Böyük mədəniyyət - hədiyyəlik “uca dağ”

Hit: 1893
Böyük mədəniyyət - hədiyyəlik “uca dağ”

Ey dadi bidad danəndə dəhan dərviş d...

Yaxın günlərin söhbətidir. Fatmeyi kəndi tərəfədn dənizə doğru sallanmışdım. Nəhayət gəlib dənizə çatmaq, doyunca nəfəs almaq istəyirdim. Di gəl, dənizə yetişim derkən, hündür və uzun bir hasar qarşımı kəsdi. Hasar boyunca getdikcə getdim. Sonda bezib dayandım. Ordan keçən yaşlı birisindən soruşdum ki, dənizə necə getmək olar? Dedi, burdan çətin. Dedim, niyə çətindi? Dedi, sahibi belə istəyib, belə edib. Dedim, sahibi kimdi? Dedi, sahibi iribuynuzlulardan birididr. Məlum oldu ki, o iribuynuzlu dediyində hansısa nazirləri nəzərdə tutur. Bir az da isinişərək söhbət etdiyimizdə, aydınlaşdı ki, o nazir, oliqarx, o iribuynuzlu gədə dənizin kənarındakı bu yerləri sevgilisi üçün hədiyyə edib. Doğrusu, bu “hədiyyə” sözü məni bərk tutdu. Yadıma nə vaxtsa hansısa yazıdan oxuduğum bir fikir gəlib düşdü. O yazıda deyilirdi ki, Finlandiyanın müstəqilliyinin 100 illiyi şərəfinə Norveç Finlandiya üçün bir "dağ" hədiyyə etmişdir. Nəticədə Norveç sərhədlərini 200 m. geri çəkmişdir və beləliklə, həmən dağ Finlandiyanın ən yüksək nöqtəsi olmuşdur. Birdən öz özümə fikirləşdim ki, dostum, o hədiyə ilə bu hədiyyəni səhv salma. Hardan hara. Ancaq nə olursa olsun, hər iki “cinahda” (nöqtədə) keçən hədiyyə sözü vardı. Gerçəkdən bu gün, meşələrə, çöl-bayıra, dənizə, çaya, gölə yaxınlaşmaq, əsəblərini korlamaqdan başqa bir işə yaramayacaq. Bir də gördün qaça - qaça birisi üzərinə şığıdı, “bəs buranın sahibi var. Bura girə bilməzsən. Bura ödənişlidir. Sən bilirsənmi, buranın sahibi kimkdir.” Bir sözlə, Allahın yaratdığı təbiətin qoynunun sənin üçün iztrabdan, rəzillikdən başqa bir şey olmayacağını bilən adam, bir daha qələt edib elə hoqqalarla üzə  - üzə gəlməz. Çünki birazdan nəinki, dəniz sahilini, hətta adaları, dənizin nə bilim nə qədər ölçümünü, göydə günü, ayı, ulduzları, inanın, hətta bulunduğunuz ərazinin, bölgənin göyündə havanı da sahiblənib mülkiyyət sənədini alan tapılacaq. Siz də bu saydıqlarımdan “istifadə etdiyiniz üçün” haqq (pul) ödəməli olacaqsınız. İnanın, inanmayın, tezliklə elə bir gün gələcək ki, nəyə baxsanız, nəyi görsəniz, onun rusumunu ödəyəcəksiniz. Gözün bir yerə zilləndisə, qanın getdi. O da ola kasıb-kusub, indi di gəl, bir kasıbın başını qaldırıb göydə ələmdolağına, ya aya baxması onun dərisinin soyulması deyil e, ölümüdür. Ona görə də, gələcəkdə dünyaya gələn insanların çoxu, kasıb - kusub təbəqə gedib könüllü şəkildə özünü kor elətdirəcək. Daha ehtiyac olmuyacaq ki,  N.Gəncəvidəki Xeyirlə Şərin deyişməsindəki iztiraba, əzaba qəlb tabladasınız. Bəli, könüllü. Bir də gördün bir dəstə fərqli yaş qrupuna məxsus insan kor olmaq, gözlərini aldırmaq üçün həkim qəbulunda sıraya düzülüb. Hətta vaxt gələcək ki, bu “göz çıxartma, göz tökdürmə, göz aldırma” əməliyyatı milli adət-aənənyə çevriləcək. (Hətta düşünürəm ki, bu torpaqlarda ən bahalı tökülən gözlər qonur və qara gözlər olacaq:-x.t.) Bunun üçün necə ki, sünnətdən, əsəgər yola salıb qarşılamaqdan, ad günündən, evlənməkdən ötəri yır-yığnaq keçirilir, eləcə də, gözünü oyduran, tökdürən, kor olan bu şikəstliyinin şirnisini, qonaqlığını verəcək. Xalqın xeyir-duasını alacaq. Olacaq, olacaq, darıxmayın.(İndi, cırıq paltarlar dəbə mindiyi kimi: - x.t.) Hətta biri zəng edib tanış həkiminə deyəcək:
- Salam, həkim. Sabah gözlərimi çıxartmaq üçün neçədə yanınıza gəlim? - demək, harasa çox baxıb.
Bir başqası zəng edib deyəcək:
- Həkim, ayaqlarımı kəsdirmək üçün sabah neçədə gəlim?- demək, hansısa güllü çəmənin yanında keçərkən, çox dayanıb. 
Bir başqası zəng edib deyəcək:
- Həkim, əllərimi, qollarımı kəsdirmək üçün, sabah neçədə xəstəxanaya gəlim? Kiminsə evinin daşına, hasarına əlini, qolunu söykəyib.
Bunlarla birgə başqa bir söhbətlərə də indidən alışın:
- Həkim, başına dönüm,  gözlərimi neçiyə tökəcəksiniz?
- Həkim, qadan alım, burnumu dibindən neçiyə kəsib atacaqsınız? 
- Həkim, sənə gələn mənə gəlsin, bu zəhrimar ayaqlarımı kəsib atmaq neçiyə başa gələcək?
- Həkim, dədəm - nənəm sənə qurban, bu qulaqlarımı neçiyə ya yerindən qoparacaq, ya da dəlmə - deşiyini tıxayacaqsınız?
Hətta gün gələcək, namaz qıldığınız, oruc tutduğunuz, həccə getdiyiniz, zəkat verdiyiniz üçün kimlərəsə, hansa şeyxlərə, seyidlərə, mollalara, din görəvlilərinə pul ödəyəcək, haqq verəcəksiniz. Verməsəniz belə, onu sizdən tələb edəcəklər, gəlib səndən sökə-sökə alacaqlar.
İndidən bu cür ab-havaya kəsinliklə alışmaq lazımdır. Üstəlik, bir az aradan vaxt ötəndə, nəsillər dəyişəndə, dədə-babadan əsər - əlamət qalmayanda, gözü çıxarılmayanda, əl-ayağı kəsilməyəndə, burnu, qulağı tıxaclarla tıxanılmayanda şübhələnəcəklər. Şübhəli şəxs qismində səni saxlayacaqlar. Evlənmək istəsən, qız verməyəcəklər. Yaxut səndən qız almayacaqlar. Hətta ölsən, üstünə də gəlməyəcəklər, dostum. İ.Rüşdi demiş, bütün bu gedişat çəkdiyim mənzərədəki durumu göstərmirsə, məndə bu xəyal məhsulu hardan peydah oldu?
Əslinə baxsaq, əsrlərdir bu hədiyyə hadisəsi yaxamızdan yapışıb bizi buraxmır. 200 ildən artıq idi, bu vətən torpaqlarıyla birgə rusların hədiyyəsinə çevrilmişdik. 30 ildən artıq idi, ruslar ermənilərə Qarabağımızı hədiyyə etmişdilər. Ancaq nə edəsən ki, o hədiyylərdən biri də Zəngəzur olaraq hələ də öz reallığını qoruyub saxlayır. Əsrlərdir vətən torpaqları yadların hədiyyə yerinə, hədiyyə vərdişinə, alışqanlığına, hədiyyə instiktinə, hədiyyə  yaddaşına, hədiyyə zövqünə çevrilmişdi. 
Dünyanı idarə edənlər nə vaxtsa qarşımızdakı dünya xəritəsində çəmpərə alınmış ölkələrin əksəriyyətini kimlərəsə “hədiyyə” olaraq veriblər. Hindistan ingilisin azmı hədiyyəsi olub. Ərəb ölkələri anqlo-saksonların azmı hədiyyəsi olub?  Bəs Afrika? Kimlərin hədiyyəsinə çevrilməyib ki? 
Ancaq finlandiyanın 100 iliyyinə Norveçin bu şəkildə tolerantlıq göstərib “dağ” hədiyyə etməsi və bu minvalla da sərhəddini 200 mt geri çəkməsi məncə, fərqli olduğu qədər, həm də unikal hadisədir. Tarixi Azərbaycan torpaqları indiki eyni adlı dövlətin sərhədlərindən qat-qat geniş bir əraziyə malik olub. Torpaqlarımız şimalda Dərbəndə, cənubda Həmədana, şimal-qərbdə isə indiki Gürcüstanın Borçalı mahalına qədər uzanırdı. İndiki Ermənistanın bütün ərazisi birmənalı və heç bir mübahisə doğurmayacaq şəkildə bəllidir ki, vaxtilə Azərbaycan torpaqları idi. Bu əraziləri birlikdə götürsək, tarixi Azərbaycan torpaqlarının 400 min kvadratkilometrdən çox olduğunu görə bilərik. Bizim kimi xalqa, millətə heç bir hədiyyə, bəxşiş lazım deyil. Keçmiş tarixlərdə itirdiyimiz, ona-buna peşkəş çəkilən torpaqlarımızı özümüzə qaytarsalar, dünyanın ən böyük dövləti olarıq.
