Yeni qanun layihəsinin hazırlanması ölkəmizdə həyata keçirilən siyasi islahatların tərkib hissəsidir

Hit: 905
Yeni qanun layihəsinin hazırlanması ölkəmizdə həyata keçirilən siyasi islahatların tərkib hissəsidir
"Mövcud "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilib və təbii olaraq müasir dövrün tələblərinə uyğun deyildi. Bu baxımdan da Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər".
 
Faktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib.
 
Millət vəkili bildirib ki, Milli Məclis qanun layihəsinin hazırlanması prosesinə başlandığı barədə cari il iyulun 26-da mediada açıqlama verib və ilk olaraq Milli Məclisin saytında yerləşdirilib. Bununla yanaşı, Milli Məclis layihənin hazırlanmasında siyasi partiyaların iştirakını təmin etmək məqsədi ilə dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət edib ki, bu da demokratik dəyərlərin və şəffaflığın qorunması deməkdir. Artıq 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib:
 
"Xüsusi qeyd etmək istədiyim vacib məqamlardan biri də layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsi və nəzərə alınmasıdır. Belə ki, layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib".
 
Jalə Əhmədova diqqətə çatdırıb ki, sentyabrın 28-də "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı keçiriləcək ilk ictimai dinləmə, həmçinin növbəti ictimai dinləmə zamanı siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçiriləcək:
 
"Qeyd etmək lazımdır ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ölkəmizdə həyata keçirilən siyasi islahatların tərkib hissəsidir".







Redaktorun seçimi