Orta Dəhliz – Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən strateji körpü

Hit: 332
Orta Dəhliz – Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən strateji körpü
Nəqliyyat əməkdaşlığı Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir.
 
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirak edən Ölkə başçısı cənab İlham Əliyev çıxışında Xəzər dənizinin bu əməkdaşlıqda mühüm rol oynadığına xüsusi diqqət çəkdi. Bu gün Xəzər dənizi iki coğrafi məkanı birləşdirən təbii və strateji nəqliyyat məkanı kimi çıxış edir. Mərkəzi Asiyanın Azərbaycan və daha sonra beynəlxalq bazarlarla əlaqələndirilməsi regionun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan son illərdə nəqliyyat infrastrukturunun inkişafına böyük investisiyalar yönəldib. Dəniz limanlarının, aeroportların, dəmir yollarının və avtomobil yollarının inkişaf etdirilməsi ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
 
Bu infrastruktur layihələri Azərbaycanın regional logistika sistemində rolunu gücləndirir. Xəzər vasitəsilə yükdaşımaların həcminin artması mövcud marşrutlara tələbatın yüksəldiyini göstərir. Lakin regional nəqliyyat sisteminin səmərəli fəaliyyəti yalnız infrastrukturun mövcudluğu ilə məhdudlaşmır. Marşrutların sürətli, təhlükəsiz, rəqabətədavamlı və iqtisadi baxımdan əlverişli olması da mühüm şərtdir. Möhtərəm Prezident  çıxışında məhz bu məqsədə nail olmağın vacibliyini xüsusi vurğuladı. Orta Dəhliz bu baxımdan xüsusi strateji əhəmiyyət kəsb edir. Bu marşrut Azərbaycanı Mərkəzi Asiya və daha geniş beynəlxalq bazarlarla birləşdirən mühüm nəqliyyat xəttidir. Orta Dəhliz üzrə tranzit yükdaşımaların artması marşrutun beynəlxalq əhəmiyyətinin yüksəldiyini göstərir. Yükdaşımaların artım dinamikası region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Azərbaycanın coğrafi mövqeyi bu prosesdə ölkəmizə mühüm üstünlüklər verir. Azərbaycan həm Xəzər dənizinin qərb sahilində, həm də mühüm quru və dəmir yolu magistrallarının kəsişməsində yerləşir.
 
Bu mövqe ölkənin tranzit və logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır. Nəqliyyat əlaqələrinin inkişafı ticarətin genişlənməsinə də birbaşa təsir göstərir. Yüklərin daha sürətli və təhlükəsiz daşınması iqtisadi münasibətlərin genişlənməsinə stimul verir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi “Rəqəmsal İpək Yolu” layihəsi də bu prosesin texnoloji istiqamətini tamamlayır. Xəzərin dibi ilə fiber-optik xətlərin inkişaf etdirilməsi regionun rəqəmsal əlaqələrinin güclənməsinə xidmət edə bilər. Beləliklə, müasir nəqliyyat dəhlizləri yalnız fiziki yükdaşımaları deyil, informasiya və rəqəmsal bağlantıları da əhatə edir. Azərbaycan bu prosesdə həm nəqliyyat, həm də kommunikasiya imkanlarını birləşdirən mühüm mərkəz kimi çıxış edir. Orta Dəhlizin inkişafı Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi qarşılıqlı asılılığı daha da gücləndirə bilər. Bu əməkdaşlıq eyni zamanda regionun dünya iqtisadiyyatına inteqrasiyasına yeni imkanlar açır. Nəticədə nəqliyyat sahəsində tərəfdaşlıq Azərbaycan və Mərkəzi Asiya ölkələrinin uzunmüddətli strateji maraqlarına cavab verən mühüm istiqamət kimi formalaşır.
 
Fətulla Rzayev
Neftçala rayonu
 






Redaktorun seçimi