**
Hansısa əraziləri bir başqa dövlət, ölkə savaş yoluyla əldə edirdi. Bu da o deməkdir ki, həmin torpaqların əldə edilməsi millətin, toplumun, çoxunluğun iradəsi ilə, bir növ rzası olaraq  gerçəkləşirdi. Yəni alınan həmən torpaqların üzərində şəxsdən, fərddən çox, milli, toplumsal iradə nəfsi vardı. (Nizami Gəncəviyə Qızıl Arslanın kəndlər bağışlaması bir az fərqli mahiyyət qapsayır:- x.t.) Torpağın hədiyyəsi adı ilə payı verənin,  payı alanın üzərindəki bir iradəsinin olması ilə bağlantısı şüuraltı da təsdiqini tapır. Norveç o dağı Finlandiyaya ona görə verdi ki, hələ də Fillandiyanı özünün əsarətinin insiyativində hiss edir. Çünki tarixdə Finlandiyanın, norveçlərin inhisarında qalması bəllidir. Bu inhisarçılıq uzun sürəndə qəzəb, kin, qisasçılıq duyğuları əriyir,tərəflər arasında sanki bərabər ölçüyə, anlayışa pirim ötürən mahiyyətə dönüşür. Belə dərinliyə və gizlinliyə çəkilmiş şüurla hədiyə olunan dağda, dağın ardında əsla göz qalmaz. Çünki yenidən o dağla birgə hədiyə verilən,  hədiyyə sahibinin milli intuitiv burjua - quldarlıq mahiyyətində hökm qazana bilir. 
Bizim kimi toplumlarda belə misallar, örnəklər fərqli anlam ehtiva edir. Deyək ki, hər hansı bir türk dövlətinə bağışlanılan hər mhansı bir dağın üzərində yaranacaq milli intisiyativ təvazökarlığı sonradan simvola çevrilir. Sonradan dağ namus, vətən anlamı qazanır. Sonradan dağ, vüqar, əyilməzlik, yəni savaş, qəhrəmanlıq simvolu mesajını verir. Sonradan dağ qürur, yəni milli xarakter impulusu aşılayır. Sonradan dağ ulusun məskunlaşma kodu, şifrəsiylə fəsillər nöqteyindən qut aşılayan, xoşbəxtlik təlqin edən bir içəriyə sahib olur. Sonradan dağ, türk təfəkküründə sakrallıq boyutuna daxil olur. Sonradan dağ türk təfəkküründə cəmiyyətdən təcrid olunma, tənhalıq fəlsəfi mesajının Yaradana birbaşa rəməl atma cəsarətinin, güvəncinin testini çıxardır. Sonradan dağ, qəribçilik simvolunu, işarəsini dünyagörüşümüzə oturdur. Beləcə dağ anlayışı dağ qutuna, dağ qutu simvola, simvol milli kimliyə, metafizik mahiyətə doğru bağ qurmaq üçün uzanır. O zaman hədiyyə edilən, verilən dağın da konkret və metafizik, milli təhtəlşüurda ərazi, məkan vahidliyi başqa ölçü çiləsində millətin, insanlığın mədəniyyət faktorunda özünə kök salır. 
Demək, bizdə dağ, dağlar, məkan hədiyyəsi başqasına verilə bilməz. Çünki türk etnik metafizik və sakral sərgüzəştində dağın, daşın, torpağın yurd dəyəri, ocaq, ailə, ən nəhayət, ata-ana genetik təvazökarlığı ilə bir üst kimlik qazana bilir. Ora isə toxunulmazdır. Toxunulmaz olanda isə törə mədəniyyətə gizli və ya açıq şəkildə heç vaxt dayanmadan göylərin səadət və bərəkətini çəkib gətirir. Böyük mədəniyyət elə bilirsiniz ( TURAN MƏDƏNİYYƏTİ: - x.t.) kimlər tərəfindənsə peşkəş edilir?  Bax, elə böyük mədəniyyət bu aralıqlar və bu qatlar məngənəsində özünə forma tapıb şəkil verərək bir gün övladlarını QIZIL ALMA dalınca göndərir. Bizim yolumuz bitmir. Köçümüz durmur. Tanrının əsgəri olan bir millət, yeri gəldiyində QIZIL ALMA dalınca tənbəlliyin daşın atıb əbədi bir səyahətini fizikötəsi SƏADƏTinə başqalarını, özgələrini, düşmən kəsilənləri də minnətçi salmağı bacarır.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi