Prezidentin yürütdüyü sosial siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır

Hit: 1289
Prezidentin yürütdüyü sosial siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni yol xəritəsində Azərbaycanın dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətinin formalaşması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz siyasi, iqtisadi, hərbi, mədəni, elm, təhsil, sosial və digər sahələrdə uğurla inkişaf edir. Xüsusilə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial islahatlar proqramında əmək, məşğulluq, sosial müdafiə sahələrində idarəçilik, həmçinin əhaliyə xidmətin təkmilləşdirilməsi, müasir, innovativ iş prinsiplərinin tətbiqi sahəsində yeni nailiyyətlər əldə edilmişdir. Prezident İlham Əliyevin 5 milli prioritet əsasında  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında 2021-ci il 2 fevral tarixli sərəncamı ölkəmizin sosial-iqtisadi inkişafının əsas hədəflərini müəyyənləşdirən milli yol xəritəsini təqdim etmiş, bu da öz növbəsində Azərbaycanda dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətinin formalaşacağına əsaslı zəmin yaradır.
 
Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən infrastruktur layihələri, artan əməkhaqları və müavinətlər, əhalinin rifah halının yüksəldilməsi və s. istiqamətdə atılan addımlar bu siyasətin bariz nümunəsidir. Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyətin inkişafında  prirotet istiqamət kimi yoxsulluq səviyyəsinin minimuma endirilməsi, işsizliyin aradan qaldırıması, yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi, şəhid ailələri və əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi, ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəyə çatdırılması, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığının gücləndirilməsi, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin artırılması və s. məsələlər qarşıya qoyulan əsas hədəflərdəndir.  
 
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı aktuallığı, əhəmiyyəti və miqyasına görə hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. Regionlarda iqtisadi aktivliyi daha da artırmaqla sahibkarlığın inkişafını sürətləndirmək, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaq olar. Bundan başqa, Sərəncama əsasən bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri,onları qayğılandıran sosial problemlərin həlli, regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərilməsi, o cümlədən emal müəssisələrinin yaradılması xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda yeni iş yerlərinin açılmasını və s. təmin edəcəkdir. 
 
Ölkəmizdə regionların inkişafını paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq  üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmalı, regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinə diqqət yetirilməsi əsas sahələrdəndir. Bütün bu imkanlar 2030-cu ilə kimi Azərbaycanda dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşmasına gətirib çıxaracaqdır.
 
Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı








Redaktorun seçimi