Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Hit: 157
Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb
Hazırkı vəziyyətdə artıq aydın görünür ki, dünyada böyük nüfuza və imkanlara malik güc mərkəzləri arasında qarşıdurma və rəqabətin əsas istiqamətlərindən biri strateji əhəmiyyət daşıyan marşrutlar, keçidlər, tranzit yolları və dəhlizlər üzərində cəmlənir. Bu baxımdan müasir dünyada baş verən müharibələr və qarşıdurmalar yalnız insanlara çoxsaylı dağıntılar və faciələr gətirmir, eyni zamanda fəaliyyətdə olan nəqliyyat və kommunikasiya xətlərinin, tranzit marşrutlarının parçalanması və ya fəaliyyətinin dayandırılması ilə də müşayiət olunur.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
 
Onun sözlərinə görə, dövlətlər üçün alternativ nəqliyyat və tranzit yollarının mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Çünki bir tərəfdən ölkələr öz ticarət əlaqələrini qoruyub saxlamağa, digər tərəfdən isə ixracatçıların məhsullarının idxalçılara çatdırılmasını təmin etməyə çalışırlar. Eyni zamanda, idxalçı ölkələr üçün də ixracatçılarla mövcud əlaqələrin və təchizat zəncirlərinin qorunması mühüm məsələdir. Bu baxımdan Şimal və Cənub dəhlizləri üzrə mövcud vəziyyətə nəzər saldıqda, Avrasiya məkanında baş verən müharibələr və geosiyasi qarşıdurmalar nəticəsində həmin marşrutların imkanlarının müəyyən dərəcədə məhdudlaşdığını və bəzi istiqamətlər üzrə keçidlərin çətinləşdiyini görürük. Buna görə də hazırda Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır və bu prosesdə Azərbaycanın rolu olduqca böyükdür.
 
“ABŞ-nin regiona marağının səbəblərindən biri Azərbaycanın uzun illər ərzində formalaşdırdığı yeni reallıqdır. Azərbaycan həm diplomatik, həm də hərbi-siyasi müstəvidə gözlənilməz və səmərəli həll yolları taparaq Ermənistanın yaratdığı uzunmüddətli hərbi-siyasi gərginlik ocağını aradan qaldırıb. Ermənistanın uzun illər regionda yaratdığı gərginlik investisiyaların cəlb olunmasına, əlverişli biznes mühitinin formalaşmasına və regional iqtisadi əlaqələrin inkişafına ciddi maneələr törədirdi. Azərbaycan bu mənfi təsirləri mərhələli şəkildə aradan qaldırmağa nail oldu”, - deyə politoloq vurğulayıb.
 
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə imzalanmış neft müqavilələri Azərbaycanın iqtisadi inkişafının və regiona yeni investisiyaların cəlb edilməsinin əsasını qoydu. Daha sonra ölkənin enerji infrastrukturu genişləndirildi və Azərbaycan region üçün yeni imkanlar formalaşdırdı. Ermənistan uzun illər ərzində regionda gərginlik və qarşıdurma yaratmağa, Azərbaycanın və Türkiyənin imkanlarını məhdudlaşdırmağa çalışsa da, qardaş ölkələr bu destruktiv cəhdlərin qarşısını almağa nail oldular. Bu gün isə TRIPP layihəsi artıq praktiki reallaşma mərhələsinə qədəm qoyur. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan ötən müddət ərzində Azərbaycan üzərinə düşən məsələlərin həlli istiqamətində mühüm addımlar atıb. Eyni zamanda, ABŞ-nin yüksəksəviyyəli rəsmilərinin həm Bakıya, həm də İrəvana səfərləri Vaşinqtonun prosesdə iştirakını və Cənubi Qafqazdakı diplomatik mövcudluğunu nümayiş etdirir. Bu səfərlər ondan xəbər verir ki, ABŞ diplomatiyası məsafənin uzaq olmasına baxmayaraq, regionda öz mövcudluğunu və proseslərə təsir imkanlarını qorumaq niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyev də 2025-ci il avqustun 8-də Vaşinqtonda bildirdi ki, biz müharibə səhifəsini artıq çevirmişik. Prosesləri geriyə qaytarmaq istəyən qüvvələr isə mövcuddur. Nəqliyyat dəhlizlərinin açılması Azərbaycan da daxil olmaqla, region ölkələri üçün son dərəcə vacibdir.
 
Azərbaycanın burada multimodal daşımaların təminatçısı kimi çıxış etdiyini bildirən T.Abbasov qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt ərazisində yaradılması və inkişaf etdirilməsi üçün Azərbaycan böyük investisiyalar həyata keçirib və bu infrastrukturun öz strateji rolunu tam şəkildə yerinə yetirməsinə çalışır. Ələt ətrafında yeni hava nəqliyyatı infrastrukturunun yaradılması da regionun logistika imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayacaq. Azərbaycan özünün qitələrarası nəqliyyat və iqtisadi əlaqələrdə mühüm mövqeyini aydın şəkildə anlayır və bu mövqedən yalnız özü faydalanmağa deyil, digər tərəfdaşlara da iqtisadi imkanlar yaratmağa çalışır. Bunlar Türk dünyası üçün də böyük əhəmiyyət daşıyır.






Redaktorun seçimi