Sərvətin aristokratiyası, yoxsa mənəviyyatın elitası

Hit: 113
Sərvətin aristokratiyası, yoxsa mənəviyyatın elitası
Ey dili qafil, fil faili-məchul, fani f...
 
Deyirlər, 
Unudulmuş oxucu,
Yunan və Qərb düşüncəsinin «elit» dediyi təbəqə, aristokratlar kimlər olub? Onlar Şərqdə hansı ad altında gizləniblər uzun əsrlər boyu? Onlar İblisin uşaqları, törəmələri olublar.
Şərq aristokratlığı bilgi və mənəviyyat üzərindən hərəkət edib. Soy, kök, şəcərə, kapital üzərindən deyil. Avropadakı aristokratiya sinifləşməyə və quruluşda müxtəlif təbəqələşməyə, sinifləşməyə gətirib çıxarıb. Güclü və gücsüz anlayışı üzərindən hərəkət açıq şəkildə görünməyə başlayıb. Zalımın zülmü qurşağa çıxıb. Məzlumun ahı ərşi-əlaya qalxıb. Nifrət edənlə aman diləyən üz-üzə gəlib. Aristokrat, elitar kimlik məzluma verilən zülmlə bütövləşib. Yəni aristokrat məzlum olmadan özünü tamamlaya bilməyəcəkdi.
 
Deyirlər, 
Unudulmuş oxucu,
Bəs gerçək elitarlıq tarixdə olubmu? Vardısa, harada və nə vaxt olub?
«Elit» dediklərinin kökü gedib yunan allahlarına, kahinlərə çıxır. Onlar həmişə bir növ üstün olma xüsusiyyətlərini gözə soxmağa, təsdiqləməyə cəhd edib, dəridən-qabıqdan çıxıblar. Bu gün onlar dünyada «13 zəngin ailə» adlandırdıqlarımız vasitəsilə Adəmin soyunu yeni insan tipləri ilə əvəzləməyə çalışmırlar, əksinə, artıq əvəzləyirlər. İnsanın fitrətini, genetikasını pozurlar. Yeni insan adı ilə.
Oysa, əsl aristokratlar mənəviyyat və fikir babaları olaraq kainatın harmoniyasına uyğun topluluqlar düşünər, istəyərlərdi. O topluluqlar mənəviyyat və alçaqkönüllülük sayəsində üst kimlik qazanar, bu kimlik cəmiyyəti idarəetmə sisteminə çevrilərdi.
Şərqdə də xaqanlar, şahlar, sultanlar, Qərbdə isə krallar, kardinallar, bəzən kilsə papazları bu üst kimlik anlayışı naminə qanlar axıdıb, canlar alıblar. Sərvətlər, altunlar, daş-qaşlar toplayaraq ad-san qazanıblar.
Əsl elit, aristokrat kimlik elm, bilgi, mənəviyyat və əxlaq olmadan təcəssüm tapa bilməzdi. Adəmin soyunu yaşatmaq, Yaradıcı güclə əzəldə olan sövdələşməni unutmamaq, «Mən sizin Rəbbiniz deyiləmmi?» — «Bəli, Sən bizim Rəbbimizsən!» dialoqunda ən dərin sistemlərin, məfkurə və ideologiyaların anlamını çıxarıb həyatına tətbiq edənlər kainatın əsl, gerçək aristokratları, eliti adlanmışlar.Bəs bizdə bu elit təbəqə kimlərdən əmələ gəlib? Bizdə bu kimlik özünü göstəribmi?
Pulla gələn mədəniyyət burjua sistemini formalaşdırmaqla cəmiyyətdə əsl parçalanma yaradırdı. Əxlaq, mənəviyyat və bilgi ilə formalaşan bir mühit isə üst kimliklərin elitarlığını nümayiş etdirir.
 
Deyirlər, 
Unudulmuş oxucu və mutsuz ovçu, 
Bəzən Qərbin sarayında, zənginin evində dolaşan bir itin komfortlu həyatı, ona göstərilən qulluq və xidmət bir insanın həmin cəmiyyətdə düşdüyü əzici, alçaldıcı, aşağılayıcı yaşamdan, durumdan ölçüyəgəlməz dərəcədə fərqlidir. O itin zənginin süfrəsindən antrikot yeməsi, bir insanın isə zibil yeşiyində heç bir tikə çörək tapa bilməməsi səhnəsi bu anlayışlara, düşüncələrə yeni bir baxış, yanaşma tələb edir.
Sənin və onun rifahının, mənəvi durumunun yüksək olduğu, öz əzəmət enerjini ətrafa ötürdüyün təqdirdə kimlərinsə üstün, elit kimliyindən danışmaq olar.
Rəzalət və səfalət mühitində, zalımın məzluma zillət verdiyi bir cəmiyyətdə mədəniyyətdən (burada «mədəniyyət» dedikdə həm də mühit, atmosfer nəzərdə tutulur) elit təbəqədən, aristokratizmdən söhbət gedə bilməz.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi