Azərbaycan-Vyetnam münasibətləri: - Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru!
Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzunmüddətli dostluq, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində formalaşmış möhkəm əməkdaşlıq modelidir. Bu münasibətlərin təməli hələ ötən əsrin ortalarında qoyulmuş və zaman keçdikcə müxtəlif sahələri əhatə edən geniş tərəfdaşlığa çevrilmişdir. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq əlaqələrinin inkişafında tarixi mərhələ olmuşdur. Həmin səfər Azərbaycan-Vyetnam münasibətlərinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi yadda qalmışdır. Bu dostluğun möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur.
Onun 1983-cü ildə Vyetnama səfəri və həmin səfər çərçivəsində əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığa yeni dinamika qazandırmışdır. Bu tarixi təcrübə göstərir ki, Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq münasibətlərinin qorunmasına və inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət verir. Müstəqillik dövründə Azərbaycan-Vyetnam əlaqələri yeni siyasi və iqtisadi reallıqlara uyğun şəkildə inkişaf etdirilmişdir. Möhtərəm Prezident cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri qarşılıqlı siyasi dialoqun intensivləşməsinə mühüm töhfə vermişdir. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Səfər çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı əməkdaşlığın institusional və siyasi əsaslarını daha da gücləndirmişdir. Sənədin əhəmiyyəti ondan ibarətdir ki, tərəflər münasibətləri ənənəvi dostluq çərçivəsindən çıxararaq konkret sahələr üzrə uzunmüddətli əməkdaşlıq səviyyəsinə yüksəltmək niyyətlərini ortaya qoymuşlar. Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti də bu tərəfdaşlığın mühüm istiqamətlərindəndir.
BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda əməkdaşlıq dövlətlər arasında siyasi etimadı möhkəmləndirir. Eyni zamanda, parlamentlərarası əlaqələr və hakim partiyalar arasında dialoq münasibətlərin davamlılığını təmin edən əlavə mexanizmlərdir. Müasir beynəlxalq münasibətlər sistemində belə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Vyetnamın Cənub-Şərqi Asiyada artan iqtisadi və siyasi çəkisi Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın Cənubi Qafqazda mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu isə Vyetnam üçün Avropa və digər bazarlara çıxış baxımından perspektivlər açır. Beləliklə, Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluğun müasir geosiyasi və iqtisadi maraqlarla uzlaşdırıldığı uğurlu tərəfdaşlıq nümunəsidir. Bu əlaqələrin ardıcıl inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, xarici iqtisadi əlaqələrinin şaxələndirilməsinə və milli maraqlarının daha geniş coğrafiyada təmin olunmasına xidmət edir.
İldırım Zeynallı
Neftçala rayonu




































































