Prezidentin Naxçıvana hər gəlişi muxtar respublikada bayram əhval-ruhiyyəsi yaradır - ŞƏRH
Dövlət başçımızın Naxçıvan Dövlət Universitetinə (NDU) göstərdiyi növbəti böyük diqqət və qayğı ali təhsilimizin inkişafına verilən yüksək dəyərin daha bir bariz nümunəsidir. Prezident İlham Əliyev gənc nəslin yetişməsi üçün həmişə öz diqqət və qayğısını əsirgəməyib. Bu dəfə də ənənəsini davam etdirərək Naxçıvana səfər edərək minlərlə tələbəni sevindirdi.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı NDU-nun rektoru Elbrus İsayev deyib.
Onun sözlərinə görə, səfərdən sonra Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 avqust 2026-cı il tarixli Sərəncamının 1.3-cü bəndində Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 (iyirmi beş) milyon manatın ayrılması müxtəlif rayon və kəndələrdən Naxçıvana təhsil almağa gələn tələbələrə böyük dəstəkdir.
“Bu əvəzsiz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Hər bir ölkənin inkişafı onun təhsilinin səviyyəsindən asılıdır. Tikiləcək yataqxana kompleksi tələbələrin mənzil-məişət şəraitinin yaxşılaşmasına xidmət edir ki, bu da onları əlavə qayğıdan azad edərək daha ciddi elmi araşdırmalar aparmalarına imkan yaradacaq. Prezidentin Naxçıvana hər gəlişi muxtar respublikada bayram əhval-ruhiyyəsi yaradır. Çünki Prezidentin hər səfəri regionumuzun inkişafa doğru atdığı addımları özündə ehtiva etdirir. Bu səfər də tarixi xarakter daşıyır və sadəcə yeni obyektlərin açılışı kimi deyil, gələcək inkişaf, Naxçıvanın qlobal iqtisadiyyata qovuşması istiqamətində atılan siyasi addım kimi qiymətləndirilməlidir.
Naxçıvanın zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı, eyni zamanda, Naxçıvanın strateji mövqeyi burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”, - deyə rektor nəzərə çatdırıb.






























































