Aramızı vuranlar bizi gücləndirir
Ey dili qafil fil faili məchul fani f...
Derlər,
Unudulmuş oxucu,
Yenə qardaş Türkiyə ilə aramızı açmağa, vurmağa çalışırlar. Qəribədir, bəzən görürsən ki, istəklərinə də nail olurlar. Ancaq dərindən düşündüyündə anlayırsan ki, zahirdə narazılıq kimi görünən bu mənzərə əslində deyir ki, iki qardaşın arasını vurmaq mümkün deyil. Necə deyərlər, it hürər, karvan keçər. Bizim qardaşlığımız hürən-hürüşən itlərin baxdıqları karvanın ardında qalan PEŞİMANÇILIQ ÇƏKƏN baxışlardan başqa bir şey deyil.
Zaman-zaman son illərdə iki qardaş ölkənin arasında yaradılan narazılığa, məncə, bir az da dərindən baxmaq lazımdır. Axı, kimdir bu düşmən rüzgarı əsdirən? Əsdirən kimdir və bu iyrənc, şeytani prinsipiallığından nədən əl çəkmir, çəkmirlər? Sizcə, durub-durduq yerdə sizin aranızda dərin uçurumlar yaradarlarmı?
Əslində isə məsələnin kökü belədir. Sovetlər Birliyi dağıldıqdan sonra dünya xəritəsində və coğrafiyasında yenidən yapılanma, yenidən dəyişimlər gerçəkləşdi. Milliyyətçilik-irqçilik, din, ideoloji, torpaq üzərindən savaşlar başladı, nə başladı. Dünyada sülhdən, dostluqdan daha ziyadə dövlətlər-ölkələr arasında qovğalar, siyasi-ideoloji çəkişmələr, bölgəsəl qarşıdurmalar baş alıb getdi. Ölkələr özlərinə yeni bir çəki-düzən vermək üçün hərəkətə keçdilər. Bütün fürsətlərdən anında istifadə etməyə başladılar. Siyasi-iqtisadi dividend qazancları xalqları qan içində boğdu. Bu yerdə hətta tarixdən qalma, gəlmə mübarizələr, düşmən axtarmaq instinkti də az rol oynamadı.
Ən böyük və üst güclər isə bütün insan və maddi resursları tək əldə toplamaq, dünyanı tək ritmlə, tək mərkəzdən yönəltmək uğrunda min bir oyuna girdilər. Olanlar isə kasıb, zəhmətkeş, zəif ölkələrə-xalqlara oldu.
Derlər,
Unudulmuş oxucu,
Elə bu yerdə, tarixin diktə elədiyi imkanlarla dünya türklərlə yenidən qarşılaşmalı, üz-üzə gəlməli oldu. Çünki bu dünyada “ədalət, haqq, məzlum yanında olmaq” kimi sloqanlar yalnız türklərin dilindən, nəfəsindən və coğrafiyalarından səslənilməyə başladı. Bu söz, sizə deyim ki, o qədər də neytral deyil, olduqca qorxunc söz, sözdən ötə silah idi və bu silah çoxlarını qorxuzmağa, təcili tədbirlər almağa vadar etdi. Bu gedişatda bizə, yəni türklərə, türkdilli və müsəlman xalqlarına az zərbələr dəymədi. Başda Türkiyə olmaqla, haqqında danışdığımız türkdilli dövlətlər dünyanın siyasi-tarixi gedişatını və ideoloji konyunkturanı dərk edərək, bir araya gəlməyin formulunu cızdılar. Üstəlik də müsəlman xalqlarına-dövlətlərinə uyğun aldıqları tavır, dik duruşları məsələni daha da qəlizləşdirdi. Birə yetən yerdə bütün dünyanı üstümüzə qaldırdılar.
Azərbaycanla Türkiyə arasında narazılıq yaratmaq isə bu planın ən ümdə bəndi kimi anlaşılmalıdır. Çünki Azərbaycanın yerləşdiyi geosiyasi məkan, malik olduğu strateji üstünlüklər, bölgədəki mövqeyi və duruşu, eləcə də Türkiyə ilə eyni köklərə dayanan milli-mədəni və milli-dini birliyi bu ölkələrin qarşılıqlı üstünlüklərini görməməyin, görüb də susmağın qətiyyən mümkün olmadığını göstərir.
Əsrlər boyu türk xalqlarını-qardaş ölkələri bir arada görməmək, birliyini nümayiş etdirmə prinsiplərini alt-üst etmək üçün bölgədə hegemon dövlətlərin apardığı siyasət də, deyim, bəhrəsini az verməmişdir. “Parçala və hökm sür” kimi şüarların bu bölgədə türk-müsəlman toplumların alın yazısı və qədər cizgisinə çevrildiyini unutmaq lazım deyil.
Derlər,
Unudulmuş oxucu,
İndi sən düşünürsən ki, qarşıda Azərbaycan-Türkiyə başda olmaqla, türkdilli və müsəlman toplumların bir araya gəlib TURAN ideologiyası-çətiri altında özünü yenidən dizayn etmə çapası kimlərinsə əlini-qolunu sallayıb sakit duracağına səbəb olacaqmı? Elə bilirsiniz, bu mənzərə-Turan mənzərəsi kimlərinsə xoşuna gəlir? Əksinə, qlobal güclərin gecələr yuxularını qaçırdığını guya bilmirsiniz? Turan ideoloji birlik strategiyası yeni dünya nizamında çox planları və ağlınıza gəlməyən şeytani xəyalları alt-üst edir. Ona görə də bu gün yaşadığımız bu qızıl əsrdə atdığımız hər cür addımları gül-çiçəklə qarşılayacaqlarını zənn etməyin. Əksinə, doğma qardaşlarımızla aramızdakı münasibətləri pozmaq, əlaqələrimizi zəiflətmək, bir-birimizə qarşı düşmənçilik ab-havası yaratmaq kimi niyyətləri anlamaq, dərk etmək və bu hərəkətlərə qarşı hazırlıqlı olmaq gərəkir.
Mən Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağlarını sarsıtmağa səy göstərən güclərin səylərini görürəm və bundan heç də ümidsiz deyiləm. Əksinə, daha da sevinir, daha da özümü mutlu hiss edirəm. Niyə? Çünki düşmənin şeytani oyunları üzə çıxdıqca, bizim qardaşlıq bağlarımız daha da bərkiyir, bu qurulan tələlərə qarşı daha da ayıq-sayıq olub əməli işə keçdiyimizi düşünürəm. Mən hər iki tərəfdə səsləndirilən hər cür sözü, fikri mənasından asılı olmayaraq, “bizi kimsə parçalaya, ayıra bilməz” kimi bir deviz olaraq anlayıram.
Xanəmir Telmanoğlu





































































