Ağdamda Böyük Qayıdış və genişmiqyaslı quruculuq işləri davam edir - ŞƏRH

Hit: 206
Ağdamda Böyük Qayıdış və genişmiqyaslı quruculuq işləri davam edir - ŞƏRH
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başlayan yeni mərhələdə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu gün Qarabağın mühüm şəhərlərindən biri olan Ağdam özünün yeni inkişaf dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt əsasında şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, doğma yurdlarına qayıdan sakinlərin rahat yaşayışı üçün zəruri şərait formalaşdırılır.
Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan əsasında şəhərin yenidən qurulması ardıcıl şəkildə davam etdirilir. İşğaldan azad edilmiş ərazilər arasında ilk təsdiqlənən baş plan olan bu sənədə əsasən, Ağdamın müasir şəhərsalma prinsipləri əsasında inkişafı, 100 min nəfər əhalinin yaşayışı üçün şərait yaradılması nəzərdə tutulur. Şəhərdə beş yaşayış məhəlləsinin salınması planlaşdırılıb, onlardan ikisinin açılışı olub, digər məhəllələrin isə təməli qoyulub.
 
Ağdam rayonunda kəndlərin bərpası və məskunlaşma prosesi də uğurla davam edir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı həyata keçirilib, bir sıra digər kəndlərin təməli qoyulub. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhəri və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb. Bu göstəricilər Böyük Qayıdışın real nəticələrini və doğma torpaqlarda həyatın yenidən canlandığını nümayiş etdirir.
Ağdamın iqtisadi potensialının bərpasında Ağdam Sənaye Parkı mühüm yer tutur. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış, 190 hektar ərazini əhatə edən sənaye parkı Qarabağda sənaye istehsalının inkişafına, sahibkarlığın dəstəklənməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Hazırda parkda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi davam etdirilir. Ümumilikdə 28 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, yatırılan investisiyaların həcmi və yaradılan iş yerləri bölgənin iqtisadi dirçəlişinə mühüm töhfə verir.
 
Şəhərin nəqliyyat və mədəniyyət infrastrukturu da müasir tələblərə uyğun qurulur. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, eləcə də Ağdam Muğam Mərkəzinin açılışı olub. Müasir nəqliyyat imkanları ilə seçilən kompleks şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. 474 yerlik konsert zalına, dərs otaqlarına və sərgi salonuna malik Muğam Mərkəzi isə Qarabağın zəngin musiqi ənənələrinin, xüsusilə muğam sənətinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
 
Ağdamda turizm infrastrukturunun yaradılması da diqqət mərkəzində saxlanılır. Bölgənin turizm potensialının reallaşdırılması məqsədilə müasir hotel və mehmanxana kompleksləri inşa edilir. Artıq “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotellərinin açılışı həyata keçirilib. Bununla yanaşı, yolların çəkilməsi, istehsal müəssisələrinin yaradılması, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, yaşıllıq sahələrinin salınması istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Ağdama səfərləri, burada həyata keçirilən layihələrlə yerində tanış olması və quruculuq prosesinin gedişinə göstərdiyi diqqət şəhərin gələcək inkişafının ardıcıl və məqsədyönlü şəkildə təmin olunduğunu göstərir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Ağdamın tarixi siması müasir şəhərsalma yanaşmaları ilə yenidən formalaşır, iqtisadi, sosial və mədəni həyat dirçəlir.
 
Bir zamanlar erməni vandalizminin nəticəsində xarabalığa çevrilmiş Ağdam bu gün yeni görkəmi, müasir infrastrukturu və qayıdan sakinləri ilə özünün əvvəlki şöhrətini bərpa edir. Xarabalıqlar üzərində qurulan yeni Ağdam Azərbaycanın gücünün, qətiyyətinin və quruculuq əzminin bariz nümunəsidir. Bu dirçəliş tarixi Zəfərimizin davamı, Böyük Qayıdışın təntənəsi və gələcək nəsillərə ötürülən qürur salnaməsidir.






Redaktorun seçimi