Salyanda işsizliyin qarşısının alınması parlamentdə qaldırılıb

Hit: 2058
Salyanda işsizliyin qarşısının alınması parlamentdə qaldırılıb
Milli Məclisin deputatı Jalə Əhmədova parlamentdə çıxışı zamanı Salyanda görülən işlərdən həmçinin rayonda işsizliyin aradan qaldırılması ilə bağlı bir çox məsələləri qaldırıb.
 
Faktor.az deputatın çıxışını təqdim edir:
 
Dəyərli həmvətənlərim, Milli Məclisin plenar iclasındakı çıxışımda Salyan rayonunda görülən işlərlə yanaşı,  seçicilərimi narahat edən bir sıra məsələləri də səsləndirdim. Aşağıda çıxışımı diqqətinizə təqdim edirəm. 
 
2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılıb ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Mən, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmış 2023-cü ilin büdcə layihələrini müsbət dəyərləndirirəm. Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. Əmək haqları, pensiyalar, müavinətlər və digər ödənişlərin artımı  məqsədi ilə 2023-cü ilin dövlət büdcəsində 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur. Təbii olaraq bu da ilk növbədə xalqın rifahının yaxşılaşdırılması deməkdir. 
 
Büdcədə, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, böyük qayıdış planının təmin etdirilməsi, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətimizin milli təhlükəsizliyinin gücləndirilməsi, azad olunmuş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, dövlət sərhədlərinin etibarlı qorunması məqsədləri üçün ayrılmış xərclər 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur və işğaldan azad edilmiş ərazilərin bərpası üçün nəzərdə tutulan 3,0 milyard manat vəsait Azərbaycanın qüdrətindən, müharibədən çıxmağımıza baxmayaraq ölkəmizin güclü iqtisadiyyata sahib olmasından xəbər verir. 
 
2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulub. 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz çox olan bu vəsait  dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanmasını əhatə edir. 
Büdcədə həmçinin təhsillə yanaşı, regional inkişaf, bölgələrdə məşğulluğun təmin olunması, kənd təsərrüfatının inkişafına dair prioritetlərin yerinə yetirilməsi ilə bağlı məsələlərin maliyyələşməsi də nəzərə alınıb. Bu da təbii olaraq bölgələrin inkişafında öz müsbət təsirini göstərəcəkdir. 
 
Mənə yaradılmış şəraitdən istifadə edərək təmsil etdiyim Salyan rayonunda bir sıra problemləri də qeyd etmək istərdim. 2022-ci il büdcə müzakirəsində də qeyd etdiyim kimi, Salyan şəhərində ən qlobal problem kanalizasiya sisteminin yoxluğudur. Şəhərdə Mədəniyyət evi, Gənclər evi yoxdur, idman meydançaları yox səviyyəsindədir. Salyanın kəndlərində mədəniyyət evləri, kitabxanalar, bağçalar tikilməlidir, bu həm də bölgədəki işsizliyə töhfə olardı. Kürqaraqaşlı kənd məktəbi əsaslı təmir olunmalı, Arbatan kəndində olan uşaq bağçası yenidən tikilməlidir. Sarvan kəndində uşaq bağçası yoxdur. Həmçinin içməli su, internet, yol problemləri qlobal problem olaraq qalmaqdadır. 
O cümlədən Salyan rayonunda sakinlərin istirahəti üçün yaşıllıqların, parkların salınması, Mədəniyyət Nazirliyinin tabeliyində olan klubların və kitabxanaların əsaslı təmir edilməsi, uşaq bağçalarının, futbol və digər idman meydançalarının tikilməsi məsələlərinin nəzərə alınmasını, idmanın inkişafı üçün regionlara daha çox maliyyə vəsaiti ayrılmasını xahiş edirəm.
Dövlət tərəfindən yetərincə diqqət və qayğı göstərilən autizm və daun sindromlu şəxslərə psixoloji dəstəyin, diqqət və qayğının daha da artırılmasına ehtiyac olduğunu, eləcə də bu kateqoriyadan olan şəxslərin qayğısına qalan valideynlərin və ya onlara qulluq edən şəxslərin işlə təminatı məsələsini də qeyd etmək istəyirəm.
 
Problemlərlə yanaşı, rayonda görülən işləri – Sarvan, Ərəbqardaşbəyli, Aşağı Kürkənd, Arbatan və Qızılağac kəndlərində məktəblərin əsaslı təmir edilməsini və yeni məktəb binalarının tikilib istifadəyə verilməsini vurğulamaq istəyirəm. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq ölkəmizdə həyata keçirilən qazlaşdırma siyasəti, abonentlərin elektrik enerjisi təminatının yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi sahəsində görülən işlər Salyan rayonunda da uğurla həyata keçirilir. Mərhələli şəkildə həyata keçirilən qazlaşdırma prosesi 59 saylı Salyan seçki dairəsi ərazisində yerləşən kəndlərin 99 faizini əhatə edib. Qazlaşdırılmayan yeganə kənd Ərəbqardaşbəylidir. Ərəbqardaşbəyli kəndinin və Şorsulu kəndində sonradan salınmış evlərin qazlaşdırılması məsələsinin, habelə Qızılağac, Bəydilli və Marışlı kəndlərində elektrik hava xətlərində kabelləşmə işlərinin nəzərə alınmasını xahiş edərdim. 
 
Salyan rayonu üçün xüsusi önəm daşıyan bir məsələni də qeyd etmək istəyirəm. Belə ki, Salyan rayonunda vaxtilə fəaliyyət göstərmiş bir çox müəssisələr var ki, özəlləşdirilib. Lakin özəlləşdirilsə də bu gün həmin müəssisələr fəaliyyətsizdir, avadanlıqlar yararsız hala düşüb çürüyür, şəhərin görünüşünə xələl gətirir və sair. Əgər işlədə bilmirdinsə niyə özəlləşdirirdin ki? Təklif edirəm ki, rayonda işsizliyin qarşısının alınması üçün həmin müəssisələrin fəaliyyəti bərpa edilsin və bu məsələnin üzərində ciddi nəzarət mexanizmi tətbiq edilsin.  
 
Bir təklifimi diqqətə çatdırmaq istəyirəm. Belə ki, təmsil etdiyim Salyan rayonunda yataqxanada yaşayan aztəminatlı vətəndaşların və gənc ailələrin güzəştli mənzillərdən yararlanması üçün sosial mənzillərin tikintisi layihəsinin Salyan rayonunda da həyata keçirilməsini təklif edirəm.
 
Regionların inkişafı istiqamətində həyata keçirilən bütün layihələri, məhz dövlətimizin başçısı tərəfindən aparılan uğurlu siyasətin müsbət nəticəsi kimi qiymətləndirir, mənə yaradılmış şəraitdən istifadə edərək seçicilərim adından və şəxsən öz adımdan cənab Prezidentə dərin təşəkkürlərimi bildirirəm.
Diqqətinizə görə minnətdaram.








Redaktorun seçimi