Fərqlər içində birliyin gələcəyi

Hit: 99
Fərqlər içində birliyin gələcəyi
Ey dili qafil, fil faili-məchul, fani f...
 
Deyərlər,
 
Unudulmuş oxucu,
 
Üç il əvvəl hər hansı bir ehtiyacdan belə bir yazı yazmışdım. Bu yazının aktuallığını nəzərə alaraq, yenidən çapa verməyi özümə borc bildim.
 
1. Bizə “uzaq və yaxın duruşuyla” şüuraltı təlqinimizə oturmuş Tanrının hidayətini də donduran İsraillə Fələstin arasındakı müharibənin ortalığı qarsıb-qovurması Azərbaycanla Türkiyə arasındakı nə vaxtsa tarixin arxetipinə gömüləcək fərqi açıq və net şəkildə ortaya çıxarmış oldu. Bu fərq nədir əcəba? Ümumi şəkildə ələ almalı olsaq, Türkiyə İsraili özünə dişə vurulmuş düşmən, Fələstini isə yaddaşında duyğular, mifik-metafizik xatirələr oyadan qardaş hesab edir. Hətta Fələstin uğrunda o biri dünyalarımızı qovuşduran savaşa qatılmağı belə göz önünə almışdır. Bilmək olmaz, bəlkə də irəliləyən zaman sürəcində Türkiyə ABŞ və İsrailə qarşı savaşa girməli olacaq. Bu gedişat öz ciddi aşamasına vardığında Türkiyə bütün ərəb ölkələrini, eləcə də İranı və tərəqqipərvər ölkələri öz yanında görmək istəyəcək.
 
2. Azərbaycanla Türkiyənin arasındakı toplumsal və cəmiyyət olaraq fərqi dilə gətirsək, hər kəs bilir ki, Türkiyə hələ də tarixi məsuliyyətini varlığında daşıyan Osmanlının varisidir. Bir imperiyadan günümüzə yadigar qalmışlığının öcünü almaqdan yorulmur sanki. Azərbaycan isə dünənə kimi rus imperiyasının caynaqları altında inləməkdə idi. Bunlar son 200-100 ildə fərqlərin oluşması üçün az şey söyləmir.
 
3. Türkiyə toplumu başından bəri ardıcıl şəkildə İslam dini ilə iç-içə (Cümhuriyyət dönəminin bəzi illərini çıxmaq şərti ilə- X.T.) bir yaşam, tarix, dil, mədəniyyət sərgiləmişdir. Azərbaycan isə son 100 ildə İslam dini ilə irtibatını əməlli-başlı kəsmişdir. Son 30 ildə yenidən tanışdığı İslam dininin bir çox ekolları, cərəyanları Azərbaycanı savaş meydanına çevirmişdir. Türkiyədə isə aşağı-yuxarı din anlayışı, bütün camaat və təriqətləri nəzərə alsaq, təkqütblü yöntəmə himayədarlıqdan ötə sahiblik edir. Türkiyədəki İslam (dabanları toplumun yaşam və şüurunda lövbər salmış) türk İslamıdır. Azərbaycandakı İslam Suriya, İran, Türkiyə, bir az da Azərbaycan İslamı olaraq şəkil almışdır.
 
4. Azərbaycan daha çox millət üzərindən xalq zehniyyətinə sahibsə, Türkiyədə çoxluq olaraq dini zehniyyət üzərindən xalqın təfəkkür və dünyagörüşünün yansıdığını müşahidə etmək çətin deyildir.
 
5. Azərbaycan beynəlmiləl mədəniyyətə açıq olduğu halda, Türkiyədəki xalqın mədəniyyətində içə dönüşümlülük, konservatizm də hökm sürməkdədir.
 
6. Türkiyə daha çox tarix və din üzərindən özünün bu gününü-sabahını qurur, Azərbaycan isə həm tarix, həm də coğrafiya baxımından özünü bərpa etmək prinsipləri üzərindən yapılanır, formalaşmağa başlayır.
 
7. Bir çox ayrıntılara baxmayaraq, bu gün bu iki qardaş ölkənin toplumları bir-birləri ilə eyni dili paylaşmaqdadır. Düzdür, bu dillərin mənsub olduğu təfəkkürlər “özünü”, mahiyyətini fərqli notlar üzərində büruzə verir. Ancaq hər iki dil lap alt qatda, dilin təfəkkür arxetipində eyni nöqtədən başlanğıcını aldığını net olaraq yansıdır.
 
8. Türkiyənin Yaxın Şərqdəki coğrafi mövqeyi və bəzi dövlətlərlə qonşuluğu, o dövlətlərin mənsub olduqları mədəniyyət sferasını dediklərimin üzərinə gəldiyində, istər-istəməz “fərq”li deyə biləcəyimiz mənzərə ilə üz-üzə qalırıq. Bütün bunlara baxmayaraq, qan, ruh, dil qardaşlığının bəzi nöqtələrdə eyniliyi bütün fərqləri silib bir kənara qoya bilir. Son Fələstin-İsrail qarşıdurmasında Azərbaycanla Türkiyənin ayrı-ayrı münasibətlər sərgiləməsi kimi bir görüntünü daha çox xalqların, cəmiyyətlərin ayağına yazmaq lazımdır.
 
9. Sizcə, bu qədər fərqlərin olmasına rəğmən, bu iki qardaş ölkə bir-birindən uzaqlaşsa, biri digərinə sırtını döndərə bilərmi? Məncə, nə olursa olsun, bizim birliyimizi heç bir gerçəkliyin, olayın gətirdiyi fərqliliklər poza bilməz. Çünki biz ayrı-ayrı toplum deyilik, həm də bir dövlət, bir xalq, bir millət, bir mədəniyyət, bir dilik. Bizim fərqli olduğumuz, tərs düşündüyümüz nöqtələri, məqamları yalnız son yüz illik təfəkkürümüzün mahiyyətində aramaq, görmək lazımdır. Gedişat göstərir ki, bu birlikdə “problem” kimi görünən “təfəkkür” kükrəyişimiz də getdikcə Türkiyənin sakral zonasındakı ölçülərə ayaq uyduracaqdır.
 
Əlbəttə, bu uyumluluğu istəyənlərdən daha çox istəməyənləri öz aramızda görmək çətin deyil və onların zamanın çətin sınaqlarında “uyumsuz tavırları, hərəkətləri” də anlayışla qarşılanmalıdır. Çünki gedəcəyimiz yerdə, yaxın gələcəyin lövbər salacağımız limanlarında onların birlik daxilindəki uyumsuzluqları da işə yarayacaqdır.
Xanəmir Telmanoğlu






Redaktorun seçimi