Sərhədlər silinərkən dünya kimə qalacaq?
Ey dili qafil, fil failim, məchul fani f...
Deyirlər,
Unudulmuş oxucu,
Bu gün heç bir ərazi heç bir xalqa mənsub deyildir. Bu fikrin müəllifi mən deyiləm. Kimsə də qalxıb uzun-uzadı nitqlər irad etməklə bu ağırlıqda, həyəcan doğuran fikirlər izhar etmir. Heç bir kitabda da, kimsənin dəftərində də bu qorxunc cəhaləti əks etdirən cümlə yazılmayıb. Yəqin ki, bundan sonra dünya kəllə-mayallaq olsa da, bu və ya bu kimi fikirlər yazı anlayışında boy verib görüntü sərgiləməyəcək. Sadəcə, yaşantımızın gedişatında bu fikrin sistemindəki vakuuma qapılıb varlığımızı yeni bir atmosferdə köləliyə qurban verəcəyik.
Kapitalizmdən sonrakı dövrün yüksək vəzifəli şəxsləri tərəfindən irəli sürülən layihələrdən biri də yeni dünya düzənində dünyanın heç bir ərazisinin, heç bir torpaq parçasının, hər hansı bir sərhəd daxilindəki vətənin hansısa bir millətə, ölkəyə aid olmamalı olduğu nəzəriyyəsidir. Bu tezisi tezliklə dünyada hakim qılmağa çalışan dünya idarəçiləri bu üsulla dünyada heç bir milli anlayışa xas iz saxlamaq barədə qətiyyən düşünmürlər. Olan-qalan milli, mental, özünəməxsus çağlayışları da təklif etdikləri qəliblərdə istədikləri şəklə salıb yoğurub-yapmaqla məşğuldurlar.
Deyirlər,
Unudulmuş oxucu,
Yüksək vəzifəli şəxslərin, böyük güclərin dünyanı öz istədikləri şəklə sala biləcəklərini getdikcə aydınlaşan mənzərələrdən, baş verən hadisələrin mahiyyətindən anlamaq heç də çətin deyildir.
Onlara görə, Yer kürəsinin hər hansı bir ərazisi heç bir xalqa, millətə, ölkəyə məxsus deyil. Kimsənin belə bir sənədinin olması, belə bir sənədin mövcudluğu ehtimalı yanlışdır. Onlara görə, Yer üzü kimsənin deyildir ki, kim haranı istəyir, oranı mənimsəyib özününkü etsin, sahiblənmə instinktini işə salıb Yer üzünün hansısa parçasına iddia qaldırsın. Üstəlik, o ərazilərdəki yeraltı sərvətlərin, təbii nemətlərin üzərinə çökərək, «Bunlar mənimdir, mənə məxsusdur, istədiyimə sata bilərəm və ya istifadə hüququmdan yararlanmaq məcburiyyətindəyəm» kimi anlayışlar da, onlara görə, kökündən yanlış arqumentlərdir.
Gedişat göstərir ki, milli dövlətlər aradan götürüləcək, uzaqbaşı, onlar tarixi bir xatirəyə, yaddaşa çevriləcəklər. Onlar (son 200 ildən artıqdır dünyanın qədərini müəyyənləşdirənlərdən söhbət gedir: X.T.) bu həngaməni də düşünürlər ki, guya insanlığın sahib olduğu bu dünyanın hər bir təbii neməti, hər bir imkanı bütün insanlara şamil edilməlidir. Ancaq tarixdən alınan bu şüur, uzaq keçmişin dərinliklərindən süzülüb gələn bu fəlsəfənin ideologiyaya çevrilməsinə imkan vermir, əngəl törədir. Tarixi şüuru, tarixi təfəkkürü yox etməklə millətlərin zehniyyətindəki kristallaşmış milli məharəti bir tərəfə atıb, yerinə mədəni şəkildə köləliyi təqdim etməklə məşğuldurlar. Bir sözlə, qul-quldar təhtəlşüuru artıq qlobal siyasi gedişata uyğun olaraq işə salınmışdır. Quldarlıq quruluşunun yeni bir görkəmdə, şəkildə, üslubda, versiyada geri qaytarılması dünyanın və insanlığın gələcəyindəki bütün mənzərəni aydınlaşdırır. Bu qul-quldarlıq quruluşunda insanla birgə robotlar, süni varlıqlar da müxtəlif çeşidli və fərqli görüntülərlə rəngarəngliyi təmin edəcəklər. Əsas olan odur ki, dünyaya tətbiq edilən ideologiya və sistem incə, nəzakətli və mədəni reseptlərlə təlqin edilir, kənardan mərhəmət donuna bürünmüş himayə görüntüsü ilə ətrafa gen-bol işıq saçır. Baş verən qorxunc məzhəkənin sonu rəzillik aşılayan tamaşaya çevrilsə də, kimsə incimir, narahat olmur, heç kimin yuxusu ərşə çəkilmir.
Deyirlər,
Unudulmuş oxucu,
Əgər Yer kürəsində, bizim planetdə ərazilər hər hansı bir ölkədə sərhəd mahiyyətini itirirsə, dinlərin də insanlığın mədəniyyət hesabından geri çəkilmədən «sakitləşməyəcəyi» göz qabağındadır. Heç bir səmavi kitab, heç bir haqq dini hansısa xalqın, millətin, ümmətin metafizik azğınlığına yem olmayacaq. Aha, artıq bütün dəyərlərdən yoğrulmuş insanlıq mədəniyyəti öz varlığını dünya üzərindən çəkməklə, əzəldəki insan və insanlıq adlı qeybə çəkilmiş (bəlkə də, metavörs: X.T.) layihəsinin yoxluğa sürüklənməsinə ilk töhfəsini vermək naminə hərəkətliliyini sürdürür.
Ərazi yox, inanc yox, mədəniyyət yox, dövlət yox. Bəs nə var? Sonsuz insan kütləsinin zombiləşmiş şüurunda bərqərar olan köləlik eyforiyasının susmayan melodiyası artıq kimliyimizin məbədinin qapısını sonsuz həyəcanla döyməklə məşğuldur.
Xanəmir Telmanoğlu





























































