Azərbaycan Avropanın enerji təchizatında boşluqları dolduran mühüm tərəfdaşdır

Hit: 1414
Azərbaycan Avropanın enerji təchizatında boşluqları dolduran mühüm tərəfdaşdır
2020-ci il dekabrın 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Cənub Qaz Dəhlizi (CQD) layihəsinin icrası uğurla tamamlandı və Xəzər dənizindən çıxarılan Azərbaycan qazının Avropa istehlakçılarına çatdırılmasına başlandı. Uzunluğu 3500 km-dən çox olan və dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir.
 
Azərbaycanın həlledici siyasi iradəsi və iqtisadi qüdrəti bu layihənin uğurunu şərtləndirən əsas amil kimi çıxış etmişdir. Azərbaycanın apardığı düzgün siyasət nəticəsində dünyanın müxtəlif qütblərini təmsil edən bütün əsas maliyyə institutları kredit və vəsaitlər ayırmaqla Cənub Qaz Dəhlizinin icrasının maliyyələşdirilməsində iştirak ediblər. Həmin maliyyə institutları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankıdır.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev söyləyib.
 
A.Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması Avropanın enerji təchizatına verdiyi töhfə baxımından Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yüksək səviyyədə olduğuna dəlalət edir. Cənub Qaz Dəhlizinin əsas önəmi onun Avropanın enerji təchizatındakı boşluqları doldurmağa xidmət etməsindədir. İtaliya, Yunanıstan, Türkiyə, Bolqarıstan kimi ayrı-ayrı ölkələrinin qazla təchizatında Cənub Qaz Dəhlizinin payı böyükdür. Gələcək perspektivdə Balkan ölkələrinin qazla təmin olunmasında da Cənub Qaz Dəhlizi öz sözünü deyəcək. Artıq bir sıra balkan ölkələri bu məqsədlə Azərbaycana müraciət ediblər. Bu müraciətlərin bir səbəbi qaza artan tələbatdırsa, digər mühüm səbəb Azərbaycanın etibarlı tərəfdaş və təchizatçı kimi nüfuza malik olmasıdır.
 
Azərbaycan Avropanın qaz bazarında yeni oyunçudur. Amma neft bazarında 2006-cı ildən etibarən fəal surətdə iştirak edir. Ötən müddətdə neft təchizatçısı kimi Azərbaycan öz işinin öhdəsindən şəffaf, etibarlı və qarşılıqlı faydaya əsaslanan şəkildə gəlmişdir. Bu da avropalı qaz istehlakçılarının Azərbaycana olan inamını artırmışdır.
 
Qeyd olunub ki, Azərbaycanın qaz ehtiyatları onun uzunmüddətli qaz təchizatçısı olacağından xəbər verir. Cənub Qaz Dəhlizinin işə düşməsinin ilk ilində 19 milyard kubmetr qaz ixrac edilib. Hazırda ölkəmizin sübut edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr qiymətləndirilir. Bu həcmin gələcəkdə daha böyük olacağı gözlənilir. Hazırda enerji daşıyıcılarının, o cümlədən təbii qazın qiymətlərinin dünyada artması, xüsusən də Avropada qaza olan tələbatın artması fonunda təklifdə olan problemlər və bununla əlaqədar qiymətlərin yüksəlməsi Azərbaycanın enerji təchizatçısı kimi önəmini qabardır.
 
Bu kontekstdə Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan üçün təkcə qazın ixracı baxımından deyil, eləcə də ölkəmizin strateji dəyərinin yüksəlməsi baxımından vacıb rol oynayır. Bu amil Azərbaycanın digər mövzularda da mövqelərini gücləndirir və ona əlavə üstünlüklər qazandırır.
 
Milli Məclis sədrinin müavini deyib ki, son dövrdə Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində layihələr həyata keçirir. Nəticə etibarı ilə belə layihələr Azərbaycanın həm də elektrik enerjisi ixracı potensialını yüksəldir. Ölkəmiz uzun illərdir ki, qonşu ölkələrə - Rusiyaya, Gürcüstana, İrana və Türkiyəyə elektrik enerjisi ixrac edir. Elektrik enerjisinin ixracını genişləndirmək üçün Azərbaycanın qarşısında yeni imkanlar açıla bilər. Avropa İttifaqının Mərkəzi Asiya ilə Qafqaz regionunu Qara Dənizin dibindən keçməklə birləşdirən elektrik xətlərinin çəkilməsi ilə bağlı niyyəti var. Azərbaycan bu yeni istiqamətdə fəal çıxış etmək imkanına malikdir.
 
“Tərəfdaşlığın bu və ya digər istiqamətlər üzrə perspektivləri Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasına rəğmən, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səmərəli bir platforma olaraq fəaliyyətini bundan sonra da davam etdirməsi məqsədəuyğundur. Bu mövqeyi Məşvərət Şurasının 4 fevral tarixli toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson ifadə ediblər. Yaşıl enerji layihələri, bərpaolunan enerji mənbələrinin inkişafı, Qara Dənizin dibindən keçməklə Qafqaz regionu ilə Mərkəzi Avropanı birləşdirən elektrik xətlərinin yaradılması və digər məsələlərin aktuallığı həmin mövqeyin əsaslı olduğunu göstərir. Qeyd edilən istiqamətlərdə ölkəmizin potensialının böyük olması bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təchizatında boşluqların doldurulmasında uzun müddət mühüm tərəfdaş kimi çıxış edəcək”, - deyə A.Əliyev vurğulayıb.








Redaktorun seçimi