Azərbaycan Prezidenti BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib

Hit: 2074
Azərbaycan Prezidenti BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.
 
Faktor.az xəbər verir ki, Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirib və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
 
Tatyana Valovaya BMT-nin Qadınlar Davamlı İnkişaf Məqsədi üzrə təşəbbüsünün inkişaf etdirilməsində Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib, Prezident İlham Əliyevin minaların təmizlənməsi üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin yaradılması təşəbbüsünün çox dəyərli və vacib olduğunu vurğulayıb. O, BMT çərçivəsində üzv dövlətlərlə birgə bu istiqamətdə müzakirə aparılmasının mümkünlüyünü və önəmini diqqətə çatdırıb.
 
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın təsisatlanmasına və ölkəmizin multilateralizmə daim böyük əhəmiyyət verdiyini bildirib, Hərəkatın təsisatlanması istiqamətində ölkəmiz tərəfindən aparılan işlərin, xüsusilə də Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşəbbüslərini qeyd edib. Prezident İlham Əliyev həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması istiqamətində təşəbbüslə çıxış etdiyini vurğulayıb. Azərbaycanın Ermənistan işğalından azad edilmiş torpaqlarımızın minalarla çirkləndirilməsi problemi ilə üzləşdiyini qeyd edən dövlət başçısı minaların təmizlənməsinin də Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit olunmasının vacibliyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini və ölkəmizin humanitar minatəmizləmə sahəsində müasir texnologiyalardan səmərəli şəkildə istifadə etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, 2020-ci il noyabrın 10-dan sonra 300-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
 
Görüşdə BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyi də müzakirə edilib.








Redaktorun seçimi