İlham Əliyev Dövlət Xidmətinin yeni binasının açılışında iştirak edib

Hit: 1659
İlham Əliyev Dövlət Xidmətinin yeni binasının açılışında iştirak edib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.
 
Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən çoxmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.
 
İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verib.
 
Bildirilib ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.
 
Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub. Göründüyü kimi, yeni binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün hər cür şərait yaradılıb.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində əmlak məsələləri sahəsində də bir sıra irəliləyişlərə nail olunub. Belə ki, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə mühüm işlər görülüb. Vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2022-ci ildə vətəndaşlardan, sahibkarlardan, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1 milyona yaxın elektron müraciət daxil olub.
 
Xüsusi vurğulayaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks etdirilən tədbirlər, o cümlədən həmin ərazilərdə yerquruluşu, torpaqların elektron kadastr uçotu, torpaq tədqiqatları, torpaqların idarə edilməsi və işğal nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Məsələn, işğaldan azad edilmiş ərazilərdə ötən il 390 min hektar sahədə yerquruluşu, 283 min hektarda çöl torpaq tədqiqatı, 309 min hektarda geobotaniki tədqiqat işləri görülüb. Həmçinin azad edilən ərazilərdə indiyədək 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb. Bu sahədə uğurlardan biri də işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə toplanmış məlumatların etibarlı surətdə qorunmasının və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminin yaradılmasıdır. Bu günədək rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikili və qurğudan təqribən 145 mini təsbit olunub və həmin sistemə daxil edilib.








Redaktorun seçimi