Fransada etirazlar xroniki xarakter alır, sosial-iqtisadi narazılıq siyasi böhrana çevrilir - ŞƏRH

Hit: 174
Fransada etirazlar xroniki xarakter alır, sosial-iqtisadi narazılıq siyasi böhrana çevrilir - ŞƏRH
Uzun müddətdir Fransada müşahidə olunan etiraz hərəkatları zaman keçdikcə daha geniş miqyas alaraq xroniki xarakter qazanıb. İlkin mərhələdə əsasən sosial-iqtisadi tələblər və əmək hüquqları ətrafında formalaşan narazılıq hazırda daha geniş ictimai təbəqəni əhatə edir, siyasi çağırışlarla müşayiət olunur. Küçə aksiyaları ilə yanaşı, rəqəmsal platformalarda da geniş yayılan etirazlar ölkədə hakimiyyətlə cəmiyyət arasında münasibətlərin gərginləşdiyini göstərir.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
 
Onun sözlərinə görə, Fransada etiraz dalğalarının genişlənməsində Prezident Emmanuel Makronun daxili siyasəti və sosial-iqtisadi problemlərin həllinə yanaşması mühüm rol oynayıb. 2018-ci ildə başlayan “Sarı jiletlilər” hərəkatı bunun bariz nümunəsidir. Yanacağın qiymətinin artırılması ilə bağlı narazılıqdan qaynaqlanan aksiyalar qısa müddətdə geniş ictimai etiraz hərəkatına çevrilib və müxtəlif sosial qrupları bir araya gətirib. Həmin dövrdə etirazların yatırılması zamanı güc strukturlarının sərt müdaxilələri və insan hüquqlarının pozulması ilə bağlı iddialar hakimiyyətə qarşı narazılığı daha da artırıb. Sosial-iqtisadi tələblərə adekvat cavab verilməsi əvəzinə, etirazların əsasən inzibati və güc vasitələri ilə məhdudlaşdırılması cəmiyyətdə problemlərin həllini çətinləşdirib. Fransada əvvəlki dövrlərdə etirazlar daha çox əmək hüquqları və həmkarlar ittifaqlarının tələbləri ətrafında cəmləşirdisə, son illər həyat səviyyəsinin aşağı düşməsi, alıcılıq qabiliyyətinin zəifləməsi və sosial təminatla bağlı narahatlıqlar daha geniş əhali qruplarının narazılığına səbəb olur. Fermerlərin, təhsil işçilərinin, məktəblilərin və universitet tələbələrinin etirazları da bu ümumi mənzərənin tərkib hissəsidir.
 
Deputat qeyd edib ki, belə aksiyalarda sosial-iqtisadi tələblər üstünlük təşkil etsə də, zaman keçdikcə siyasi şüarlar və hakimiyyətin fəaliyyətinə qarşı çağırışlar da ön plana çıxır. Bu isə etirazların yalnız ayrı-ayrı qərarlara münasibət deyil, bütövlükdə ölkənin idarəçilik modelinə və siyasi rəhbərliyə etimad məsələsi ilə bağlı olduğunu göstərir.
 
“Emmanuel Makronun hakimiyyəti dövründə Fransada baş verən etirazlar ölkəni Avropadakı ictimai narazılıq dalğasının mühüm mərkəzlərindən birinə çevirib. Sosial tələblərə cavab verən islahatların həyata keçirilməməsi və etirazların sərt müdaxilələrlə məhdudlaşdırılması narazılığın zaman-zaman yenidən alovlanmasına zəmin yaradır. Cəmiyyətdə narazılıq uzun müddət yığıldıqdan sonra müxtəlif səbəblərlə kütləvi aksiyalar şəklində üzə çıxır.
 
Fransanın daxili siyasəti Avropa İttifaqındakı mövqeyinə də təsirsiz ötüşmür. Belə ki, Fransanın həm Avropa İttifaqının aparıcı dövlətlərindən biri olması, həm də Avropa institutlarında mühüm rol oynaması ölkədəki siyasi və sosial prosesləri ümum-Avropa miqyasında əhəmiyyətli edir. Daxili narazılığın dərinləşməsi və hakimiyyətin bu narazılığa reaksiyası Fransa cəmiyyətində olduğu kimi, ölkənin Avropa miqyasındakı siyasi nüfuzu baxımından da müzakirə mövzusuna çevrilir”, - deyə A.Allahverənov bildirib.
 
Onun fikrincə, hakimiyyətin ictimai narazılığın səbəblərini daxili siyasətin nəticələri ilə əlaqələndirmək əvəzinə, məsuliyyəti xarici qüvvələrin və ya ayrı-ayrı sosial qrupların üzərinə yönəltməsi problemlərin mahiyyətini arxa plana keçirə bilər. Diqqətin kənar amillərə yönəldilməsi cəmiyyətdəki narazılığın əsas səbəblərini aradan qaldırmır. Həmçinin hakimiyyətin siyasi inadkarlıq nümayiş etdirməsi və etirazçıların tələblərinə etinasız yanaşması cəmiyyətlə dövlət institutları arasındakı etimad böhranını dərinləşdirir. Beləliklə, Fransada etirazların davamlı xarakter alması yalnız ayrı-ayrı iqtisadi qərarlara qarşı narazılıqla məhdudlaşmır. Bu proses sosial problemlərin həlli, siyasi dialoqun effektivliyi və hakimiyyətin cəmiyyət qarşısında məsuliyyəti ilə bağlı daha geniş sualları gündəmə gətirir. Etirazçıların əsas məqsədi güc strukturları ilə qarşıdurmaya girməkdən daha çox, öz tələblərini hakimiyyətə çatdırmaq və qərarların dəyişdirilməsinə nail olmaqdır. Bu baxımdan, Fransada müşahidə olunan aksiyalar cəmiyyətin siyasi rəhbərliyə etimadının zəifləməsinin göstəricisi kimi qiymətləndirilə bilər.






Redaktorun seçimi