Hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi başlandı

Hit: 965
Hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi başlandı
Hərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
 
Bu barədə  Faktor.az-a Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.
 
O bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlunun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub. Həmin məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb.
 
Həmçinin Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə təxirəsalınmaz ilkin prosessual yoxlama hərəkətləri icra edilib.
 
Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
 
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.








Redaktorun seçimi