Ermənilərin Fransadan gözləntiləri nələrdir?

Hit: 1174
Ermənilərin Fransadan gözləntiləri nələrdir?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, ABŞ və NATO ölkələri Rusiyaya qarşı yeni cəbhə açmaq haqqında düşünür:

“Bu səbəbdən də onlar Ermənistanı Azərbaycana qarşı yeni münaqişəyə cəlb etməyə və Cənubi Qafqazda növbəti eskalasiya təşkil etməyə çalışırlar. Zənnimcə, Qərbin İrəvana təsir mexanizmləri vaxtında Tiflisdəki kimi güclü olmasa da, Vaşinqton yenə də Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Cənubi Qafqaz “kartını” işə salmağa çalışır. Moskva isə çalışır ki, bu sabitliyin pozulması təhlükəsini tez bir zamanda aradan qaldıra bilsin. Çünki Kreml əmindir ki, məsələlər tam nəzarətdən çıxarsa, İrəvanla deyil, onu idarə edən xarici qüvvələrlə danışıqlar aparmaq məcburiyyətində qalacaq. Sabitliyi pozmaq cəhdlərinin açarının Qərbə tam ötürülməməsi, bölgədə istənilən təşəbbüsün qarşı tərəfə keçməməsi Rusiya üçün bu dəqiqə əsas amildir. Bunun yolu isə bir tərəfdən həm də Ermənistanın tam əldən çıxmamasından keçir. ABŞ və Fransa bu gün Ermənistana həlledici təsir göstərir. Ermənistanın özü də xaricdə daha perspektivli tərəfdaş tapmaq istəklərini son günlər reallaşdırılan səfərlərlə, yüksək platformalardan verilən mesajlarla aydın göstərir”. 
Politoloq hesab edir ki, Ermənistan iki səbəbdən Rusiyaya problem yaratmağa razıdır: 
 
“İrəvan ümid edir ki, birincisi, 2020-ci ilin payızı üçün qisas almaq imkanı əldə edəcək, ikincisi isə uzun perspektivdə  Qərbin təsiri altına keçəcək. Bu baxımdan da Ermənistan hakimiyyəti üçün Şimali Atlantikanın tərəfində olduqlarını göstərmək vacibdir. KTMT-nin üzvü olmasına baxmayaraq, Paşinyan göstərir ki, müttəfiq və Şimali Atlantika dəyərlərinə sadiqdirlər. Paşinyanın hakimiyyətə gəlişi ilə mükafatlandırılan bu sadiqlik də nümayiş etdirilməlidir. Yəni, bu, birinci Paşinyanın özü üçün vacib amildir. Paşinyan ümid edir ki, bu cür davranış ona gələcəkdə də hələ çox lazım olacaq. Bunun müqabilində Azərbaycanla müharibədə qisas almaq üçün kömək istəyir, pənah gətirir. Paşinyan öz dünyasında ağıllı davranır, fənd işlədirsə, Qərb hər iki mənada ondan da qıvraqdır. Belə ki, Rusiyanın regionda rolunu arbitr olmaqdan vasitəçiyə keçirmək Qərbin əsas hədəfidir. Paşinyanın istər Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşü, istərsə də Qərbə pənah gətirən istənilən vurnuxmaları bunu diplomatik qələbə kimi cəmiyyətə sırımaq cəhdləridir. Cənab Prezident İlham Əliyevin isə Qarabağın abadlaşdırılmasına fokuslandığı bir vaxtda Makronun özünün dövlət başçımıza zəngi, Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verməsi Fransanın istənilən rolunu nə dərəcədə ciddi qəbul etdiyimizin ölçüsünü belə bizim müəyyən etməyimiz baxımından bütün suallara cavabdır. Yəni, görüşlərin istiqaməti hər nə qədər Parisə yönləndirilməyə çalışılsa da, biz qəti bunda maraqlı belə deyilik. 30 il ərzində və savaşın ən qızğın çağında ən azından neytrallığı qorumaq əvəzinə açıq-açıq, birtərəfli qaydada ermənini müdafiə edib, ermənidən daha çox erməni olan Parisə nə bağlamalı, nə də əllərinə verilməli belimiz qalmayıb.
Prezident İlham Əliyev sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində  Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı bildirdi: “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır". 
 
Bütün bunların fonunda Azərbaycan hər zaman olduği kimi aktiv xarici siyasət həyata keçirir”. 
 
Şəbnəm Həsənova qeyd edib ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin də Azərbaycana rəsmi səfərə gəlməkdə məqsədi Moskvanın Bakı ilə İrəvan arasında münasibətlərdə oynaya biləcəyi rola aydınlıq gətirməkdir: 
“Digər tərəfdən, istər Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş də daxil olmaqla önəmli görüşlər keçirir. Digər tərəfdən də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun gündəliyində aktiv telefon danışıqları marşrutu varsa, deməli, proseslər həm hərbi müstəvidə, həm də diplomatik masada tam nəzarətimiz altındadır. Ermənistan cəmiyyətində mövcud olan ab-havanı tutmaq üçün orada səsləndirilən mesajlar önəmlidir. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın açıqlaması bir daha İrəvanın mövcud reallığını aydın göstərdi ki, Azərbaycanla münasibətlərin normallaşması, xüsusilə də danışıqların indiki mərhələsində hazırlanmalı olan sülh müqaviləsi Ermənistan müxalifətinin və onu xaricdən dəstəkləyən qüvvələrin, eləcə də dünya erməni diasporunun maraqlarına tamamilə ziddir. Deməli, yuxarıda söylədiyimiz arqumentlər sübut olunur. Bu arqumentlərin hər birini böyük ustalıqla çürüdən dövlət başçımız isə hər zaman bildirir ki, Ermənistanda da rassional düşüncəli siyasətçilər var. Bu baxımdan da Ter-Petrosyanın “Kapitulyasiya yeganə yoldur. Sülh müqaviləsi mütləq imzalanmalıdır” açıqlaması Ermənistanın hansı yola əl atırsa atsın, heç nəyə nail ola bilməyəcəyini aydın göstərir”.







Redaktorun seçimi