəməxsus sektoru üzərində (suyun həm dibi, həm də səthi) suverenlik hüququna malikdir. Xəzər sektorlara bölünməli və hər bir dövlətin öz sektoruna dair hüquqları beynəlxalq hüquq normaları ilə qorunmalıdır.
 
Heydər Əliyev zirvə görüşündə çıxışı zamanı Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirməyin vacibliyini vurğulayaraq bu məsələnin Xəzəryanı dövlətlər arasında həllinin onların "suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə" həyata keçirilməli olduğunu bildirdi. Həmçinin xatırlatdı ki, SSRİ Xəzər hövzəsində inhisara malik olaraq, bir çox onilliklər ərzində Xəzər dənizinin mineral ehtiyatlarının öyrənilməsi, dənizdə neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə fəal məşğul olmuşdur. Bu iş məhz Azərbaycanın neft sənayesi təşkilatlarının, elmi tədqiqat idarələrinin bazasında həyata keçirilirdi.
 
Sitat: Xəzər dənizindəki bütün neft və qaz yataqlarının kəşfiyyatı və istismarı Azərbaycan neftçiləri tərəfindən yerinə yetirilirdi. Onlar bu işlə ötən əsrin 40-cı illərindən başlayaraq məşğul olmuşlar. Azərbaycan neftçiləri, alimləri, geoloqları Xəzər dənizinin bütün akvatoriyasının geoloji quruluşunun öyrənilməsinə, neft və qaz yataqlarının axtarışlarına və kəşfiyyatına böyük töhfə vermişlər... Dövlət müstəqilliyi illərində Azərbaycan Xəzər dənizinin mineral ehtiyatlarının işlənilməsi ilə fəal məşğul olaraq, xarici sərmayələri bu işə cəlb etmişdir. Bütün bunlar Xəzər dənizinin Azərbaycan sektoru daxilində həyata keçirilir. Sovet İttifaqının Xəzəryanı respublikaları üçün sektorlar 1970-ci ildə SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən müəyyən edilmişdi. Yeri gəlmişkən, Xəzər dənizinin Sovet İttifaqının Xəzəryanı respublikaları arasında sektorlara bölünməsi orta xətt prinsipinə, beynəlxalq hüquqa uyğundur.
 
Zaman Xəzərin hüquqi statusu ilə bağlı Ulu Öndərin yanaşmasının düzgünlüyünü və həyatiliyini təsdiqlədi. 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında tarixi sənəd - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı və məsələyə son nöqtə qoyulmuş oldu.
 
Milli iqtisadiyyatın gələcəyini dövlət mülkiyyətinin özəlləşdirilməsində, sahibkarlığın inkişafında görən Ulu Öndər hakimiyyətə qayıtdığı ilk illərdən başlayaraq bu məqsədlə müvafiq fərmanlar, sərəncamlar imzalayır, qanunvericilik bazasının təkmilləşdirilməsinə xüsusi önəm verirdi. Onun tapşırığı ilə sahibkarlıq fəaliyyətinə mane olan halların, çətinliklərin aradan qaldırılması istiqamətində təsirli və davamlı tədbirlər görülürdü. 2002-ci il aprelin 20-də sahibkarla görüşən Heydər Əliyev özəlləşdirmənin əhəmiyyətini və bu prosesin gedişini dəyərləndirdi.
 
Prezident, həmçinin belə görüşlərin davamlı olacağının anonsunu verdi və bunun daşıdığı məqsədi açıqlayaraq dedi: “Bu görüşün və bundan sonra keçiriləcək görüşün məqsədi ondan ibarətdir ki, biz bilavasitə iş adamlarından məlumat alaq ki, sahibkarlıq işi nə vəziyyətdədir, bizim qanunlarımız, fərmanlarımız, sərəncamlarımız Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi üçün lazımi imkanlar yaradırmı, yoxsa yox. Əgər bu sahədə qanunvericilik nöqteyi-nəzərindən, yaxud da ki, icra orqanlarının qərarları ilə əlaqədar çətinliklər varsa, sizdən məlumat aldıqdan sonra biz müzakirə etməli və lazımi fərmanlar, sərəncamlar verməliyik. Ən başlıcası, biz istəyirik ki, bilək, sizin işinizə nə mane olur? Biz bunu əvvəldən də bilirik. Bir neçə dəfə müşavirələr keçirmişik, bu sizə məlumdur, televiziya və radio vasitəsilə, mətbuat vasitəsilə bilirsiniz ki, Azərbaycanda sahibkarlıq işi başlanandan, bazar iqtisadiyyatına keçid başlanandan Azərbaycanın müxtəlif hökumət orqanları cürbəcür yoxlamalarla, müdaxilələrlə sahibkarların işlərinə mane olmağa cəhd göstəriblər. Mən bu barədə bir neçə fərmanlar vermişəm və Azərbaycanda hüquq mühafizə orqanlarının, başqa nəzarət edən orqanların sahibkarlara mane olmaması tələblərini qoymuşam”.
 
Azərbaycanda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı bu gün də dövlətin iqtisadi siyasətinin prioritetlərindən birini təşkil edir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir. Bunun nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılıb, qanunvericilik qaydaları liberallaşdırılıb, maliyyə-kredit təminatı yaxşılaşdırılıb, sahibkarların vergi yükü, onların fəaliyyətinə qanunsuz müdaxilələrin sayı azalıb, iş adamlarının beynəlxalq əlaqələri genişlənib.
 
2002-ci ilin aprel ayında Ulu Öndər daha bir zirvə görüşündə iştirak etdi. Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin Türkiyənin Trabzon şəhərində keçirilən görüşü bölgədə təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuşdu. Trabzona yola düşməzdən əvvəl Binə Hava Limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verən Heydər Əliyev bildirdi ki, məqsəd Şərq–Qərb dəhlizinin, Bakı–Tbilisi–Ceyhan neft ixrac kəmərinin, Bakı–Ərzurum qaz kəmərinin təhlükəsizliyini təmin etmək və əsasən, beynəlxalq terrorizmlə mübarizə istiqamətində səyləri birləşdirmək, ümumiyyətlə bölgədə təhlükəsizliyə nail olmaqdır. Azərbaycan Prezidenti zirvə görüşündəki nitqində üç ölkənin həyata keçirdiyi birgə layihələrin əhəmiyyətini vurğulayaraq əminliklə bildirdi ki, qarşılıqlı iqtisadi əməkdaşlıq regionun sabitliyinə və iqtisadi rifahına xidmət edəcəkdir.
 
Türkiyənin Trabzon şəhərinə keçirilən zirvə görüşündə Heydər Əliyevin nitqindən
 
• Türkiyə, Gürcüstan və Azərbaycan tarixən həmişə sıx əlaqədə olublar. Xalqlarımızın çoxəsrlik tarixində heç vaxt nifaq və qarşıdurmaya yol verilməyibdir. Yeni şərait, yeni siyasi reallıqlar bizə bu tarixi ənənələri daha da inkişaf etdirmək üçün gözəl imkan yaradıbdır.
 
• Haqlı olaraq düşünürük ki, həyata keçirmək əzmində olduğumuz mühüm iqtisadi layihələr təkcə regionun simasını dəyişdirməyəcək, həm də xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıracaq, demokratik proseslərə daha böyük vüsət verəcəkdir. Bu, eyni zamanda, regionun sabitliyinə və iqtisadi rifahına xidmət edəcəkdir.
 
• Digər tərəfdən, regionumuzun irimiqyaslı nəqliyyat qovşağı olması da qarşılıqlı əməkdaşlığımız və dünya iqtisadi sisteminə inteqrasiyamız üçün mühüm şərtdir. Torpaqlarımızdan keçən tarixi İpək Yolunun bərpası Türkiyənin və Cənubi Qafqaz regionunun əhəmiyyətini daha da artırmışdır.
 
Qeyd edək ki, ötən illər ərzində Türkiyə, Azərbaycan və Gürcüstanın reallaşdırdıqları birgə layihələrə Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr əlavə olunub. Bu transmilli layihələr regionun siyasi, iqtisadi, nəqliyyat, energetika xəritəsini dəyişib. Hazırda bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionda sabitliyin, iqtisadi inkişafın, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir.








Redaktorun seçimi