Azərbaycanın Mərkəzi Asiya siyasəti ölkənin regional bağlantı mərkəzi kimi rolunu gücləndirir - RƏY

Hit: 172
Azərbaycanın Mərkəzi Asiya siyasəti ölkənin regional bağlantı mərkəzi kimi rolunu gücləndirir - RƏY
Azərbaycanın region dövlətləri ilə siyasi dialoqunun intensivləşməsi, Xəzərin iki sahili arasında nəqliyyat və enerji bağlantılarının genişlənməsi, Orta Dəhlizin əhəmiyyətinin artması və Bakının Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələndirici rolunun güclənməsi yeni regional reallıqlar yaradır. Bu proses Azərbaycanın Avrasiyanın dəyişən geosiyasi xəritəsində mövqeyinin də getdikcə möhkəmləndiyini göstərir.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
 
O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya siyasətində əsas istiqamətlərdən biri nəqliyyat-logistika imkanlarının genişləndirilməsidir: “Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan Avropaya uzanan bu marşrutun Azərbaycan ərazisindən keçməsi ölkəmizin tranzit əhəmiyyətini artırmaqla yanaşı, Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını da genişləndirir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Limanı və müasir nəqliyyat infrastrukturu Azərbaycanın bu prosesdəki rolunu daha da gücləndirir. Eyni zamanda, Xəzər üzərindən daşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi Şərqlə Qərb arasında daha çevik, təhlükəsiz və dayanıqlı nəqliyyat bağlantısının yaradılmasına xidmət edir. Bu mənada Azərbaycan artıq sadəcə Mərkəzi Asiyaya “çıxışı olan” ölkə deyil. Ölkəmiz getdikcə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas strateji halqalardan birinə çevrilir. Bu, Azərbaycanın coğrafi mövqeyinin yaratdığı üstünlüklərlə yanaşı, son illərdə həyata keçirilən məqsədyönlü infrastruktur və xarici siyasət kursunun nəticəsidir”.
 
S.Salmanova vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində formalaşdırdığı təcrübə və infrastrukturu, Mərkəzi Asiya dövlətlərinin enerji potensialı ilə birləşdikdə yeni regional imkanlar yaradır. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də qarşıdakı dövrdə Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin mühüm istiqamətlərindən birinə çevrilir. Beləliklə, qarşıdakı mərhələdə Orta Dəhliz, enerji və investisiya layihələri yalnız ayrı-ayrı ölkələr arasında iqtisadi əlaqələrin inkişafına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid geoiqtisadi məkanın formalaşmasına təkan verəcək. Bu prosesdə Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri də xüsusi siyasi əhəmiyyət daşıyır. Şaxşay Əməkdaşlıq Təşkilatı kimi geniş beynəlxalq platformada Azərbaycanın təmsil olunması ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin ikitərəfli münasibətlərdən daha geniş çoxtərəfli əməkdaşlıq müstəvisinə keçdiyini göstərir. Azərbaycan bununla həm regionun siyasi və iqtisadi gündəliyinə töhfə verir, həm də özünü Şərq ilə Qərb arasında etibarlı tərəfdaş və bağlantı mərkəzi kimi daha da möhkəmləndirir.
 
Milli Məclisin deputatı bildirib ki, bu gün Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində söhbət yalnız diplomatik təmasların intensivliyindən getmir. Qarşıda nəqliyyat, enerji, investisiya, ticarət, rəqəmsal bağlantılar və humanitar əməkdaşlıq istiqamətlərində daha geniş imkanlar açılır. Bu imkanların reallaşdırılması isə Azərbaycanı Avrasiyanın yeni iqtisadi arxitekturasında daha mühüm mövqeyə çıxara bilər.
 
“Prezident İlham Əliyevin Mərkəzi Asiyaya yönəlmiş fəal və ardıcıl siyasəti məhz belə uzunmüddətli strateji baxışın ifadəsidir. Azərbaycan bu gün regionlar arasında körpü olmaqla kifayətlənmir, həmin körpünün üzərində yeni əməkdaşlıq və inkişaf platformalarının qurulmasında fəal iştirak edir”, - deyə deputat əlavə edib.






Redaktorun seçimi