Beynəlxalq hüquq və ikili standartlara qarşı Azərbaycanın prinsipial mövqeyi xüsusi diqqət çəkir - ŞƏRH

Hit: 272
Beynəlxalq hüquq və ikili standartlara qarşı Azərbaycanın prinsipial mövqeyi xüsusi diqqət çəkir - ŞƏRH
Beynəlxalq hüququn əsas məqsədi dövlətlər arasında münasibətləri hüquqi normalar əsasında tənzimləmək və sülhün qorunmasına şərait yaratmaqdır. Lakin ayrı-ayrı münaqişələrə münasibətdə fərqli yanaşmaların tətbiq edilməsi beynəlxalq hüququn nüfuzuna ciddi zərər vurur. Ölkə başçısı cənab İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı bu problemin beynəlxalq münasibətlər sistemində yaratdığı nəticələrə diqqət çəkir. Azərbaycanın mövqeyinə görə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi siyasi maraqlardan asılı olmayaraq eyni səviyyədə qorunmalıdır. Bu prinsipin selektiv şəkildə tətbiqi beynəlxalq ədalət anlayışını zəiflədir və münaqişələrin həllini çətinləşdirir. Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən etibarən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mürəkkəb siyasi və humanitar sınaqlarla üzləşmişdir. Cənab Prezidentin çıxışında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun müddət işğal altında qalması və çoxsaylı insanların doğma yurdlarından məcburi köçkün düşməsi məsələləri xüsusi vurğulanır.
 
Bu hadisələr regionda təhlükəsizlik mühitinə, insanların fundamental hüquqlarına və cəmiyyətin sosial həyatına ciddi təsir göstərmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb etsə də, onların uzun müddət icra edilməməsi beynəlxalq mexanizmlərin səmərəliliyi ilə bağlı suallar doğurmuşdur. Bu təcrübə beynəlxalq qərarların yalnız qəbul edilməsinin deyil, onların həyata keçirilməsinin də nə qədər vacib olduğunu göstərir. Dövlət başçısı çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətini də tənqid edərək münaqişənin həlli prosesində nəticəsizliyin yaratdığı problemləri diqqətə çatdırır. Uzun illər davam edən danışıqların konkret nəticə verməməsi işğal vəziyyətinin aradan qaldırılmasını gecikdirmişdir. Münaqişələrin həlli ilə məşğul olan beynəlxalq vasitəçilərin fəaliyyəti obyektivlik, qərəzsizlik və beynəlxalq hüquqa hörmət prinsiplərinə söykənməlidir. Əks halda, vasitəçilik prosesi tərəflər arasında etimadı artırmaq əvəzinə mövcud ziddiyyətlərin dərinləşməsinə səbəb ola bilər. Azərbaycan bu təcrübədən çıxış edərək beynəlxalq təşkilatların qərarlarının icrasına real təminat verilməsinin vacibliyini önə çəkir. İkili standartların aradan qaldırılması beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üçün mühüm şərtlərdən biridir. Əgər təcavüz və ərazi iddiaları bəzi hallarda pislənilir, digər hallarda isə lazımi reaksiyasız qalırsa, bu, beynəlxalq sistemdə təhlükəli presedentlər yaradır. Belə vəziyyətlər digər dövlətlərdə də hüquqi normaların siyasi maraqlara qurban verilə biləcəyi qənaətini gücləndirir. Azərbaycan beynəlxalq platformalarda bu yanaşmaya qarşı çıxaraq dövlətlərin hüquq və öhdəliklərinin bərabər əsaslarla qiymətləndirilməsini müdafiə edir.
Bu mövqe ölkəmizin xarici siyasətində beynəlxalq hüququn əhəmiyyətinə verilən önəmi əks etdirir. Nəticə etibarilə, AQEM-in 7-ci Zirvə Görüşündə səsləndirilən fikirlər beynəlxalq hüququn tətbiqində ardıcıllığın və ədalətin vacibliyini bir daha gündəmə gətirir. Beynəlxalq təşkilatların nüfuzu onların qəbul etdikləri qərarların yerinə yetirilməsinə nail olmaq imkanları ilə bilavasitə bağlıdır. Münaqişələrin qarşısının alınması üçün hüquqi mexanizmlər işlək olmalı və təcavüzkar davranışın cəzasız qalmasına imkan verilməməlidir. Azərbaycanın bu istiqamətdə nümayiş etdirdiyi prinsipial mövqe həm milli maraqların qorunmasına, həm də beynəlxalq münasibətlərdə hüquqi məsuliyyətin gücləndirilməsinə yönəlmişdir. Davamlı sülhün təmin olunması üçün beynəlxalq hüququn bütün dövlətlərə bərabər tətbiqi əsas şərtlərdən biri olaraq qalır.
 
Gülnaz Abadova
Neftçala rayonu
 






Redaktorun seçimi