Slovakiya Azərbaycanla tərəfdaşlığını konkret addımlarla nümayiş etdirib - ŞƏRH
Azərbaycan və Slovakiya arasında bir sıra sahələr üzrə qarşılıqlı dialoq mövcuddur. Bu əməkdaşlıq iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edir. Slovakiyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu gələcəkdə daha da artacaq. Müdafiə sənayesi və Qarabağda həyata keçirilən "Ağıllı kənd" layihələri də konkret əməkdaşlıq istiqamətləri sırasındadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib ki, 2024-cü ildə Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Həmin sənəddən sonra iki ölkə arasında müxtəlif sahələr üzrə münasibətlərin sistemli və praktiki inkişafı istiqamətində mühüm addımlar atılıb.
“2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan daha çox Avropa ölkəsi ilə müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə nail olub. Bu gün Şərqi Avropa ölkələri Azərbaycanla əlaqələrini daha fəal şəkildə inkişaf etdirirlər. Artıq Şərqi Avropa ilə yanaşı, Mərkəzi Avropa ölkələri ilə münasibətlərdə də yeni əməkdaşlıq formalaşır. Bu ölkələrdən biri də Slovakiyadır. Slovakiya bir sıra digər ölkələrlə birlikdə, istər Avropanın müxtəlif təsisatlarında, istərsə də beynəlxalq arenada Azərbaycanla tərəfdaşlığını konkret addımlarla nümayiş etdirib”, - deyə Z.Məmmədov vurğulayıb.
Deputat əlavə edib ki, Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumu iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də biznes mühitində əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, qeyd etmək lazımdır ki, 2027 və 2028-ci illərdə Slovakiya Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirəcək. Bu da göstərir ki, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edir.











































































