Canavar dil açdı, insan susdu

Hit: 237
Canavar dil açdı, insan susdu
 
Ey dili qafil fil faili məchul fani f...
 
Deyərlər,
Oxumuş, unudulmuş oxucu,
Amerika alimlərinin süni intellekt vasitəsilə canavarların dilini deşifrə etmələri-edəcəkləri barədə xəbərlər dolaşır gündəmdə. Bu həm də elm aləmi üçün önəmli bir yenilik, xəbərdir. Əgər alimlər canavarın dilini açacaq, çözəcəksə, nədən ilanın, pişiyin, eşşəyin, atın, itin, şirin, cüyürün, qarışqanın dilini, arının lisanını, milçəyin dialektikasını, nə bilim, tarakanın arxaik sözlərini çözməsin, açmasın?! Elə canavarın dilini çözmək, bir yandan da elm aləmi üçün digər sadaladığım canlıların susqun dillərini açıb tökməkdir. Qoy bir az da indi biz görək bu canlıların, dilsiz-ağızsız heyvanların ürəklərində nələr var, dillərinin altında nə söz-söhbətlər dünyanı güdaza verir.
Canavarların ulaması artıq deşifrə olunur. Bundan sonra onların dilini anlamaq mümkün olacaq. ABŞ-ın Yelloustoun Milli Parkında aparılıb bu araşdırmalar. Bioakustika və süni intellektlə heyvanların dilini tərcümə etməyə yaxınlaşıblar. Xəbərdə deyilir ki, yeni texnologiya heyvanların artmasını müşayiət etməyi və insanla təbiət arasındakı konfliktləri azaltmağı mümkün qılacaq. Məqsəd, guya, və həm də canavarların səsini analiz edərək onların sosial həyatını və davranışlarını anlamaqdır. Yeni sistem yüksək dəqiqliklə fərdi sürüləri və hətta tək-tək fərdləri müəyyən edə bilər.
Maraqlıdır, görəsən, alimlər nəyə görə “dil açma, çözmə” işinə bu qədər şir-pələng-at-it-qoyun-keçi-arı-qarışqa varkən, gedib canavardan başlayıblar? Yoxsa, alimlər Yer kürəsini, çağdaş insanı canavarlara yem etmək fikrindədir? Mənim olumsuz düşünməyimin əsas səbəbi içində bulunduğumuz dünyanın sürətlə şərin əlində məhvə doğru getməyidir.
 
Deyərlər,
Oxumuş, unudulmuş oxucu,
Yeni dünyaya qədim dünyanın Süleyman peyğəmbərin quş dili bilməsi ifadəsindəki mesajdan ötürülən təlqinlər budur ki, insanlıq nə vaxtsa öz aralarında danışdığı kimi, digər canlılarla da danışa bilmə imkanlarıyla geriyə bir örnək qoyub. Süleyman peyğəmbər bunun nümunələrindən biridir.
Bəs görəsən, insanın digər canlıların dilini bilməsi, onlarla danışması həyatımızı hansı aşamaya qaldırıb, ya çəkəcək? Sahib olduğumuz mədəniyyətlərin ekvivalenti, etik-estetik-metafizik əzəməti bizimlə dünya arasındakı ilişgiyə hansı təminatı verə biləcək? Əlbəttə, bu hələ də bir sual deyil. Yəni canlılardan birinin Yer üzündə dilinin çözülməsi hansısa sirri açacaqmı? O hansısa sirr insanlığın marağında olan sirdirmi? Bunu hələ ki bilmirəm. Bir onu bilirəm ki, bir gün dili açılan o canavar qeyrətə gəlib ibadət-dua rituallarını da öyrənib icra edərək, insanı çox-çox gerilərdə qoyacaq. Ona inanıram ki, hər hansı dili açılmış bir heyvan Yaradana ibadət, şükür etmə konusunda insanı çox-çox gerilərdə qoyub gələcəyə üz tutacaq.
Kainatda əksi müddəa diapozonlu bu ilətişim bir təklifə dönüşüb, ilk sifariş təkidini heyvanlar tərəfindən gəldiyindən əminəm.
O səssiz ilətişim fonundakı tələbatlar insana uyğun ünsiyyət təklifləri ilə hərəkətə keçmə konusunda əsla silah və sursatdan, xainlik və namərdlikdən istifadə etməzlər.
Uzağı, bütün şüuraltı və yaddaş karmasının etibarına güvənilərək sunduqları dialoqlarda insanı üstün tutma və ondan arasındakı ölçünü, dəyəri yenidən bir daha kainatın mərkəzində oturmağa izin alacaqları fikrindəyəm.
Təsəvvür edin ki, bir canavar öz dilində qarşısındakı insana nə deyə, hansı problemi qaldırmaq üçün qımıldaya bilər? İstənilən, özündən deyən canavar ilk olaraq insanla dialoqunda quzudan danışmasa, adımı dəyişib canavar qoyaram.
 
