Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq

Hit: 997
Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Azərbaycan Prezidenti burada çıxış edib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
27 sentyabr 2020-ci il tarixdə  Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müddət ərzində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığını iki qat artırırdı.
 
Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı.
 
Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
 
Dövlət başçının qeyd etdiyi kimi “Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
 
Oqtay Həmidov
Göygöl Baytarlıq idarəsinin rəisi
 







Redaktorun seçimi