Can yanğısı, qardaşlıq borcu

Hit: 613
Can yanğısı, qardaşlıq borcu
Türkiyədə baş verən dəhşətli zəlzələ qardaş ölkəyə böyük insan itkisi ilə yanaşı, həm də görünməmiş fəlakət və faciə gətirdi. Bu xəbər Azərbaycana çatan andan bütün cəmiyyətdə eyni üzüntü və qəlb ağrısı ilə yaşanır. Türkiyə ilə Azərbaycan zamanın bütün sınaqlarından əzm və şərəflə çıxaraq yeni dünya düzəni üçün nümunə sayılacaq qardaşlıq manifesti yaradıb. Məhz buna görə, qardaş faciəsi hamımızı ayağa qaldırıb. Azərbaycan xalqı bütün duyğu-düşüncəsi, gücü-imkanı ilə Türkiyədəki zəlzələnin nəticələrini aradan qaldırmağa səfərbər olub.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
 
O bildirib ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubunda zəlzələnin hər kəsi olduqca kədərləndirdiyini və Azərbaycanın hər cür yardım göstərməyə hazır olduğunu qeyd edib. Həmin gün ölkəmizin rəhbəri Türkiyənin dövlət başçısına telefonla da zəng edərək, zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək olacağını söyləyib.
 
Səhəri gün isə Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verərkən xalqımızın bu kədərini dərin hüznlə belə ifadə edib: “Çox böyük bəladır, böyük faciədir. Günahsız insanlar həlak olublar, yaralanıblar. Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.
 
Dövlətimizin başçısının vurğuladığı kimi, bu dəhşətli zəlzələ bizi çox sarsıdıb, hər birimizə böyük mənəvi əzab verib. Elə bu ağrının hökmü ilə də qardaş ölkəyə ilk yardım Azərbaycandan yola salınıb. Xalqımız mərhəmət, humanizmin zəlzələdən güclü olduğunu göstərmək üçün neçə gündür ki, kişili-qadınlı, cavanlı-qocalı, imkanlı-imkansız əlindən gələn köməyi əsirgəmir, bacardığı işi görür ki, zəlzələnin ağrıları az da olsa azalsın, insanlar xilas edilsin. Sağ qalanların zəruri ehtiyacları müəyyən qədər ödənilsin.
 
Bundan əlavə, Prezident İlham Əliyevin tapşırığı ilə axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri ardıcıl olaraq qardaş ölkəyə göndərilib. Xilasedicilərimiz artıq zəlzələ dağıntıları altında qalan xeyli insanı xilas ediblər. Onlar ölüm-dirim, istiqlal savaşında imiş kimi daşların, beton parçalarının ölümsaçan ağırlığı ilə döyüşü gecə-gündüz bilmədən əzmlə davam etdirirlər. Zəlzələ Türkiyədə olsa da, onun ağrısı və ağırlığı Azərbaycana da sirayət edib.
 
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da zəlzələ ilə bağlı elə anındaca Türkiyəyə başsağlığı verib. Onun müvafiq tapşırığına uyğun olaraq, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə müxtəlif dərman preparatları, oksigen maskalar, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıq, isti geyim və çadır dəstləri göndərilmişdir.
 
Onu da deyək ki, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı da Kahramanmaraşda fəaliyyətə başlayıb. Hazırda onlar yaralılara təcili yardım göstərirlər.
 
Göründüyü kimi, Azərbaycan dövləti maddi imkanları, xalqımız mənəvi dəstəyi və başqa yardımları ilə qardaş ölkədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına böyük dəstək verir. Mərhəmətli və xeyirxah xalqımız canı, qanı ilə qardaş Türkiyənin yanındadır. Bütün ölkədə qardaşlığa sadiq insanlar bu ağır günlərdə sevgisini və vəfa borcunu təkcə ürək yanğısı, göz yaşları ilə deyil, həm də zərərçəkmişlərə fəal və kütləvi yardım aksiyaları ilə ifadə edirlər.
 
Rəşad Mahmudov sonda bildirib: “Böyük ağrımız həm də böyük güc doğurur, can yanğısı qardaş dayağına çevrilir. Belə ki, hazırda Azərbaycan vətəndaşlarının qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstəyi durmadan artır. Bakıdan başlanan bu humanitar aksiya bütün regionlarımızı əhatə edir. Quruda və havada Türkiyəyə yan almış yardım karvanların ardı-arası kəsilmir. Bütün vətəndaşlarımız bu marafonla qardaş ölkənin ayağa qalxmasına zəruri yardım göstərir. Bu sevgidir, qardaşlıq borcudur, insanlıq ləyaqətidir, əbədiyyət yoludur. Dağılan binalardır, nə qədər acı olsa da, həlak olan qan qardaşlarımız. Amma türk iradəsi, qüdrəti heç zaman yıxılmayacaq, sarsılmayacaq! Ölkə olaraq Azərbaycan bütün vətəndaşları ilə bu gün Türkiyənin yanındadır və qardaş ölkənin bu sınaqdan çıxacağına zərrə qədər kimsənin şübhəsi olmasın”.








Redaktorun seçimi