Zəfərdən inkişaf mərhələsinə: - Azərbaycan mediasının qarşısında yeni çağırışlar

Hit: 602
Zəfərdən inkişaf mərhələsinə: - Azərbaycan mediasının qarşısında yeni çağırışlar
Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ölkə başçısı İlham Əliyevə məktub ünvanlayıb.
 
Məktubda deyilir:
 
Möhtərəm cənab Prezident!
 
Zati-alinizin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı dərin məzmunu və konseptual mahiyyəti ilə yadda qalan çıxışı müstəqil dövlətçilik tariximizin bütün mərhələlərini əhatəli şəkildə təhlil etməklə yanaşı, gələcək inkişaf istiqamətlərimizin müdrik uzaqgörənliklə müəyyənləşdirilməsi, ölkəmizin əsas hədəf və məqsədlərinə çatmaq üçün potensial risklərin düzgün və strateji çevikliklə qiymətləndirilməsi və aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.
 
Vurğuladığınız kimi, xalqımızın böyük arzusu və israrlı tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin uğurla davam etdirilməsi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını reallığa çevirmiş, tarixi Zəfərimizin qazanılması hər bir azərbaycanlının təfəkküründə Azərbaycançılıq ideologiyasının əbədiyaşarlığını təmin etmişdir.
 
Tarixi çıxışınızda yer alan ictimai əhəmiyyətli və gələcəyə hesablanmış mesajlarınız ölkəmizdə genişmiqyaslı quruculuq prosesinin, müdrik siyasətiniz ətrafında formalaşan xalq həmrəyliyinin təmin etdiyi sabitlik və tərəqqinin, eyni zamanda ölkəmizin haqq səsinin yerli və beynəlxalq auditoriyaya düzgün və obyektiv çatdırılmasında mühüm rol oynayan medianın qarşısında yeni vəzifələr müəyyən etmişdir.
 
Vətən müharibəsi zamanı ölkəmiz ətrafında yaradılmasına cəhd göstərilən informasiya vakuumunun aradan qaldırılması, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə yüksək peşəkarlıq və müstəsna çevikliklə çatdırılması istiqamətində Zati-alinizin nümayiş etdirdiyi misilsiz fəaliyyətdən ruhlanan Azərbaycan mediası hər zaman olduğu kimi, bu gün də çağırışınıza uyğun olaraq şərəfli missiyasını daha böyük məsuliyyətlə yerinə yetirməyə, ölkəmizin informasiya məkanını təbliğat və dezinformasiya cəhdləri ilə yanlış istiqamətə yönəltməyə çalışan dairələrə qarşı sayıqlığını daha da artırmağa və belə cəhdlərə layiqli, peşəkar və çevik cavab verməyə hazırdır.
 
Zati-alinizin qətiyyətli liderliyi və uzaqgörən idarəçiliyi ilə memarı olduğunuz inkişafın Azərbaycan modeli, ölkəmizin dinamik tərəqqisini əks etdirən uğurlu inkişaf nümunələri dünya azərbaycanlılarının dövlətimizin işıqlı gələcəyinə inamını daha da artırmaqla yanaşı, Azərbaycan mediasının fəaliyyətində mühüm yer tutmuşdur.
 
Möhtərəm cənab Prezident!
 
Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı tarixi çıxışınıza görə dərin təşəkkürümüzü bildirməklə yanaşı, Sizi əmin etmək istərdik ki, Azərbaycan mediası üzərinə düşən vəzifələri layiqincə və peşəkarcasına yerinə yetirmək, Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinə istinad edərək müəllifi olduğunuz sülh, sabitlik və tərəqqi prosesini yüksək səviyyədə işıqlandırmaq üçün daha da əzmlə çalışacaqdır.






Redaktorun seçimi