Xalqa bağışlanmış ömürdən anlar: - 1994-cü ilin avqustu

Hit: 1436
Xalqa bağışlanmış ömürdən anlar: - 1994-cü ilin avqustu
AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
 
X X X
 
1 avqust. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Füzulinin 500 illiyi ilə əlaqədar Dövlət Yubiley Komissiyasının iclasını keçirdi.
 
2 avqust. Ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar keçirilmiş müşavirədə çıxış etdi.
 
8 avqust. İsrailin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrini qəbul etdi.
 
9 avqust. Türkiyənin energetika naziri ilə görüşdü.
 
11 avqust. Respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş müşavirədə çıxış etdi.
 
15 avqust. Əhalinin çörəklə təminatı məsələlərinə dair müşavirə keçirdi.
 
18 avqust. Avropa İttifaqının nümayəndə heyətini qəbul etdi.
 
Kənd təsərrüfatında islahatların aparılmasına həsr olunmuş müşavirədə çıxış etdi.
 
22 avqust. Respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə müşavirə keçirdi.
 
25 avqust. Respublikanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verdi.
 
26 avqust. Məhəmməd peyğəmbərin mövludu günü münasibətilə Təzəpir məscidində keçirilən mərasimdə çıxış etdi.
 
27 avqust. ABŞ-ın “Pennzoyl” neft şirkətinin prezidentini qəbul etdi.
 
29 avqust. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” 1994-cü il 15 iyun tarixli Fərmanın yerinə yetirilməsi gedişinə həsr olunmuş müşavirə keçirdi.
 
31 avqust. Bakı şəhərinin təhsil işçiləri ilə görüşdü.
 
X X X
 
Ulu öndər Heydər Əliyev Azərbaycanın klassik şair və yazıçılarının, onların çox dəyərli irsinin təbliğinə böyük önəm verirdi. Hesab edirdi ki, xalq öz kökünü unutmamalı, tarixini öyrənməli, milli mədəniyyətindən heç vaxt uzaq düşməməlidir. Bu baxımdan 1994-cü il 16 mart tarixli Fərmana əsasən, Məhəmməd Füzulinin 500 illiyinin qeyd edilməsi üçün Heydər Əliyevin sədrliyi ilə Dövlət Yubiley Komissiyasının yaradılması diqqət çəkir. Avqustun 1-də komissiyanın iclası keçirildi. Dahi rəhbər iclasdakı çıxışında böyük şairin yubileyinin qeyd olunmasının əhəmiyyətindən danışdı: “Çətinliklərimizə baxmayaraq, bu yubileyi gərək yüksək səviyyədə keçirək. Əvvəla, Füzuli özünün yaradıcılığına, ədəbi, elmi və fəlsəfi irsinə görə buna layiqdir və Azərbaycan xalqının bugünkü, XX əsrin sonunda yaşayan nəsli ona öz minnətdarlığını bildirməlidir. İkincisi, bu yubileyi keçirərkən biz xalqımızın özünü daha dərindən tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”.
 
Müstəqilliyin ilk illərindən başlanan, respublikanın ozamankı rəhbərliyinin bacarıqsızlığı ucbatından ölkəni bürümüş iqtisadi böhranın, sosial problemlərin aradan qaldırılması vaxt və böyük səylər tələb edirdi. Təkcə avqust ayında respublika iqtisadiyyatı, əhalinin çörəklə təminatı, kənd təsərrüfatında islahatlarla bağlı müşavirələr keçirildi. Avqustun 11-də keçirilmiş müşavirədə çıxış edən Heydər Əliyev qarşıda duran vəzifələrdən danışarkən ölkənin daxili potensialından istifadə edilməsinin vacibliyini vurğuladı: “Biz respublikamızın bütün imkanlarından istifadə etməliyik. Azərbaycanda isə iqtisadiyyatın inkişafı üçün imkanlar böyükdür. Əvvəla, respublikamızın həm yeraltı, həm də yerüstü sərvətləri zəngindir, torpaqlarımız münbit və bərəkətlidir. İkincisi, Azərbaycanda həm sənaye sahəsində, həm kənd təsərrüfatı sahəsində, həm də tikinti və sosial sahələrdə çox böyük, çox güclü iqtisadi potensial vardır”.
 
Heydər Əliyev Azərbaycana rəhbərliyinin hələ birinci dövründə təhsil məsələlərinə xüsusi diqqət yetirir, bu sahədə xalqın gələcəyinə istiqamətlənmiş addımlar atırdı. Respublikada orta məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün verilən qərarlar, Azərbaycan gənclərinin İttifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi, habelə milli hərbi kadr hazırlığının əsasının qoyulması bu qəbildən olan tədbirlər idi. Dahi rəhbər təhsilə xalqın gələcəyinin, vətənpərvərlik tərbiyəsinin vacib amili kimi yanaşır, bu sahədə qarşıda duran vəzifələri dönə-dönə vurğulayır, eyni zamanda, müəllim əməyini yüksək qiymətləndirirdi.
 
Heydər Əliyevin 1994-cü il avqustun 31-də Bakı şəhəri təhsil işçiləri ilə görüşəndəki çıxışından
 
• Müəllimə hörmət, ehtiram həmişə olub, bu gün də olmalıdır, gələcəkdə də olmalıdır. Onu da bilmək lazımdır ki, bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən, tutduğumuz vəzifədən asılı olmayaraq bütün nailiyyətlərimizə görə birinci növbədə məktəbə, müəllimə borcluyuq.
 
• Bu gün yaşayan adamlar – yaşlı nəsil, orta nəsil, gənc nəsil – heç kəs müəllimsiz bu səviyyəyə gəlib çatmayıb. Ona görə də hər bir vicdanlı adam, Vətəninə, xalqına bağlı olan hər bir adam, qədirbilən adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir.
 
• Məktəb, müəllimlər Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır. Mən əminəm ki, bizim çoxminli müəllimlər ordumuz, məktəblərimiz öz vəzifələrini məhz bu cür qəbul edirlər, öz vəzifələri haqqında bu cür düşünürlər və bu cür də fəaliyyət göstərəcəklər.
 
• Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır. Bizim tarixi, mədəni ənənələrimiz gərək orta məktəblərdə tədris olunsun. Çünki tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilmərik.
 
• Azərbaycan dili söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini – ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin.
 
• Hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı öz ana dilindən savayı, bir çox dillər bilməlidir. İndi bu, xüsusən lazımdır.
 
• Bütün dərslər, xüsusən humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, torpağa sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin və bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin.
 
• Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik təkcə o deyil ki, gedib Vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın.
 
• Gənclərin tərbiyəsində milli, dini adət və ənənələrimizdən istifadə etmək lazımdır. Əsrlərin dərinliyindən bu günə gəlib çatan adət-ənənələrimiz həmişə adamları saflığa, təmizliyə dəvət etmişdir. Milli və dini adət-ənənələrimiz məhz bu prinsiplərə əsaslanır. Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik.









Redaktorun seçimi