Xalq-dövlət birliyi

Hit: 480
Xalq-dövlət birliyi

Sentyabrın  13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan həmişəki kimi öz revanşist niyyətlərindən əl çəkmir.

13 sentyabr tarixində yaşanmış insident ATƏT-in Minsk Qrupunun dirçəltməsinə xidmət edən simulyasiyadır. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Belə ki, bu təxribat cari ilin 15-16 sentyabr tarixində Özbəkistanın Səmərkənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərinin artırılmasına hesablanıb. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir.

Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Azərbaycanın qüvvətli ordusu var. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 80 faizini sıradan çıxardı. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar, tanınmış, təcrübəli hərbiçi generalları vardır və “Dəmir yumruq” yerindədir. Yaşından və rütbəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçumuz düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdir. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatlar nəticəsində Azərbaycan tərəfinin verdiyi hər bir şəhidin qanı yerdə qalmır və qalmayacaq.
Dünyanın müvafiq reytinq agentliklərinin sorğusuna görə, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer tutmuşdur. Bu sorğu, əsasən, orduların malik olduğu fiziki ölçülərə görə aparılır. Amma bu sorğu meyarlarına ordunun məharəti, taktiki təfəkkürü, mənəvi dəyərləri, döyüşkənliyi kimi meyarlar daxil deyildir. Azərbaycan dövlətinin müdrik rəhbərliyi altında formalaşdırılmış Milli Ordumuz isə yeni nəsil hərbi texnikanın istifadəsinin xüsusi rol oynadığı müasir bir taktika nümayiş etdirdi. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edərək regionun ən güclü ordusu olduğunu sübut etdi. Bu döyüş salnamələri Ermənistana, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk qrupuna göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğal faktı ilə heç vaxt barışmayacaq. Müzəffər ordumuz bir də onu sübut etdi ki, dünya güclərinin regiondakı reallıqlarla hesablaşacağı, təkcə iqtisadi cəhətdən deyil, həm də hərbi-siyasi yöndən güclü Azərbaycan var!

Dünya təcrübəsi də göstərir ki, səriştəli, qətiyyətli və mübariz komandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyyəti məhz belə keyfiyyətlərə malik olduğunu bir daha nümayiş etdirdi. Məqsədyönlü təmkin, hər addımın hesablanması, qüvvələrin düzgün bölüşdürülməsi, bütün xidmət sahələrinin dəqiqliklə uzlaşdırılması, döyüşlərin və hərbi qüvvələrin idarəedilməsinin çevikliyi, dövlətin və xalqın potensialının döyüşən cəbhə ilə düzgün əlaqələndirilməsi Tarixi Zəfər üçün zəmin yaratdı. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanın¬da müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mü¬barizlik, müdriklik rəmzinə çevrildi. Prezident İlham Əliyev xarici televiziyalara verdiyi müsahibələrdə Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibələrində ifşa etdi. Ali Baş Komandanın savaş günlərində xalq müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi müsahibələrdə səslənən həqiqətlər Azərbaycanın düşmən üzərində diplomatik və təbliğatı üstünlüyünü təmin etdi, öz yalanları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu.

13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyev dediyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”.

13 sentyabr tarixli insident və bu kimi digər erməni təxribatları ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir. Xalq-dövlət birliyi əsasında qazanılmış şanlı Tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xi¬las edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağımızı ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcəkdir.
Bu birlik yumruq halında birləşmişdir. Azərbaycan Prezidentinin dediyi kimi “bu yumruq düşmənin başını əzən yumruqdur, Qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova öz torpağımızda dayandıq. Düşmən diz çökdü”. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı Zəfəri ilə doğrultdu.
Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!

Akif Rəfiyev,
Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri







Redaktorun seçimi