Azərbaycan Prezidenti: Türkiyənin güclü sənayesi onun müttəfiqlərini də gücləndirir

Hit: 550
Azərbaycan Prezidenti: Türkiyənin güclü sənayesi onun müttəfiqlərini də gücləndirir
Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay (mart – red.) türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirdi. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.
 
Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir.
 
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 127-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı aprelin 29-da İstanbulda “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışı zamanı söyləyib.
 
AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-ci ilin mart-may aylarını əhatə edir. Bu kitaba Prezident İlham Əliyevin aprel ayında Türkiyəyə işgüzar səfəri çərçivəsində “TEKNOFEST”də iştirakına dair materiallar, Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın “CNN Türk” televiziyasının müxbirinin suallarına cavabları daxil edilib.
 
Prezident İlham Əliyev aprel ayında Tacikistanda dövlət səfərində, Qazaxıstanda, Bosniya və Herseqovinada rəsmi səfərlərdə, Bolqarıstanda işgüzar səfərdə olub. Azərbaycan Prezidentinin bu səfərlər çərçivəsində keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, habelə imzalanmış sənədlər haqqında informasiyalar, liderlərin mətbuata birgə bəyanatlarının mətnləri yeni kitabda verilib.
 
Bu nəşrdə Azərbaycan Prezidentinin ölkəmizə səfərə gəlmiş Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Qəbələdə keçirdiyi görüş haqqında informasiya, mətbuata birgə bəyanatların mətnləri də yer alıb.
 
May ayı ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın keçirilməsi ilə əlamətdar olub. Dövlətimizin başçısı konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Azərbaycan Prezidentinin dərin məzmunlu və məntiqli cavabları ilə 127-ci kitabda tanış olmaq mümkündür.
 
Yeni nəşrdə Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə Talış kəndindən xalqımıza təbrikinin mətni də verilib.
 
Dövlətimizin başçısı aprel-may aylarında bölgələrə - Neftçala, Salyan və Ağdam rayonlarına səfərlər edib. Neftçala rayonuna səfər zamanı Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidən qurulmadan sonra açılış mərasimləri keçirilib. Prezident İlham Əliyev, həmçinin “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatında yaradılmış şəraitlə tanış olub, Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılış mərasimində iştirak edib. Salyan rayonunda isə Mərkəzi Xəstəxananın Doğum Evində və uşaq poliklinikasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə maraqlanıb, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xidmət” Mərkəzinin açılışlarını edib, Azərbaycan Televiziyasına müsahibə verib. Prezidentin müsahibəsinin mətni və səfərləri haqqında geniş məlumat oxuculara 127-ci kitabda təqdim olunur.
 
Prezident İlham Əliyev Ağdam rayonuna səfəri çərçivəsində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, inzibati binanın təməllərini qoyub, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub. Yeni kitaba bununla bağlı informasiyalar daxil edilib.
 
“Azərnəşr” tərəfindən buraxılan 127-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.








Redaktorun seçimi