İnsanlığın şeytanla yeni əhdi

Hit: 201
İnsanlığın şeytanla yeni əhdi
Ey dili qafil, fil faili-məchul, fani f...
 
Derlər,
 
İllərdir yuxularında gördüyü vaqeələrin qorxu-hürküsünü içinin xaçından alıb hilalına yüksəltməkdəki acizliyi qarşısında tərki-dünyalığından məğrurluq duyan huyu sayəsində cəng meydanına atılıb «mən də varmışam» eyhamını vurmaqdan çəkinməyən, Unudulmuş oxucu,
Yaxın günlərdəki yazımızda Kainatın Sonsuz Memarının nüsxəsi (surəti) olmayanları fərqləndirdiyi, onlara fərqli bir status verdiyi və özəl məsuliyyətə cəlb etdiyi, edəcəyi haqqında fikirlərimizi bəyan etdik.
Çağdaş elm elə bir irəliləyiş əldə etdi ki, artıq min il öncəki bir insanın (gələcəkdəki qınağından çıxmağı bacarmış) dırnaq və saçının DNT-sindən (əcəlini yenə biləcəyindən) onu yenidən var edə biləcəyini irəli sürməklə yanaşı, bəzi iddialara görə, bu yöndə «konkret» addım da atmışdır. Bu insanların digər özəlliyi həm də idarə olunmalarıdır. Yəni azad deyil, hürr deyil, özgür deyil, mütləq kölə platforması üçün keçərli olan hərəkət və əxlaq bağlantılı otoritə hakimliyində «var olmaq»dan söhbət getdiyi unudulmamalıdır.
 
Uca Yaradıcının xəlq elədikləri arasında insanın müstəsna yer alması onun, nüsxələnməmə kimi kateqoriyadan oluşan ilahi mexanizmdən uzaqlığı, yaxud kənar tutulmasıdır. Yəni Allah insanı nüsxələmir, nüsxələnməyə tabe tutmur. İnsan nüsxələnməyən, ikinci bir surəti olmayan varlıqdır.
Günümüzdə isə elm-texnologiya elə bir aşama qət etdi ki, bu gedişatla insan özü öz kimliyini, ilahi varlıq düzənini dağıtmalı olur. Bir zamanlar heyvanları nüsxələyərək onlara ilahi surətinin çıxarılması üsulunu tətbiq edən Allah, ilahi nüsxələnməyə izn vermədiyi insanını indi öz öhdəsinə buraxmaqla onu öz sistemindən çıxarmalı olur. Necə?
 
Derlər,
Yüz illərdir varlığı soğan kimi soyularaq hüznünü susdurduqca səbrə bağır basıb, insanlığın mənəvi iqtidarından miras olaraq tarım çəkilmiş köləliyi ilə kimlik qazancından əziyyət çəkən, ancaq ruhunu şeytana satmaqla olub-qalan çiləsinin üzərini ört-basdır edərək bu ucalıqdan məhrumluğun korluğunu çəkməkdən yorulmayan, Unudulmuş oxucu,
Bəlkə, insan artıq Allahın öz kontrolundan çıxarıldı. İnsan Yaradıcı Gücün nəzarət rəddinə tuş gəldimi? Bəlkə, insan öz şüurunun daşqınlığı, coşqunluğu hesabına, öz manevrləri bahasına öz azadlığını əldə etdi. Sizcə, surəti, nüsxəsi olmayan insan ona bəxş edilmiş bu ilahi qaydanı sevmirdimi? Bəlkə, Allahın insana tətbiq elədiyi metafizik özəllik onun ürəyincə deyildi? Onun ürəyincə olmadığına görə öz sferasından çıxıb başqa bir orbitə daxil olmaq instinktinə özünü qurban verməli olduğundan xəbərsizikmi? Bəlkə, dediyim kimi, insan ona biçilmiş qaydanı, sistemi, özəlliyi qazıyıb varlıq yapısından ataraq heyvan və digər canlılar kimi özünü çoxaltmağa, nüsxələnmə manufakturasına uyğunlaşdırmaqda bu bazada həm peşəkar olmaq, həm də içinin fitrət təyinatlı əbədi yanğınlarını bu yolla söndürmək niyyətindədir?
Elə olduğu təqdirdə, insan heyvan və digər canlıların yerini tutmağa, yerini dar etməyə, yerində oyun çıxarmağa çalışmırmı? O zaman heyvan və digər nüsxələnmə özəlliyinə malik, göylərdə uçuşan (canlı) varlıqlar,  insanın yerini dar etməyə can atmazmı? 
Bəlkə, təkamül nəzəriyyəsi elə bu qarşıdurmada və bu müstəvidə özünü yenidən doğruldacaq, ya da özünün yeni və hələlik anlamağa çalışdığımız növbəti bir sürəcinə daxil olacaq. Bəs bu dediklərim doğrultusunda Yer kürəsində bir qayda, prosedur başlansa (tətbiq edilsə), insanın yeri, görəsən, gerçəklik hökmü ilə heyvanın sırası, yeri olacaqmı? Yoxsa heyvan və digər varlıqların özəlliyinə can atan insan tamamilə fərqli bir kimlik, fərqli bir varlığın ağlımızı pozan, ağlımızı əyən, ağlımızı dağıdan görkəmini, qabiliyyətini intəhasız, sonsuz gücüylə qazanmış olacaq?
 
Derlər,
Ey fikri-zikri meymunların insanlar təki pulları hesablayaraq xərcləməyə başlamasında, sonra isə pul müqabilində özlərini başqa meymunlara satmağında qalan və o meymunların heç vaxt sizləri xatırlamayacağından xəbəri olmayan, Misk(g)in oxucu,
Bitki–heyvan–insan sıralanmasının (üçbucağının) gedişatı ilə (bir ucunda) mələklərin varlığı şüursal alanımızda yer almışdır. Surətinin çıxarılması və nüsxələnmə dairəsinə daxil olacaq insan (DNT-si dəyişdirilən, min il öncəki insanları təkrar diriltmək :-x.t.), görünən odur ki, bu yolla və üsulla heyvan, bitki dünyasını seçir, qəbul edir, ancaq mələk olma statusuna sahiblənmək üstünlüyünə nail olmaq istəmir. 
Bəs elm inkişaf etdiyində və əlinə ilk fürsət düşdüyündə nəyə görə Hz. Məhəmmədi, Hz. İsanı, Hz. Musanı- peyğəmbərləri deyil, Fironu, fironları diriltmək kəhanətini niyyətinə çevirir?
Nədən belədir və nəyə görə insan bu gün belə bir addım atır? Nəyə görə elm yolu ilə məhz Fironun dirildilməsi propaqandası gündəmi alt-üst edir?
Nəyə görə ilk robot insan yaradılarkən Adəm deyil, Həvva nəzərə alınaraq qadın cinsi ön plana itələndi? (Bu mövzuda növbəti bir yazıyla fikirlərimi bölüşəcəyəm :- X. T.)
Nədən fitrətə ayqırı bir gedişat təşkil etməli olduq? Yoxsa ilk insan robotun yaradılmasının cins ayrımında qadının seçilməsi, ola bilərmi ki, bəşəriyyətin təhtəlşüurunda zərif cinsin nümayəndəsinə, təmsilçisinə bir sayğı, bir sevgi, bir hörmət etiraf edildiyindən qaynaqlansın?
Axı Yaradıcı Güc nəzdində elə bir ironiya, elə bir jest, elə bir qanunauyğunluq (Tövrat, Zəbur, İncil, Quranda :- X. T.) görünməyib. Ümumiyyətlə, Allahın fitrət olaraq yaradılış prinsipi matriarxal deyil, patriarxaldır. Yaradan heç bir addımını kişi ekvivalentindən kənar salmayıb. Onun hər bir münasibətindən tutmuş işlərindəki sonsuz, zərrəbin cizgilərə qədər kişi xətti, kişi izi, erkək harmoniyası özünü büruzə verir.
Peyğəmbərlərin seçilməsindən tutmuş ilk insanın adının erkəklə hallandırılmasına kimi Uca Allah cəmiyyət və mədəniyyətin hər qatmanında erkək (kişi) kultu ilə hakimliyini və mütləqliyini, rəhman və rəhimliliyini, ədalət və əxlaq ehkamını mərkəzə çəkib, mərkəzçəkim nöqtəsində həll edib.
Ona görə də, yeni çağın ilk insan-robot addımının kişi deyil, qadınla başlaması əzəldə və əbəddəki ilahi qaydaların çeynənilməsinə vəsilə olaraq şərə yol açacağı şəksizdir. 
İnsan nə üçün varlığını elm yolu, vasitəsilə şərə verməli, şeytana satmalı, İblisə təslim etməliydi? Axı biz əzəldə (vaxt itirmədən məzlumluğumuzu anlayaraq və bundan sonsuza kimi mutlu olacağımızı özəl bir dillə ifadə edərək), (üstəlik, almaya qarşı həssaslığımızı, rəğbətimizi, susqunluğumuzu elə oradaca qazanaraq) Allahla belə anlaşmamışdıq?
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi