Orta Dəhliz: Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən yeni strateji məkan

Hit: 274
Orta Dəhliz: Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən yeni strateji məkan
“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə keçməsi təkcə siyasi dialoqun intensivləşməsi və iqtisadi əlaqələrin genişlənməsi ilə ölçülmür. Bu yaxınlaşmanın ən mühüm strateji dayaqlarından biri artıq nəqliyyat və logistika sahəsində formalaşır. Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə nəqliyyatı əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi vurğulaması təsadüfi deyildi. Çünki bu gün söhbət sadəcə yüklərin bir ölkədən digərinə daşınmasından deyil, Avrasiyanın nəqliyyat xəritəsinin yenidən formalaşmasından gedir. Bu prosesin mərkəzində isə Xəzər dənizi və Orta Dəhliz dayanır”.
 
Faktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
 
Deputat bildirib ki, uzun illər Xəzər Azərbaycanla Mərkəzi Asiya arasında təbii maneə kimi qəbul edilirdi. Bu gün isə o, iki sahili bir-birinə bağlayan nəqliyyat körpüsü funksiyasını getdikcə daha çox yerinə yetirir. Onun hər iki sahilində yaradılan liman, dəmir yolu, avtomobil yolu və logistika infrastrukturu vahid nəqliyyat sisteminin elementləri kimi fəaliyyət göstərməyə başlayır. Prezident İlham Əliyevin Xəzərin ölkələrimizin nəqliyyat əlaqələrində artan roluna diqqət çəkməsi də daha geniş geoiqtisadi transformasiyanı əks etdirir. 
 
Millət vəkilinin sözlərinə görə, Orta Dəhlizin üstünlüyü yalnız onun coğrafi baxımdan Asiya ilə Avropa arasında daha qısa marşrutlardan biri olmasında deyil: “Müasir şəraitdə etibarlılıq, təhlükəsizlik və marşrutların şaxələndirilməsi sürət qədər vacib amillərə çevrilib. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər alternativ nəqliyyat xətlərinin strateji əhəmiyyətini artırır. Belə bir şəraitdə Çin və Mərkəzi Asiyadan Xəzər üzərindən Azərbaycana, buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan xətt artıq alternativ variant deyil, Avrasiyanın əsas logistika arteriyalarından birinə çevrilmək potensialına malikdir. Rəqəmlər də bu tendensiyanı təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, ötən il Orta Dəhliz üzrə tranzit daşımalarının həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bu dinamika marşruta marağın artdığını göstərməklə yanaşı, qarşıya yeni vəzifələr də qoyur. Artıq əsas məsələ yük cəlb etməkdən daha çox artan yük axınını sürətli, koordinasiyalı və rəqabətədavamlı şəkildə idarə etməkdir”.
 
Deputatın fikrincə, Azərbaycan bu baxımdan sadəcə əlverişli coğrafi mövqeyə malik tranzit ölkə deyil. Son illərdə limanlara, dəmir yollarına, avtomobil magistrallarına, hava nəqliyyatına və gəmiqayırma potensialına yatırılan böyük sərmayələr coğrafi üstünlüyü real iqtisadi üstünlüyə çevirib. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzərdə artan nəqliyyat imkanları vahid strategiyanın ayrı-ayrı elementləridir. Lakin yeni mərhələdə fiziki infrastrukturun özü kifayət etmir. Gömrük prosedurlarının uyğunlaşdırılması, rəqəmsal sənəd dövriyyəsi, vahid tarif yanaşmalarının formalaşdırılması, sərhəd keçidlərinin sürətləndirilməsi və limanlar arasında koordinasiya Orta Dəhlizin gələcək rəqabət qabiliyyətini müəyyən edəcək. Prezident İlham Əliyevin “Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir” fikri də bu yanaşmanı ifadə edir.
“Burada “Rəqəmsal İpək Yolu” layihəsi xüsusi əhəmiyyət daşıyır. Xəzərin dibi ilə fiber-optik xətlərin yaradılması nəqliyyat əlaqələrinin artıq yalnız fiziki yüklərin daşınması ilə məhdudlaşmadığını göstərir. Bundan başqa, Türkmənistan və Qazaxıstan nefti Azərbaycan vasitəsilə beynəlxalq bazarlara nəql olunur və bu daşımaların həcmi artır, Qazaxıstan və Özbəkistanla isə Yaşıl enerji dəhlizinin yaradılması üzərində birgə iş aparılır. Eyni coğrafiya üzərindən nəqliyyat, enerji və rəqəmsal bağlantıların paralel formalaşması faktiki olaraq yeni regional kommunikasiya arxitekturası yaradır. Bunun strateji nəticəsi daha genişdir” – deyən Sevinc Fətəliyeva əlavə edib ki, Mərkəzi Asiya dövlətləri Azərbaycan vasitəsilə Qərb istiqamətində əlavə və etibarlı çıxış əldə edir, Azərbaycan isə Şərqlə Qərb arasında əsas körpü statusunu daha da möhkəmləndirir. Beləliklə, qarşılıqlı asılılıq artır, iqtisadi maraqlar bir-birinə daha sıx bağlanır və siyasi əməkdaşlıq üçün daha möhkəm maddi baza yaranır. 
“Bu mənada Orta Dəhliz sadəcə nəqliyyat layihəsi deyil. O, Azərbaycan və Mərkəzi Asiyanın vahid strateji məkan kimi formalaşmasının ən real mexanizmlərindən biridir. Bu gün Xəzərin iki sahilində qurulan yollar, limanlar və rəqəmsal xətlər əslində daha böyük bir prosesin infrastrukturunu yaradır: Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlər coğrafi yaxınlıqdan uzunmüddətli geoiqtisadi tərəfdaşlığa çevrilir” – deyə, deputat vurğulayıb.






Redaktorun seçimi