DTX Akademiyasının magistraturasına qəbul qaydalarına dəyişiklik edilib

Hit: 538
DTX Akademiyasının magistraturasına qəbul qaydalarına dəyişiklik edilib
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçəcəklər.
 
Faktor.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları” nda etdiyi dəyişiklikdə əksini tapıb.
 
İndiyə qədər sadəcə “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının magistraturalarına və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”, “Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya” ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməli idilər. Başqa sözlə, bu siyahıya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası da əlavə edilib. Eyni zamanda qərara əsasən, Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda nəzərdə tutulduğu hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlara ali təhsilin bakalavriat səviyyəsində aldıqları ixtisasdan asılı olmayaraq həmin ixtisaslaşmaları seçmək hüququ veriləcək.
 
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3588 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə bir sıra dəyişiklik edilib.
 
Son dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında “magistratura” pilləsi yaradılıb, Akademiya rəisinə isə dissertantların təhkim olunmasına rəhbərlik həvalə edilib.
 
Eyni zamanda, Akademiyada yalnız fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün dissertasiya şuraları yaradılırdısa, son dəyişikliklərdən sonra artıq magistr dissertasiyalarının da müdafiəsinin təşkili üçün ixtisaslaşdırılmış şuralar yaradılır.
 
Bundan əlavə, son dəyişikliklərlə Akademiyanın dəyişən heyətinə Akademiyada təhsil alan kursantlar, dinləyicilər və adyunkturlardan əlavə dissertantlar da daxil ediliblər.
 
Həmçinin, adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi qulluqçulara və mülki şəxslərə elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədinin - diplomun verilməsi barədə norma əlavə edilib.
 
Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edilməsi zərurəti yaranıb.








Redaktorun seçimi