Zəngilan Şəhər Günü həm də inkişafın təntənəsidir - AÇIQLAMA
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar gün Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Zəngilan rayonu 44 günlük Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Zəngilanın azad edildiyi günün Şəhər Günü kimi təsis edilməsi şəhidlərimizin əziz xatirəsinə ehtiramın, dağıdılmış yurd yerlərimizin yenidən dirçəlməsinin və çiçəklənməsinin rəmzidir. Bu gün zəngilanlılar doğma yurdlarında yeni, firavan və təhlükəsiz həyat qurur, əlamətdar günü ata-baba torpaqlarında qeyd edirlər. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı da məhz Zəngilan rayonunun Ağalı kəndindən – ilk “Ağıllı kənd” layihəsindən başlayıb.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Zəngilan Şəhəri Günü ilə əlaqədar açıqlamasında bildirib.
Komitə sədri qeyd edib ki, Zəngilanın Ermənistanın işğalından azad edilməsindən altı il ötür. Bu şərəfli tarix xalqımızın 27 illik Vətən həsrətinə son qoyan, mürəkkəb coğrafi relyef şəraitində misilsiz rəşadət göstərən Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin mühüm səhifələrindən biridir.
Onun sözlərinə görə, Zəngilan şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin strateji əhəmiyyətli qələbələrindən biri olub. Bu qələbə, eyni zamanda, Azərbaycan-İran dövlət sərhədinin böyük bir hissəsinin nəzarətə götürülməsinə və ölkəmizin cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunmasına imkan yaradıb. Zəngilan işğaldan azad edildikdən sonra bölgədə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Şəhər Günü həm də bu inkişafın təntənəsidir.
Prezident İlham Əliyevin Zəngilana səfərlərindən danışan hüquq müdafiəçisi bildirib ki, dövlət başçısı və Birinci vitse-prezident Mehriban Əliyevanın bölgəyə səfərləri mühüm tarixi hadisələrlə yadda qalıb.
“Dövlətimizin başçısının və Birinci vitse-prezidentin işğaldan azad edilmiş ərazilərə hər səfəri əlamətdar hadisəyə çevrilir. Bu səfərlər mühüm müəssisələrin açılışı, yeni layihələrin təməlinin qoyulması və bölgənin dirçəlişinə xidmət edən digər tədbirlərlə yadda qalır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci il dekabrın 23-də işğaldan azad edilmiş Zəngilan və Qubadlı rayonlarına səfər edərək Zəngilanda Azərbaycan bayrağını ucaldıblar. Sonrakı səfərlər də mühüm tarixi hadisələrlə əlamətdar olub”, – deyə Ç.Qənizadə bildirib.
Hüquq müdafiəçisi ilk “Ağıllı kənd” layihəsi barədə danışarkən Zəngilan rayonunun Ağalı kəndinin müasir tələblərə və ekoloji standartlara uyğun şəkildə yenidən qurulduğunu vurğulayıb. O qeyd edib ki, 2022-ci il iyulun 19-da keçmiş məcburi köçkünlərin Ağalı kəndinə köçürülməsi ilə Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış” prosesinə start verilib. Bu gün Ağalı müasir infrastruktur və yaşayış şəraiti ilə seçilən kəndlərdən biridir.
Ç.Qənizadə vurğulayıb ki, Zəngilan şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümündə – 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı bölgənin nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Onun sözlərinə görə, Zəngilan yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası və region ölkələri üçün strateji əhəmiyyətə malikdir. Gələcəkdə reallaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi Zəngilan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək.
Komitə sədri bildirib ki, hazırda Zəngilanda aparılan tikinti, bərpa və yenidənqurma işləri rayonun simasını əhəmiyyətli dərəcədə dəyişir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir.
Bildirilib ki, doğma yurdlarına qayıdan ailələrin müvafiq qurumlar tərəfindən mərhələli şəkildə, peşə ixtisasları və bacarıqları nəzərə alınmaqla işlə təmin olunması nəzərdə tutulur. Onlar dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər müəssisələrdə çalışacaqlar.
Ç.Qənizadə Vətən müharibəsində Zəngilanın azadlığı uğrunda qəhrəmanlıq göstərən hərbi qulluqçuların dövlət tərəfindən yüksək qiymətləndirildiyini də vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş “Zəngilanın azad olunmasına görə” medalı ilə Azərbaycan Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu təltif edilib.
“Hazırda Zəngilan yenidən qurulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli qərarı ilə “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Bu gün həyata keçirilən bərpa, yenidənqurma və tikinti işləri həmin Baş plana uyğun aparılır”, – deyə Ç.Qənizadə bildirib.




































































