Zəngəzurun xəritələrdən silinmiş bir kəndi

Hit: 117
Zəngəzurun xəritələrdən silinmiş bir kəndi
Ey dili qafil, fil, faili-məchul, fani-f...
 
Deyirlər...
Unudulmuş oxucu
 
Qədim Zəngəzur mahalının kəndlərindən birinin də adı Almalıq olub. Bizdən yaşlı nəsil danışanda deyərdilər ki, bu, Almalıqlı İsanın oğludur, bu da Almalıqlı Vəlinin nəvəsidir. Eləcə də, bizim Almalıq kəndinin yerində babalarımın evlərinin kalafalıqları qalırdı. Düzdür, yaşadığımız Fərcan kəndindən 5-6 km məsafədə olsa da, ora tez-tez gedib-gəlirdik.
Qədim kənd meşənin içində yerləşirdi. Sağ və sol cinahlarında, yenə meşənin qoynunda, Üçənis və Qaradağlı adlı erməni kəndləri vardı və indi də həmin kəndlərdə ermənilər yaşayırlar. Ancaq Almalıq kəndini, yanlış xatırlamıramsa, ermənilər sovet hakimiyyətinə qədər yandırıb məhv etmişdir. Daşnaqlar orada əməlli-başlı bir soyqırım törətmişdilər. Çünki bu kəndin camaatı gecə yorğun-arğın yatarkən ermənilər hücum edib, kimi qırmış, kimi aparmış, kəndi isə yerli-dibli yandırmışdılar.
Kəndin yerləşdiyi ərazi o qədər səfalı və möhtəşəm yer idi ki, orada dayanmaqdan, durmaqdan bezməzdin. Meşənin içində və yüksəklikdə yerləşən Almalıq kəndinin bir tərəfindən Dəli çay axırdı. Ön hissəsində ulu Hərtiz dağı bütün möhtəşəmliyi və əzəməti ilə adamı özünə çəkir, sanki bağrına basmaq istəyirdi. Kəndin üst tərəfində isə Novruzlar dağı vardı. Kəndin ayaq hissəsində əkin sahələri yerləşirdi ki, biz həmin əraziyə Şıxı yeri deyirdik.
 
Deyirlər...
Unudulmuş oxucu,
Almalıq kəndinə gedər, orada hərəmiz öz yerimizin-yurdumuzun otunu biçib gətirərdik. Almalığın otu mal-qara üçün ən uyğun, ən şirəli yem idi. Qəribəsi isə bu idi ki, kəndin yerində qızılgül kolları və min bir növ ot bir-birinə qarışmışdı. Kəndin içərisindəki meşədə nəhəng palıd, cökə, ulas ağacları ilə yanaşı, əzgil, zoğal, alma-armud, yemişən, qoz ağacları da bir-birinə qovuşaraq varlıqlarını sürdürürdülər.
Ermənilərin Üçənis kəndi ilə  bizim keçmiş Almalıq kəndi arasında nəhəng, qocaman ağaclarla bəzənmiş sıx meşəlik uzanırdı. Ən maraqlı yer isə bu meşədəki Qaranlıq dərə idi. Böyüklər adətən deyərdilər ki, buradan keçəndə qorxsan da, gərək dönüb arxana baxmayasan. Ardına dönmədən buradan keçmək lazımdır. Döndünsə, qorxacaqsan, bədəninin tükləri biz-biz duracaq. Buradakı meşə bu qədər dərin, qaranlıq və vahiməli idi.
Sovet dövrü, əslində, ermənilərin işinə yarayan bir sistem oldu. Ermənilər hələ də sovetin xiffətini çəkirlər. Deyilənə görə, sovet dönəmində xəritə çəkilərkən Almalıq kəndini də özlərinin qondarma ərazilərinə qatmışdılar.
Əlbəttə, o zamanlar biz uşaq yaşlarında idik. Sadəcə, bizdən böyük nəslin nümayəndələrindən ermənilərin Almalıq kəndini yandırması və kənd camaatını qırması barədə söhbətləri hərdən eşidərdik. Sağ qalanlar isə başlarını götürüb qaçaraq Qazax daşının altına sığınmışdılar. Bunu kəndin ən yaşlı kişilərindən biri olan Bəylər babadan eşitmişdim.
Qazax daşı Almalıq kəndindən xeyli aşağıda, Quzey yeri dediyimiz ərazinin qarşısında, Güney tərəfdə yerləşən, böyük, irəliyə doğru dimdik çıxıntısı olan iri bir sal daş idi. Həmin Güneyin yoxuşunda yerləşən bu daşın altına bir obanın, bir elin camaatı yığışa bilərmiş. Ermənilər Güneyin üstü ilə gəldiklərindən daşın altına sığınaraq canını qurtaran insanlarımızı görə bilməmişdilər.
 
Deyirlər...
Unudulmuş oxucu
Elə aşağıdakı ərazidə, Dəli çayın Quzeyə uzanan hissəsində, bir az da Aralığın beli deyilən nahiyəyə doğru Qazan gölü vardı. Böyüklər bu yerin bataqlığından və təhlükəli olmasından danışardılar.
Zatən, Güneyin ərazisi Fərcan kəndinin insanlarının qoz ağacları ilə dolu idi. Ən məşhur və böyük qoz ağaclarından biri də ata nənəmin atası Lətif babamın adını daşıyırdı: Lətifin cəvizi. Yalan olmasın, bu cəvizin budaqları o qədər qollu-budaqlı idi ki, bütövlükdə ağacın altında böyük bir kəndin camaatını toplasan belə, hamısı sığardı. Hər il bu bərəkətli ağacdan maşın-maşın qoz çırpar, qoz yığardıq.
Mən bu yazıda Almalıq kəndinin varlığından söhbət açmaqla yanaşı, onun tarixiliyindən daha çox, necə bir coğrafi əhəmiyyətə və gözəlliyə malik olduğunu vurğulamaq istəyirəm. Elədir, Almalıq kəndi artıq yer üzündə yoxdur və bu kənd haqqında da insanların yaddaşında elə bir dərin bilgi və təəssürat qalmayıb. Ancaq bu kəndin kalafalıqları, ev yerlərinin izləri-tozları nə qədər yox edilməyə çalışılsa da, hələ də durur, onları sezmək mümkündür.
Bu kənd qədim türk kəndi kimi tarixin yaddaşından silinib. O kənddə doğulub-böyümüş insanların heç biri hazırda həyatda deyil. Hətta 50-60 il əvvəl də danışsaydıq, yenə bu gün danışdığımız kimi, eyni kövrək ovqatla həmin kənddən söz açacaqdıq.
Mən istərdim ki, kəndin camaatı nə vaxtsa geriyə dönəcəksə, Fərcan kəndinə deyil, gedib Almalıq kəndində yaşasın. Əgər belə olsa, babalarımızın ruhunun bizi bağışlayacağına inanıram.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi