Bəşəriyyətin son müdafiə xətti

Hit: 195
Bəşəriyyətin son müdafiə xətti
Ey dili qafil, fil faili-məchul, fani f...
 
Deyərlər,
Azərbaycan xalqının ən vacib strategiyasına diqqətini yönəldən unudulmuş oxucu!
Bu dünyada günümüzə qədər intiqal edən anlayış və sistemlər bir də baxırsan ki, yerli-dibli, kökündən dəyişimə məruz qalır. Bir zamanlar aktual olan fəlsəfi cərəyanlar, ideologiyalar, adətlər bu gün gülüş doğurmaqla bərabər, bəlkə də bir az ikrah hissi yaradır. Bir zamanlar mənasız görünən, dəyəri sıfır zənn edilən elə düşüncə sistemləri və adətlər var ki, günümüzün zinətinə və bəzəyinə çevrilib, çevrilə bilir. Eləcə də bu dəyişim ölkələrin mədəniyyəti və siyasəti ilə yaxından bağlı olan bir gerçəklikdir. Hər ölkənin dövlət ağlı vətəndaşına xidmət modellərini fərqli prinsiplərlə tətbiq edir. Çünki dünya dəyişimə uğrayıb. Klassik üslublu iqtidar və müxalifət mövqeləri də günümüzdə bəsit, yersiz, artıq və ikrah doğuran, gerilik əlaməti olan məsələlərə bənzəyir.
Bu gün çağdaş dövlət dünənki dövlət fəlsəfəsi ilə fəaliyyət göstərə bilməz. O, vətəndaşının bu günündən çox gələcəyini əhatə edən layihələrlə nəfəs almağı hədəfləmiş, birbaşa icraçılıq qərarlarını ümdə vəzifə bilmiş bir sistemdir. Dövlət bu gündən daha çox sabahın vətəndaşının qayğısına qalmaq üçün iti və zəkalı ağıllara, beyin mərkəzlərinə, onların təqdim edəcəyi aktual fəaliyyət istiqamətlərinə çevriləcək problemlərə birbaşa dəstək verən, yön göstərən, cəsarət verən fəaliyyət mexanizmi ilə varlığını hiss etdirməlidir.
 
Deyərlər,
Azərbaycan dövlətinin ən vacib strategiyasına diqqətini yönəldən unudulmuş oxucu!
Üçüncü Dünya müharibəsi qapımızın astanasındadır. Hər an şərin ağılalmaz, müzakirəyə meydan verməyən hiyləsinin insanlığın, insan mədəniyyətinin izinə, tozuna son verəcəyinə heç kimin zəmanəti yoxdur. Ona görə də bu məqamda dövlət, dövlət ağlı və dövlət gücü öz həssaslığını işə salaraq, ən azı, məsuliyyət daşıdığı coğrafiyada yaşayan insanların gələcəyini qorumaq üçün xalq səfərbərliyi ilə addımlar atmağı özünə amal etməlidir.
Məlum məsələdir ki, ağıllı dövlətlər İkinci Dünya müharibəsindən sonra öz ərazilərində yeraltı sığınacaqların inşası layihələrini həyata keçirməyə başlayıblar. Hər il ABŞ, Rusiya, Fransa, İngiltərə, İsrail kimi dövlətlər bu yeraltı layihələrə dövlət büdcəsindən planlaşdırılmış, bütün incəlikləri əhatə edən strateji yanaşma ilə maliyyə ayırmağı unutmurlar. Bu dövlətlər illərdir, xüsusilə İkinci Dünya müharibəsindən sonra, ələlxüsus ABŞ-nin Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atom bombası atmasından, bəziləri isə Çernobıl fəlakətindən sonra bu layihələri yeraltı şəhərsalma ideyasına çevirmək üçün təcili hərəkətə keçiblər.
Bir sözlə, millətinin, xalqının gələcəyini düşünən dövlətlər və iqtidarlar insanlığın davam etməsinə, insanlığın öz varlığını sürdürməsinə xidmət edən layihələrə büdcədən ayrılan vəsaitin ən böyük hissəsini yönəltməkdə tərəddüd etməzlər, etməməlidirlər də. Çünki məsələ yaxşı və ya pis yaşamaqdan, sosial imkanların zəif və ya güclü, yüksək və ya aşağı olmasından, cəmiyyətlərin bugünkü rifah halından getmir. Söhbət İblisin təkgütblü bir dünya sistemi yaratmaq cəhdindən də ötədə, insan nəslinin yox edilməsindən, yaxud fərqli bir insan növünün meydana çıxması ilə mövcud insanlığın dəyişdirilməsinin gətirəcəyi fəsaddan, doğuracağı dəhşət və fəlakətdən gedir.
 
Deyərlər,
Azərbaycan Respublikasının ən vacib strategiyasına diqqətini yönəldən unudulmuş oxucu!
Düşünürəm ki, hər ölkənin daxilindəki iqtidar-müxalifət qarşıdurmalarından, hakimiyyətə kimlərinsə, hansısa partiyaların gəlib-gəlməməsindən daha böyük bir qovğa, bir zülm, bir təhlükə bizi, insanlığı gözləməkdədir. Atom və nüvə fəlakətinin insanlığı ağılalmaz bir vəziyyətlə üz-üzə qoyacağına kimsənin şübhəsi yoxdur.
Bu fəlakətin miqyası, alimlərin hesablamalarına görə, atom silahları işə düşdüyü təqdirdə, insanlığın tamamilə məhv olması ilə nəticələnə bilər.Əgər belə bir vəhşət, Adəm oğlunun nəslinin davamının sona çatdırılması layihəsi gerçəkləşə bilərsə, bunun qarşısını almaq üçün ərdəmli, təşəbbüskar, həssas və ağıl sahibi dövlətlər öz xalqının, insanının taleyinə biganə qala bilməzlər. Dövlət büdcəsindən önəmli saydıqları məsələlərə ayırdıqları vəsaitin əsas hissəsini yeraltı yaşayış məskənlərinin salınmasına, inşa edilməsinə yönəltməlidirlər. Bu işə bütün xalq da cəlb olunmalıdır.
 
Qardaş Türkiyə dövləti də, nəhayət, bu fəlakətə qarşı öz hazırlıq işlərini davam etdirir. Niyə də dünya supergücləri üçün keçid yeri, strateji nöqtə sayılan Azərbaycan ərazisi öz dövlətinin strateji planı çərçivəsində yeraltı şəhərlərə, yaşayış məskənlərinə sahib olmasın? Məncə, belə bir təşəbbüsümüz və fəaliyyətimiz yoxdursa, inanıram ki, tezliklə dövlətimizin ağlı, diqqəti, hesablamaları və səyi sayəsində bu cür önəmli ideyanı, planı, layihəni, strategiyanı həyata keçirməkdə gecikməyəcəyik.
Hər kəs bilir ki, bu gün belə yeraltı yaşayış, barınma və sığınma məskənlərinin salınması biz Azərbaycan xalqı üçün neftdən, Qarabağdan, Bütöv Azərbaycandan da önəmli və vazkeçilməz bir hazırlıq, ərdəm və həssaslıq nümunəsidir. Üstəlik, bu, varlığımızı dərk etməyimizin, öz varlığımıza sayğı və hörmətimizin ifadəsidir.
 
Deyərlər,
Azərbaycan varlığının ən vacib strategiyasına diqqətini yönəldən unudulmuş oxucu!
Alimlər belə hesab edirlər ki, 
Üçüncü Dünya müharibəsi zamanı nüvə və atom silahları şəhərləri saniyələr ərzində məhv edər, milyonlarla insanın ölümünə səbəb olar, infrastrukturu çökdürər, qlobal soyuma və aclıq yaradar. Lakin bakteriyalar, dərin okean canlıları və həşəratların sağ qalması ehtimalı da var.
Başqa xalqlar və ölkələr kimi, bizim də gələcəyə ümidlə baxmağa haqqımız var. Yaradılışdan bəri bu dünyanın boş qalmamasında, bu dünyada xeyirin şərlə savaşında, böyük mədəniyyətlərin yaradılmasında bizim millətin, xalqın da az rolu olmayıb. Bəşəriyyətə və dünyaya bu qədər fayda bəxş etmiş xalqımız, millətimiz bu fəlakət qarşısında da, ilk növbədə, hazırlıqlı və həssas mövqeyini ortaya qoymalıdır. Öz zəkası ilə dövlətimizin qəbul edəcəyi strateji qərarı dəstəkləməklə, birbaşa gələcəyin qurulmasının, sağqalmağın, ümidin, ölməzliyin və mədəniyyətin yaşadılmasının, buradan da Allahın varlığının təsdiqinin yanında olacağından əminəm.
Xanəmir Telmanoğlu






Redaktorun seçimi