Millətin əxlaqı necə yaranır

Hit: 146
Millətin əxlaqı necə yaranır
Ey dili qafil, fil faili-məchul, fani f.....
 
Deyirlər,
Basdığını kəsməyən və unudulduqca sərmayəsini batıran oxucu, 
Mən bir millətin mədəniyyətini və əxlaqını onun sahib olduğu nə dövlətlə, nə ədəbiyyatla-incəsənətlə, nə tarixi-keçmişi-iqtisadiyyatı ilə, nə səhiyyəsi, təhsili, hərbi gücü ilə hesablamıram. Mənim üçün dünyada ən böyük dövlət və güclü mədəniyyətə sahib olan xalq zəngin arxivi ilə ölçülür. Mən ən maraqlı, zəngin, böyük və qədim arxivli ölkələrə, millətlərə qibtə ilə baxmışam həmişə. Bir zamanlar arxivlərlə bağlı maraqdan doğan bilgimə əsasən deyə bilərəm ki, 1612-ci ildə formalaşdırılmış Vatikan Apostol Arxivi ən zəngin və qədim dövrlərə aid sənədlərin saxlanması baxımından öndə gəldiyini bilirəm. Ən zəngin dövlət sənədləri kolleksiyalarından biri də 1790-cı ildə yaradılmış Fransa Milli Arxividir. Orta əsrlərdən dövrümüzə qədər çox böyük sənəd fondlarını əhatə edir. Ancaq qədim tarixi sənədləri saxlayan önəmli arxivlərdən biri də Moskvada yerləşən Rusiya Dövlət Qədim Aktlar Arxividir. Orta əsrlərdən başlayaraq Rusiya dövlətinin və əlaqəli ərazilərin tarixi sənədlərini saxlayır.
 
Deyirlər,
Unudulduca çarəsini sirləyən biçarə oxucu,
Xatırladım ki, Azərbaycan xalqına məxsus olan ən həssas və vacib əlyazmaların əksəriyyəti Vatikan və Drezden arxivlərindən, Leninqrad və Tiflis arxivlərindən əldə edilmişdir. Dünya miqyasında universal kolleksiyalar, Londondakı Britaniya Kitabxanası, qədim dini, fəlsəfi və elmi mətnlər, Vatikan Apostol Kitabxanası, İslam, türk, ərəb və fars elmi-ədəbi irsi ilə bağlı sənəd-əlyazmalar İstanbulda yerləşən Süleymaniyyə Əlyazmalar Kitabxanasında saxlanılır.
Mən xristianlara və digər dini mənsubiyyəti olan toplumlara məhz bu xüsusiyyətlərinə və təşəbbüslərinə görə həmişə dərin sayğı duymuşam. İnanın, elə götürək, hər kəsin bildiyi «Kitabi-Dədə Qorqud» eposu Vatikandan, Drezdendən tapılmasa idi, bu müqəddəs və möhtəşəm abidə bu gün də elm aləminə naməlum qalacaqdı. Mən bizim bu sarıdan təşəbbüsümüzə etibar etmirəm.
Təsəvvür edin ki, Cümhuriyyət dönəmində türkiyəli qardaşlarımız Osmanlı arxivini vaqonlara doldurub Bolqarıstana satmışlar. O dövrün bəzi mənbələri yazır ki, küçələrdə kağız-kuğuz əlindən tərpənmək olmurdu. Külək vurub kağızları hara gəldi aparırdı. Bu laqeydliyi necə anlayasan, necə başa düşəsən?
 
Deyirlər,
Arpayeyeənləri unutmuş aşyeyən oxucu,
Arxiv materialları keçmişin bizə qalan varidatı və tarixin bizə etibar elədiyi, güvəndiyi həssaslıqdır. Bu həssaslığa sahib çıxanlar ən böyük əxlaq və mədəniyyət daşıyıcılarıdır. Yunanıstanın yeddi müdrikindən bu günə çatdırılan xəzinə bizdə olsa idi, dünya bundan ya bixəbər olacaqdı, ya da onlar haqqında bilgini dünyaya rus, ingilis, yəhudi, fransız, alman çatdıracaqdı. Adını saydığım xalqların hansına məxsus ən maraqlı və qədim əlyazma, sənəd sənin arxivində saxlanılır? Ümumiyyətlə, sənin, mənim elə bir əhatəli, dərin və zəngin arxivimiz varmı? Bizim arxiv olub e, o da son əsrdə sovet sosialist təfəkkürünün “donosbazlıq” üzərindən yaratdığı arxivdir. Bu arxivlə çay keçmək, ağaca çıxmaq, günəşə baxmaq, ova getmək, qız sevmək, uşaq əkmək, quşların uçuşunu seyr etmək, küləyi yeldən seçmək, dəniz dalğalarının üzərindəki yakamozu ruhuna çəkmək günah və haramdır. Bəli, haramdır. Söhbət xalqın-millətin əxlaqından gedirsə, onun əxlaqı ən əski çağlardan özüylə və başqa toplumlarla bağlı nadir əlyazmaların, sənədlərin qurub yaratdığı arxivlərlə ehtiva edilir. Bunu qəbul edərsən də, etməzsən də.
Bir sadə sual həmişə məni düşündürüb və məni pəjmürdə edib: görəsən, bizə aid olan qədim əlyazmaları nəyə görə başqalarının arxivlərindən tapa bilirik, ancaq başqalarını boş ver, heç özümüzlə bağlı olan sənədləri niyə heç özümüzdən tapıb ortaya çıxara bilmirik? Bu sualdan doğan yanaşma bizim axı hansı özəlliyimizi, zəif nöqtəmizi bəlirləyir, nişan verir ki, biz hələ də o açıq və boş qalmış yerimizi qapatmaqda acizlik nümayiş etdiririk? Məgər biz də o Adəmdən, o Həvvadan yaranmışlardan deyilikmi? Bizim də tərkibimiz o başqaları dediklərimiz kimi palçıqdan-sudan deyilsə, bəs nədəndir?
 
Derlər,
Unudulsan özümdən gedərəm zənninə qaılan oxucu, 
Bilirəm, özümüzü müdafiə haqqımız var və bunu edərkən elə faktlar-arqumentlər gətirəcəksən ki, yenə gülməyim tutacaq.  Ay, imperiya nəzarətində, yadelli işğalında olmuşuq, savaş-müharibə mərkəzlərində baş qarışıb, can qurtarmaq önə keçib. Bu durum-ortam sənin müsibətin olub deyək ki, bəs o biri qardaşlarının durumu necədir, bilirsənmi ki, onların düşdüyü mədəni durum səninkindən ağırdır. Səbəb başqadır, dostum, lap başqadır. Onu isə hələlik demək istəmirəm.
Düzdü, adama deyərlər ki, yazı-pozyla, kağız kuğuzla əxlaqmı olur? Kimisi deyir, səni narahat edən hadisələr deyil, hadisələr haqqında düşüncələrindir. Kimisi də deyir, əxlaq yalnız fərdi məsələ deyil, cəmiyyətin yaratdığı və qoruduğu normalar sistemi də əxlaqın bir hissəsidir. 
Məhəmməd peyğəmbər isə : “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”, - deyir.
Mən bilirəm və anlayıram ki, insan əxlaqını itirəndə kölələşir, qula çevrilir. Bəşəriyyətinin ayaqlarının altı onu durub gözləyir. 
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi