Yeni dünyanın kölələri torpaqsızlar oolacaq
Ey dili qafil, fil, faili-məchul, fani, f...
Şah agah olsun ki, bu yazıda ezoterik-metafizik elementlərə rast gələ bilər...
Torpaq qızıldan, gümüşdən, mirvaridən, puldan üstün olacaq.
Deyərlər,
Unudulmuş oxucu,
Bilim adamları iddia edir və yaşadıqlarımız bizə aşılayır ki, yaxın zamanlarda pul otoritetli ekvivalent kimi, kəsinliklə, həyatımızdan çıxacaqdır. Adına yaşam, ekonomi, büdcə, pul vahidi dediyimiz nəsnə bizim dünyamızdan mahiyyət etibarilə çıxmasa da, fiziki-vizual-müşəxxəs əsasnamələrlə kimliyimizdə bir müddət boşluq yaradacaq.
Kriptovalyuta anlayışının daxil olduğu dünyəvi dövriyyədə əzilən nə varsa, faturası kasıbın adına çıxarılacaq.
Bir zamanlar bu fani dünyada insanlar, insan cəmiyyətləri arpanın qarşılığını pulda deyil, buğdada, odunda, yarmada görürdülər. Yağın, şorun qarşılığını bir qoyunla, gedib hansısa işi görməklə, bir buzov verməklə ödəyir, yaxud başqası üçün biçdikləri otun əvəzində duz, şəkər və yaşam üçün aktual, önəmli hesab edilən digər ərzaqlarla, məsələn, geyimlə təmin olunurdular. Sonrakı mərhələlərdə dünya elə bir səviyyəyə gəldi ki, istənilən işin, zəhmətin, hər hansı bir əşyanın qarşılığını pul vahidi ilə ödəmək əminliyi insanları bu sistemə sövq etdi. Nə alırsan al, hökmən onun qarşılığını heç vaxt sabitliyi pozulmayan, əvəzi başqa bir ekvivalentlə ödənilməyən pul vahidi ilə ödəmək düşüncəsi dünyanı qarsıb-qovurdu.
Bu, üzərində durduğum məsələnin bəşəriyyətin keçdiyi tarixi prosesdən dövrümüzə qədər intiqal etməsidir. Ancaq kriptovalyuta və rəqəmsal dünya evolyusiyasında bu gedişat bəlli klassik qanunları darmadağın etmək iqtidarını zamanın ixtiyarına verdi. Yaxın tarixdə isə heç kimin əli pul vahidinə toxunmayacaq.
Bu o demək idi ki, insanın qazancı onu hansı yolla əldə etməsindən asılı olmayaraq, onun külli ixtiyarında idi və xəyallarının vara biləcəyi nöqtələrə qədər bu imtiyazın verdiyi azadlıqdan gərəyincə istifadə etmək şansına sahib idi. Birdən-birə kriptoehkam mühakiməsinə yuvarlanan dünya iqtisadi sistemi təkəlçi kəhanətini ələ alaraq, dünyada mövcud olan valyuta sistemləri üzərində nəzarət rolunu anında artırmağı nağdlaşdırdı.
Sən bundan sonra 1 manat xərcləmək istəyib 10 manat qazanmaq niyyətinə düşdüyündə, üstəlik, bu istəyin gerçəkləşdiyi anda, həmin pul miqdarı, valyuta həcmi qlobal vahid iqtisadi sistemin daxilində net olaraq görünəcəkdir.
Deyərlər,
Unudulmuş oxucu,
Yaxın günlərdə pulun, valyutanın təkəlçi macərasının necə bitib sonuclanacağını, bu təbəddülatın yerini isə başqa bir maddi təyinatın tutacağını ağlınızı yerindən oynadaraq görəcəksiniz. Bu dəyərin, dəyər mühakiməsinin adı isə TORPAQDIR. Bəli, yanlış eşitmədiniz: bu pul, valyuta və qiymətli daşlar iyerarxiyasının dramatik uzantısı torpaqla ağlımızın dərin guşəsində iz buraxacaqdır.
Dünyada bundan sonrakı zaman mərhələsində, vaxt kəsimində, tarixin səxavətində kimin torpağı olmayacaqsa, o, ölümə məhkum olacaq, o, sonuncu sinif canlılar qruplaşmasının bir halqasını təşkil edəcək. O şəxs, o insan, o bəşər övladı cəmiyyət anlayışlı heç bir sistemin səmərəli fiquru olmaq imkanını qazanmayacaq.
Bir sözlə, sənin torpağın yoxdursa, sən yoxsan. Sənin torpağın yoxdursa, sən heç kimsən. Sənin torpağın yoxdursa, sən bütün zamanların yaşam prosesindən keçmiş ən möhtəşəm, şanlı köləsən. Sənin torpağın olmadığı təqdirdə, sən kəsinliklə mövcud heç bir mədəniyyətin sferasında kimlik mülkünün sahibkarlığına iddialı ola bilməzsən.
Bu gün dünyanın ən zəngin insanları dünyanın ən verimli, ekoloji baxımdan təmiz və münasib hesab edilən coğrafiyalarında ərazilər satın alırlar. O imkanlı şəxslər mülklərinin çoxunu torpağa çevirməkdə bir an olsun tərəddüd etmirlər.
Çünki çağdaş dünyanın iqtisadi aqibətinin necə inqilabi dəyişikliyə uğrayıb bu sinifləşmənin daha da dərinləşdiyi tarixi ərəfədə ağlın, zəkanın sahib olduğu kapital kimliyinin insana cəmiyyətdə verəcəyi funksionallığın uğurlarını həzm etmək, yeni mədəniyyətə sirayət etdirmək (meyli yaradar)istər.
Ona görə də dövlətlər, ölkələr, millətlər, dinlər, mədəniyyətlər və coğrafiyalar üzərindən qurulan bu vahid yeni dünya sisteminin (kürəsəlləşmənin) sərmayə yatırımları zaman keçdikcə hansı gücü və təsiri doğuracaq? İnsana nə qazandıracaq, onun təkamülünə, insanlıq mahiyyətinə hansı töhfəni verəcək? Görəsən, bütün bu proseslər insanı öz mahiyyətindən uzaqlaşdırmaq, onda insanlıq izini itirmək üçündür, yoxsa onu əslinə, zatına qaytarmaq, özünə döndərmək məqsədi daşıyır?
Bu suala birmənalı cavab vermək olduqca abdal bir yanaşma olardı.
Deyərlər,
Unudulmuş oxucu,
Bu gün qarşımızda duran sual budur: torpağı olmayan, torpağa sahib olmayan hər hansı bir şəxsin kimliyi haqqında nə danışmaq mümkündür? Ümumiyyətlə, yeni çağda torpaq mülkü olmayan insanların o mülk üzərində gücü nə dərəcədə keçərlidir, yaxud o mülk insan olmaq, fitrəti qorumaq, kimlik əldə etmək yönündə sahibinə nə qədər haqq vermiş, haqq qazandırmışdır?
Belə çıxır ki, yeni dünyada insanın əlində olan varı-dövləti yalnız ona kimlik, mədəniyyət qazandırmaq üçün vardır? Yoxsa bu imkan, bu imtiyaz insanın varlığını digər bir dünyaya (metafizik aləmə:- x.t.) keçirməkdə, orada da təminatını yaratmaqda vasitəçi rolunu oynayır?
Bax, bu yerdə bir az düşünməli və polemikaya girməyə dəyər, fikrindəyəm: insanlar dünyasını dəyişəndə belə, əgər dəfn olunmaq üçün torpaq sahələri yoxdursa, bədənlərinin qoyulmasına, dəfninə yer tapmayacaqlar. Ona görə də bədənlərini mövcud texnoloji imkanlar hesabına yandırıb, külünü də yox edəcəklər.
Bir sözlə, gələcək dünyada məcburən kasıblar kimliyindən, hansı inanca qulluq etmələrindən asılı olmayaraq, müsəlman, xristian, yəhudi kimi deyil, buddist kimi öləcək, o biri dünyaya yola salınacaqlar. Çünki faktiki olaraq, torpağı olmayan adamın bədəni öldükdən sonra heç bir torpağa dəfn edilə bilməyəcəyi kimi, onun üçün yeganə çıxış yolu da həmin bədənin yandırılması olacaqdır.
Demək, yeni dünya düzəni heç bir dinin və millətin deyil, hind və buddist yapılı bir karmaya sahibliyini bəlkə də qəfil ideoloji dönüş edərək bəşəriyyətdən gizlətməklə məşğuldur.
Daha bu dünyada törətdiyin əməllərə görə gedib o dünyada cəhənnəm atəşində yanmağa gərək yoxdur. Sadəcə və sadəcə bu dünyada bir parça torpağın olmadığından dolayı səni elə bu dünyanın özündə odda yandırıb (buddist kimi) külə çevirəcəklər. Məsələn, müsəlmansansa, axirət inancınla bərabər, Allahın təkliyinə, Həzrəti Məhəmmədin peyğəmbər seçilməsinə, «Quran»ın Allah tərəfindən mələklər vasitəsilə müjdə olaraq göndərilməsinə, hətta fərqli bir etnosa mənsubluq mahiyyətinə olan inancın da əlindən alınmış olur.
Elə isə dünyaya göndərilən bir varlıq olaraq sən kimsən?
Xanəmir Telmanoğlu






































































