Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur

Hit: 896
Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur
Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualına cavabını xatırlatmaq istərdim. Prezident İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış siyasəti nəticəsində ölkəmizin bu günü üçün yaradılan möhkəm təmələ əsaslanaraq sualı belə cavablandırmışdı: "Həm asan, həm də çətin: asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam”.
 
Prezident İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradırdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması və sair kimi həlli vacib məsələlər idi. Son 19 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkün olsa da, birmənalı vurğulamaq olar ki, bugünkü Azərbaycan məhz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. O Azərbaycan ki, artıq çoxəsrlik tarixinə yeni bir səhifəni - Zəfər Gününü yazdı.
 
Prezident İlham Əliyev xalqı və dövləti üçün misilsiz xidmətlər göstərən tarixi şəxsiyyətlər sırasına öz adını qızıl hərflərlə yazdı. Təbii ki, əldə olunan hər bir uğuru şərtləndirən amillər mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu fikri xüsusi qeyd edirdi ki, mən nəyi nə zaman edəcəyimi bilirdim. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın bu müddət ərzində daha da gücləndiyini, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın formalaşdığını bildirirdi.
 
Prezident İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu amil dayanır ki, güclü dövlət, yüksək rifah həyata keçirilən siyasətin əsasını təşkil edir. Həmçinin bu məqam da diqqətə çatdırılır ki, 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək” tezisi irəli sürüləndə yalnız elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmirdi. Söhbət ondan gedirdi ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət məmurları insanların qayğıları ilə maraqlanmalı, daim onların yanında olmalıdırlar. Ölkə Prezidenti İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyi sahəsində çalışan hər kəsdən də bunu tələb edir. Vətəndaş məmnunluğunun artırılması dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsasında dayanır. Bu isə öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. Prezident İlham Əliyev xalqa güvəndiyini, xalqdan güc aldığını hər zaman bəyan edir. Daim ictimaiyyətin arasında olan, irəli sürülən təşəbbüslərin, qəbul olunan qərarların icrası ilə yaxından tanış olub, onlar barədə xalqın dilindən eşitməyə çalışan liderə milyonların sevgisi şəksiz olacaq.
 
Dilqəm Dilənov 
Göygöl rayon Ağsaqqallar Şurasının sədri 

 







Redaktorun seçimi