Dövlət Bayrağımız milli həmrəyliyin və azərbaycançılıq ideologiyasının təməl dayağıdır!

Hit: 176
Dövlət Bayrağımız milli həmrəyliyin və azərbaycançılıq ideologiyasının təməl dayağıdır!
Dövlət Bayrağı hər bir xalqın özünəməxsusluğunu, tarixi mənsubiyyətini və müstəqil yaşamaq əzmini nümayiş etdirən mühüm dövlət atributudur. Azərbaycan xalqı üçün üçrəngli bayraq milli birliyin, vətənə bağlılığın və ümummilli maraqlar ətrafında həmrəyliyin xüsusi ifadə vasitəsidir. Onun hər bir rəngi və üzərindəki rəmzlər xalqımızın tarixi inkişaf yolunu, mənəvi dəyərlərini və gələcəyə baxışını özündə ehtiva edir. Mavi rəng türk dünyasına mənsubiyyətimizi, qırmızı rəng müasir inkişaf və tərəqqi ideyasını, yaşıl rəng isə milli-mənəvi dəyərlərimizi ifadə edir.
 
Bu prinsiplərin vahid dövlət rəmzində birləşməsi Azərbaycan cəmiyyətinin ideoloji bütövlüyünün mühüm göstəricisidir. Əli bəy Hüseynzadənin formalaşdırdığı türkçülük, müasirlik və islamçılıq düsturu milli istiqlal düşüncəmizin ideoloji əsaslarının müəyyənləşməsində mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə qəbul edilən üçrəngli bayraq xalqımızın müstəqil dövlətçilik tarixində yeni siyasi və mənəvi mərhələnin əsasını qoydu. Sovet hakimiyyəti dövründə bu rəmmin rəsmi istifadədən kənarda qalması onun milli şüurda yaşamasına mane ola bilmədi. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağın qaldırılması istiqamətində atdığı addım milli özünüdərk prosesinə güclü təkan verdi.
 
Bu təşəbbüs Azərbaycan xalqının dövlət müstəqilliyinə qayıdış iradəsinin siyasi ifadəsi idi. Sonrakı mərhələdə bayrağın respublika səviyyəsində yenidən dövlət atributu kimi təsdiqlənməsi milli dövlətçilik ənənələrinin bərpasını sürətləndirdi. Müstəqilliyin bərpasından sonra üçrəngli bayraq bütün Azərbaycan vətəndaşlarını vahid dövlət və vətən anlayışı ətrafında birləşdirən əsas rəmmlərdən birinə çevrildi. Müasir dövrdə milli həmrəyliyin qorunması Azərbaycanın davamlı inkişafı və dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət Bayrağı siyasi baxışlarından, sosial vəziyyətindən və yaşadığı məkandan asılı olmayaraq bütün vətəndaşlarımızın ortaq milli dəyəridir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların üçrəngli bayrağımız ətrafında birləşməsi diaspor həmrəyliyinin və milli kimliyin qorunmasının mühüm göstəricisidir. Beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanan Azərbaycan bayrağı dövlətimizin dünya birliyindəki yerini və beynəlxalq nüfuzunu təcəssüm etdirir.
 
Bayrağa hörmət yalnız rəsmi mərasimlərdə göstərilən ehtiramla məhdudlaşmamalı, gündəlik vətəndaş məsuliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir. Xüsusilə gənc nəslin dövlət rəmzlərinin tarixi və ideoloji mahiyyətini dərindən mənimsəməsi milli birliyin gələcək təminatı hesab edilməlidir. Azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən biri də bütün vətəndaşları vahid dövlətçilik ideyası ətrafında birləşdirməkdir. Bu baxımdan üçrəngli bayrağımız həm milli keçmişimizin, həm də müstəqil Azərbaycanın gələcək inkişaf hədəflərinin dəyişməz simvoludur.
 
Bədirə Niftalıyeva
Neftçala rayonu
 






Redaktorun seçimi