Deyərlər,
Oxumuş, unudulmuş oxucu,
Təsəvvür edirsinizmi, bir gün bir çöldə canavarla çoban qarşılaşmalı olur. Ətrafa dağılmış sürünün içinə dalmaq istəyən canavar, daha insanla dil tapa bildiyindən dolayı, görməmişlik etmir, ayaq saxlayıb məqsədini çobana ədəb-ərkanla bəyan edir:
Hörmətli çoban qardaş, mən ki, səni parçalayıb yemək istəmirəm? Mənim səninlə nə işim? Mənim işim qoyunlarladır. Mənə heç olmasa 4-5 qoyun ver, aparıb qarnımı doyuzdurum, bir müddət gözümün qurdunu öldürüm.
Çoban bu sözdən (daha da) qəzəblənib deyir:
Uzaqlaş, birini də vermərəm. Bu qoyunlar mənim deyil ki. Bəs axşam geri dönəndə sürünün sahibinə nə cavab verim? Deyim ki, canavar gəlib 5 qoyun istədi, mən də verdim, apardı zəhərlənsin? Səncə, belə bir məntiq var yer üzündə?
Mən sənə hörmətlə yanaşıb dilə gəldim. Sən heç olmasa mənim sənlə eyni dildə danışmağım xatirinə, hətta sənin sürünün ağası da, heç olmasa bu sürüdən mənə yemək tədarük etməsi lazım ikən, bu nə sir-sifətdir göstərirsiniz, anlamıram? Qardaş, bu dünyada dil açdıq, sizinlə, çoban əfəndiylə də eyni dildə danışdıq, yenə xeyri olmadı. İndi de görüm, mənim bu dilimin sənə, mənə nə faydası var ki? Bu dilim olmadığı, çözülmədiyi dönəmlərdə, qarnımı doyurub, keyfimi sürüb dolanırdım. Allah, o alimlərin evini yıxsın, indi, dil açandan bəri, məcbur olub danışmalı oluram, sizin kimi hörmətli çobanlarla. Bu da mənə baha başa gəlir. Acından qarnım quruldayır, başım gicəllənir, gözüm qaralır. Mənə bu dil azuqə vermir, yemək gətirmir, əksinə, daha da öldürüb məhv etmək istəyir. Sən demə, mənim çözülən dilim, mənim ölümüm, əzrayılım imiş.
Bəli, budur, canavarla çobanın dialoqundan çıxan məntiq də bunu söylədi ki, dil insanı, canlını məhv etmək üçündür. Məqsədə gedən yolda ən böyük əngəldir. Neynirsən boş-boş laf edib danışmağı, ibrətamiz, hikmətli, mənalı sözlər, fikirlər icad edib ünsiyyətə yön verməyini. Ən gözəli, bütün fikir və düşüncələri, ibrətamiz anlayışları, poetik, təravətli sözləri kimliyindən, varlığından uzaqlaşdırıb, dalırsan dünyaya, nənəm mənə kor deyib, gəl-gedənə vur deyib. Vəhşilik atəşfəşanlığını işə salıb tapdığını tapır, tutduğunu tutur, yediyini yeyirsən, sonra da qarnını-gözünü doyurub olursan məsti-xumar. Yayılırsan-genəlirsən bu dağlarda, çöllərdə, o ki var.
 
Deyərlər,
Unudulmuş oxucu,
Elə bilirlər, dil açmaq, danışmaq, fikirləşmək, fikirləşdiyini dilə gətirmək asan məsələdir. Day demirlər ki, bu qaydalardan keçənin gərək yeddi canı olsun. Ölüb-dirilməkdən başqa nə qalır geridə? Ona görə də insan dışındakı bütün canlılar nə qədər ki, danışa bilmirlər, onların nə qədər ki, dilləri çözülməyib, bütün vəhşiliklərini eləsinlər. Hətta insanlarla savaşa qalxıb onların bir-birlərinə qarşı yönəlmiş kin-küdurətini, qan tökmək hərəkətlərinin qarşısını alıb başlarını özləri ilə qatsınlar.
Məntiq də göstərir ki, digər varlıqların dilini bilən Süleyman peyğəmbər, nə qədər zülmlər çəkib, nə qədər zalımlıqlar yaşayıb. İnsan dışında danışıq, düşünmək, fikir bəyan etmək, dil açmaq, qiymətli-hikmətli fikirlər izhar eləmək təhlükə və savaşdan başqa, qarşıdurmadan başqa heç bir işə yaramır.
Bu dünyada hər hansı bir canavar bir gün dil açıb danışarsa, onun sözlərinin başında "qoyun" gələcəyindən əmin ola bilərsiniz.
Bir gün ilk dəfə dil açıb danışan bir canavarın ilk sözü, əlbəttə, "qoyun", sonra "çoban" olmağı da şəksizdir. Ona görə də canavarların insanlarla nə vaxtsa dil açdıqlarında nə danışacaqları bəlli olduğundan dolayı, qoy bütün canavarlar gedib öz türləri ilə məsləhətləşib qoyunlarla dialoqa girişsinlər. Bəlkə onlar çobanları da aradan çıxarmaqla, öz dərin və özüllü məqsədlərinə daha asanlıqla çata biləcəklər.
Bəşəriyyətə, varlıqlara, canlılara maneəçilik yaradan dildənsə, olmaması yaxşıdır. Bəzən dilsizlik daha çox məqsədə ulaşmağa şərait yaradır, nəinki, dil dediyimiz mədəni bir hadisə. Elə isə mədəniyyətin aparıcı bel sütununa çevrilən dünyamızdakı dil olayı, hadisəsi, daha çox sükuta, daha çox qarışıqlığa, daha çox itkiyə məruz qalmaqla (təslim olmaqla), məlum sahələr üzrə öz xidmətini, fəaliyyətini daha çox göstərmiş sayılmalıdır.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi