Atasız Avropa
Ey dadi-bidad, danəndə dəhan dərviş d...
Deyərlər,
Son xoşbəxtliyini yuxuda həyəcanına xərcləyən ələkli oxucu,
Bu gün xristian dünyasının mərkəzində, Avropasında dünyaya gələn hər hansı bir uşağın, gələcəyin insanının, vətəndaşının atasının kim olduğu məlum deyil. Bir uşaq öz keçmişi ilə bağlı heç bir yaddaşa və xatirəyə, anıma sahib olmadığının əzabını gələcəyə ötürməyə hazırlaşır. Hər dünyaya gələn can yalnız bu günü və gələcəyi düşünməyə, xəyal etməyə yönləndirilir. Demək, insanın genetik nizamı, nəsil, kök, şəcərə, kimlik bilinci ilə birgə, mənəviyyatındakı zaman hesabı da zədələnmiş, parçalanmış, bəribaşdan itkiylə üzləşmiş olur. İnsan zaman və gen, nəsil, şəcərə, kök arxetipinin mədəniyyətə ötürəcək səriştəsinin yoxluğu altında əzilməyə, kölələşdirilməyə sürüklənir, sürüklənməyə sövq edilir.
Gələcəyi keçmişə keçirmək, bu arzu edilməsi düzənlənən keçmişi də YADDAŞ edinmək üçün toplumun ruhuna işlədilmiş din adı altında bir gerçəklik var. Yaşadığımız çağda üst ağıl sahiblərinin insanın keçmişini silmək kimi proyektlərindəki “təkamül” mütləqdir. Amma bu metafizik şər uzantılı qısqanclıqla şəxsi, şəxsiyyəti itirib toplumu, xalqı, mədəniyyəti qazanmaq fikri onların əmin olduğu bir tendensiya. Şəxsi, şəxsiyyəti keçmişinə bu yolla qurban verməyin arxetipi ölməyib. Xristianlıqda şəxsi, şəxsiyyəti öldürməkdə məqsəd, guya xalqı, toplumu, cəmiyyəti qazanmaqdan ibarətdir. Bu türlü simulyasiyonal təlqinlər bir yerə kimi səni gerçək kəhanətinə inandıra bilər. Bəlli bir yerdən sonra isə dəryaların necə quruduğuna, dağların necə yerlə-yeksan olduğuna, alınmaz qala bürclərinin necə toz-duman içində enkaza çevrilməsinə şahidlik etməyin ayrı bir komediyanın başlanğıcıdır. Şəxsiyyətin önəmi, xarakteri (yapmacıq, çağın bəşəri kültürəl karmasını yaralayan, yasa boğan) qurbanlığa çevrildikcə “bu həzin öykünün sindromatik qırğınından mədəniyyət divident qazanır” anlayışı, artıq cana zəhər-zənbərək oxuyan, kosmik harmoniyaya qiyam təşkil edən inancın təməl qaynaqlarında kök salıb. Bir sözlə, xristian Qərb dünyası toplumu şəxsiyyətsizlikdən gələcəyə doğru sürükləyən kompleks yaddaşsızlıq və keçmişi gələcəkdə arama, (yox etmə) axtarma prinsiplərinin üzərində hələ də israrla işləyir.
Deyərlər,
Son xoşbəxtliyini yuxuda həyəcanına xərcləyən ələkli oxucu,
Belə sərgüzəştli arxetip vahiməsinin təməl toxumları xristian zehniyyətinə bilincli olaraq İncillə qazılaraq, İncil vasitə edilərək yazıldı. İncildə xristianların atası hz. Cəbrayıl (vəhy mələyi:-x.t.) kimliyi ilə ört-basdır edilməyə çalışılır. Hz. İsanın atasının şüursal realitəyə təyinat baxımından əyani nam qazanmış dünyəvi kimliyi yoxdur. Bir sözlə, hz. İsa atasız bir candır, üstəlik də onun varlıq kvotasını sonalayan heysiyyətində peyğəmbərlik kimliyi var. Hz. İsa eqosunu öldürmüş bir gələcəyə, mədəniyyətə şəxsiyyət olma özəlliyini qazanmış, bu xüsusi müstəsnalığı zehniyyət təməlinə çevirmişdi. Hz. İsanın atası yoxdur. Hz. İsanın atası göylərmiş. Hz. Cəbrayıl metafizik bir varlıqdır. Mədəniyyət, dünya dünyəvi kimliyi olan bir varlıq istər. O varlıq hz. İsanın atası deyil. (Mən demirəm ki, o varlıq hz. Cəbrayıl deyil.)
İncil insanlığın gələcəyə yönəlib bir keçmişi mənimsəmək üçün bütün konseptual baxışlarını hz. İsanın atasızlığıyla silahlandırıb. Sanki xristian dünyagörüşü bütün fəlsəfi inancını hz. İsanın atasızlığı üzərindən hesab yapmaqdan doymur, sonsuz zövq alır. Bu gün xristian Avropa dünyasının zehniyyətindəki atasızlıq, ata kultunun itkin şüuru özünün daha əlçatmaz zirvəsini yaradıb. Bu gün xristian qadınları hz. Məryəmin yoluna sanki sədaqət andı içdiklərini sübut etmək üçün övladlarının harada, kimdən bətnlərinə toxum kimi düşdüyünün fərqinə varmadan
yeni bir ailə,
cəmiyyət,
bu ailə-cəmiyyətin keçmişə çevriləcək gələcək olma həqiqəti və
şəxsiyyəti öldürüb fərd yaratma tendensiyasını ön plana çıxarmaq yolunu seçməli oldular.
Bu gün xristianlıq
Hz. İsadan daha çox
Hz. Məryəmin zehni himayəsində mədəniyyət yaradır, dünya qurur, cəmiyyət formalaşdırır. Ona görə də Ata, Oğul kultu Qadın kultuyla cəmiyyəti, toplumu, təbii ki, mədəniyyəti keçmişsizliyə itələyir. Xristian Avropası üçün qadın, qadın kimliyi, qadın kultu keçmişsizlik anlamı daşıyır. Bizi, müsəlman və digər inanc zehniyyətlərini də o kulta, o kultun üzdə təvazökar, arxa planda metavarlıq üstkimliyinin yox olma, silinmə hiyləsinə qurban vermək istəyirlər. Niyyət bundan ibarət. Əslində ortalığa atılan o uğursuz “kürəsəlləşmə” devizinin alt qatda mahiyyəti bundan ibarət idi. Dünyanı ailə məfhumunu dağıtmaqla hz. Məryəm inancı, sevgisi vasitəsi ilə mədəniyyətləri və cəmiyyətləri qadın kultunda əritmək prinsipinə nail olmaq istədilər. (Metavers aləminə, sanal dünyaya, yeni dünya düzəni dedikləri sistemə məhz bu mülayim formulla daha rahat keçid sağlamağı bacardılar. Təsəvvür edin, hz. İsa, atasızlıq kultu, hz. Məryəm mərsiyəsində yüklənən gələcəyin insanının varlıq-yoxluq datası haradan-hara bir rəməl atış(ı) məharətini bu gün hiddətə çevirir:-x.t.) Bu gedişata isə Avropada rahatlıqla nail ola bildilər. Çünki mənfur (Vatikan) kilsənin Allahın müjdəsini təhrifə uğradan əməllərində bu üz-üzə durduğumuz fəlakətin açıq, net izləri göz qabağında qol-qanad açmışdır.
Deyərlər,
Son xoşbəxtliyini yuxuda həyəcanına xərcləyən ələkli oxucu,
Digər mədəniyyətləri də qadın mərkəzli zehniyyətin əsarətinə çevirib ata kultunun önəmini yox edib kişi mərkəzli şüur sistemlərini bəşəriyyətin, insanlığın yaddaş salnaməsini yerli-dibli silməklə şəxsiyyətsizlik kimliyini forma və şəklə salmaq ilkin şər yönümlü proyektlərdən biridir. Avropa bunu istəyir. (İstanbul anlaşması bunun əyani sübutu olaraq ortalıqda at oynadır:-x.t.) 11 may 2011-ci ildə İstanbulda imzalanmağa açılan və 1 avqust 2014-cü ildə qüvvəyə mindiyi üçün Konvensiya “İstanbul Konvensiyası” kimi tanınır:-x.t.)
Avropa keçmişini, keçmiş macəralarını hərdən kişi kultunda arayır. Avropa atalıq təyinatından, atalıq talantından, atalıq təvazökarlığından qopub keçmişdən qurtulmaqla, öz təxəyyülünü cızdığı “azadlıq”, “özgürlük”, “hürriyyət”, “haqq və hüquq” kimi qavramların ehtiva etdiyi mahiyyətinə yeni “boyutlar” əlavə edir. Bu gün bəşəriyyətin gerçək faciəsi, inanca çevrilmiş kitabların necə təhrif edildiyinə qarşı sarsılmaması, ağzına su alıb durması ilə müstəsnalıq qazanmışdır. Ancaq yox, deyəsən əlahəzrət bəşəriyyət elə bu şəkildə, hz. Məryəm mərsiyəsini çağırdığı gündən öz ilahi qaynaq qavramıyla çoxdan kökündən sarsılmışdı.
Xanəmir Telmanoğlu







































































